Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dərman qiymətləri-Apteklərdə eyni dərman niyə fərqli qiymətə satılır?

  • 2020.02.20 11:05
  • 5954 Baxış
Dərman qiymətləri-Apteklərdə eyni dərman niyə fərqli qiymətə satılır?
Dərmanların qiymətlərində fərqi kim yaradır?

Dərman qiymətləri niyə ölkəmizdə fərqlidir? “Həmişə uşağa Devit-3 (D vitamini) dərmanını məşhur apteklər şəbəkəsindən (AVİS) 8 manat 50 qəpiyə alırdım. Bu dəfə gedə bilmədim həmin aptekə, eyni dərmanı 3 manat 30 qəpiyə Xırdalanda yerləşən bir aptekdən aldım. Bilmək istəyirəm, eyni dərman bu qədər böyük fərqlə niyə satışda olmalıdır?!”

Medicina.az xəbər verir ki, bunu vətəndaş Anar Xocayev Ayna-ya müraciətində deyib. Biz də redaksiya olaraq bu suala və narazılığa cavab tapmağa çalışdıq.

Pediatr Vaqif Qarayev dərman qiymətlərindəki fərqə belə şərh verib:

“Ən əvvəl qeyd edim ki, ölkədə son illər daha çox həkimlər tərəfindən D vitamini müalicəsi tövsiyə olunur. Bir həkim kimi, öz Günəşi olan, qışda da günəşsiz qalmayan ölkə üçün insanlara davamlı D vitamini müalicəsinin yazılması və kütləvi D vitamini çatışmazlığının diaqnoz kimi ortaya çıxmasına şübhə ilə yanaşıram. İndi hamı D vitamini satır. Bu preparatın tərkibi eynidir. Amma əgər aptek qiymət fərqini bu qədər artırıb, “bizim dərman orijinaldır” deyirsə, onda bir daha ölkədə keyfiyyətsiz, saxta dərman olması faktı ortaya çıxır”.

“Əsas məsələ dərmanın dozalaşdırılmasıdır. Həkim kimi xəstələrimə bu tərkibdə dərmanın ucuzunu yazıram. İllər əvvəl dərmanların satış qiymətlərində lap özbaşnalıq vardı, bunu da apteklərin yerləşdiyi ərazi və obyektin kirayə haqqı ilə əlaqaləndirirdilər. Amma sonradan dövlət qurumu nəzarəti gücləndirdi, onda da bir qrup keyfiyyətli dərman satışdan yoxa çıxdı. İndi də bəzən xəstənin temperaturunu aşağı sala bilmirik. Bu da dərmanların keyfiyyətsizliyi ilə bağlıdır. Eyni dərmanın başqa yerdə böyük fərqlə satılması da bəzən bununla bağlı ola bilir. Azərbaycanın dərman istehsal etməməsi dərman bazarında problemləri artırır”, - mütəxəssis bildirib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Esmira Əkbərova isə sualı cavablandırarkən deyib ki, satışda olan dərman preparatlarının keyfiyyətinə və qiymətinə Mərkəz cavabdeh deyil: “Biz sadəcə olaraq dərmanların əks təsiri zamanı yaranan problemləri və səbəbləri araşdırırıq. Dərman qiymətləri və yaranan fərqlərlə bağlı sualları İqtisadiyyat Nazirliyi cavablandıra bilər”.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə sualımıza belə cavab verib:

“Apteklərdə eyni dərman preparatları arasındakı fərqin səbəbi həmin dərmanın hansı ölkədən gətirilməsi ilə bağlıdır. İstehsalçı ölkənin qiymətləri fərqlidir, eyni tərkib olsa belə, qiymətlərin fərqli olması normaldır. Alıcılar onlayın müraciəti yolu ilə Nazirliyin İstehlakçı hüquqlarının qorunması və inhisarçılıqla mübarizə komissiyasına şikayətlərini ünvanlaya bilərlər. Müraciətə daha ətraflı oradan cavab almaq mümkündür. Yaxşı olardı ki, müraciət zamanı konkret dərman barədə əldə olunan şikayət də əlavə olunsun ki, biz araşdırmanı doğru aparaq”.

Yuxarıda adı çəkilən AVİS apteklər şəbəkəsi ilə də əlaqə saxladıq. Oran bildirildi ki, konkret göstərilən dərman Türkiyədən gətirilir deyə, qiymət fərqi yaranır: “Dövlət reyestrində satışına icazəsi verilən bütün dərmanların qiyməti bizdə də başqa apteklərdəki qiymətə satılır. Kənardan alınan dərmanlara isə şirkət özü qiymət qoyur”.

P.S. Onda belə çıxır ki, alıcı bir dərmanı almaq üçün əvvəlcə şəhər apteklərinə tur etməli, daha sonra ən ucuz yerdən dərmanı almalıdır. Aldıqdan sonra isə keyfiyyəti barədə düşüncələrə qapılmalıdır.