Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Aralıq dənizi pəhrizinin rəqibi tapıldı

  • 2024.04.05 23:30
  • 1345 Baxış
Aralıq dənizi pəhrizinin rəqibi tapıldı
Elm adamları Atlantik pəhrizinin Aralıq dənizi pəhrizinə nisbətən xolesterolu azaltmaqda daha təsirli olduğunu müəyyən ediblər.

Medicina.az “New York Post”a istinadən xəbər verir ki, Santiago de Compostela Universitetinin tədqiqatçıları 1 il ərzində İspaniyanın şimal-qərbindəki A Estrada kommunasında yaşayan 231 ailənin qidalanma vərdişlərini araşdırıblar.

Ümumilikdə 574 nəfərin qatıldığı araşdırmada 121 ailə Atlantik pəhrizinə əməl edərkən, 110 ailə gündəlik yemək vərdişlərinə davam edib.

“JAMA Network Open” elmi jurnalında dərc edilən araşdırmaya görə, iştirakçıların bel ətrafı piylənmə, trigliserid, yüksək sıxlıqlı lipoprotein (HDL) xolesterin, qan təzyiqi və aclıq şəkəri səviyyələri ölçülüb. Bunlar metabolik sindromun 5 əsas elementini təşkil edir ki, bu da ürək xəstəliyi və insult riskini, həmçinin 2-ci tip diabet riskini artırır.

Müayinələr göstərib ki, Atlantik pəhrizi "yüksək qan təzyiqi, yüksək trigliserid səviyyələri və ya yüksək qlükoza səviyyələrinə əhəmiyyətli təsir göstərmir, lakin bel çevrəsindəki piylənməni azaldır və və HDL xolesterol səviyyələrini yaxşılaşdırır.

HDL "yaxşı xolesterin" olaraq da tanınır, çünki o, damarlarda artıq lövhə meydana gəlməsinə səbəb olan xolesterolu bədəndən çıxarır.

Atlantik pəhrizinə çoxlu dəniz məhsulları, həmçinin tərəvəzlər, meyvələr, tam taxıllar, zeytun yağı, quru meyvələr, süd və pendir daxildir. Bundan əlavə, bu pəhrizdə ət və şərabın normada istehlakı da tövsiyə olunur.

Dietoloq Mişel Routenşteyn qida dəyəri yüksək olan məhsullara əsaslanan Atlantik pəhrizinin sağlam həyat üçün yaxşı bir alternativ olduğunu söyləyib.

Amerikalı kardioloq Çenq-Hen Çen də bunun uzun müddətdir araşdırılan əhəmiyyətli bir qidalanma tərzi olduğuna diqqət çəkərək, Aralıq dənizi pəhrizi kimi Atlantik pəhrizinin də müsbət nəticələr verdiyini ifadə edib. O, Atlantik pəhrizində qaynadılma və bişirilmə texnikalarına xüsusi əhəmiyyət verildiyinə diqqət çəkərək, bunun qidaların daha yaxşı həzmini təmin etdiyini vurğulayıb.

Qeyd edək ki, Atlantik pəhrizində Aralıq dənizi pəhrizi ilə müqayisədə xüsusilə təzə balıq və qabıqlı dəniz məhsullarına daha çox üstünlük verilir. Bundan əlavə, qırmızı ət, yumurta və süd məhsulları kimi yüksək zülallı qidaların istehlakı təşviq edilir.


Aysel