Azərbaycanda koronavirus təhlükəsi apteklərdə qoruyucu və dezinfeksiya vasitələrinin qiymətində bahalaşma və qıtlıq yaradıb.
Bu digər tərəfdən onkoloji, immun çatışmazlığı xəstəliyi, infeksion xəstəliklərdən əziyyət çəkən xəstələri, xüsusən leykozlu uşaqları ciddi təhlükə qarşısında qoyub.
Belə ki, hər gün qoruyucu tibbi maska, sprey spirt alan xəstələr və valideynlər bu gün çarəsiz qalıblar.
Medicina.az xəbər verir ki, leykemiyalı uşaqlara dəstək qrupu olan AYAN xeyriyyə qrupu bu barədə bəyənat yayaraq, dövlətdən təcili tədbirlər görməyi tələb edib.
“Bizi narahat edən əsas məsələ koronavirus deyil.
Bizi narahat edən infeksion və immun sistemi zəif olan pasiyentlərdir.
Əvvəl bu pasiyentlər 40-50 qəpik verib gündəlik qoruyucu vasitələrini alırdılar. İndi onlar gündə nə az nə çox 4-5 manat pul verməlidir ki qoruyucu vasitələri tapsınlar.
Ayan Xeyriyyə Qrupu olaraq son günlərdə aptekdə 10 qəpiyə satılan tibbi maskaların süni şəkildə 50-60 qəpiyə, balaca sprey spirtlərin 1,50-dən 3-5 manata qaldırılmasından, depolarda bu vasitələrə süni qıtlıq yaradılmasından narahatlığımızı bildirir və bununla bağlı müvafiq dövlət orqanlarının məsələyə müdaxilə etməsini tələb edirik.
Həmçinin dövlətdən onkoloji, imunnitet sisteminin zəifliyi, infeksion xəstəliklərdən əziyyət çəkən pasiyentlərin lazımi sayda zəruri tibbi qoruyucu vasitələrnən təmin edilməsini tələb edirik!
Əks halda onkoloji xəstələr arasında ölüm və əhali arasında infeksion xəstələrin artmasına səbəb olacaq”.