Mart ayı ərzində aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi açıqlanıb.
Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, Bakı şəhəri üzrə - 10, digər rayonlar üzrə 2 aptek olmaqla 12 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.
"Müsadirə edilmiş qeydiyyatsız və sertifikatsız dərman vasitələrinin sayı 9 adda, 26 qutu təşkil edib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 451, 452.1, 452.3 maddələri üzrə 7 protokol tərtib edilib" - deyə qeyd olunub.
Qeyd edək ki, əczaçılıq müəssisələrində nəzarət yoxlamaları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cu il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq keçirilir.
Qanunvericiliyə uyğun olaraq plan üzrə (növbəti) və daxil olan şikayət, məlumat və müraciətlər əsasında plandankənar (növbədənkənar) yoxlamalar keçirilir. Əczaçılıq müəssisəsi yoxlanarkən “Dərman vasitələri haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunlarının və Səhiyyə Nazirliyinin Kollegiyasının “Əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 11 yanvar 2018-cı il tarixli, 01 nömrəli Qərarı ilə təsdiqlənmiş Əlavələrin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir.