Bəzi insanlar orqanizmlərində yaranan ağrı üçün həkim tövsiyəsi olmadan aptekdən hər hansısa araşdırmadıqları dərmanı almaqdan ehtiyat etmirlər. Əksinə, aptekdə əczaçı ilə məsləhətləşib bir dərman preparatı üzərində qərar qəbul edirlər.
Son zamanlar isə aptekdə işləyən əczaçıların tibbi bilik səviyyələri kifayət qədər mübahisəli məsələyə çevrilib.
Medicina.az-ın əməkdaşı aptekdə işləyən aczaçıların tibbi bilik səviyyələrini yoxlamaq üçün kiçik bir araşdırma edib. O, şəhərdə yerləşən apteklərdən birinə müraciət edib.
Əməkdaşımız satıcıdan göz üçün yorğunluğu aradan qaldıran, vitamin tərkibli damla istəyib. Əczaçı çox axtarış edirmiş kimi görsətsə də dərmanlardan bixəbər olduğunu aşkar edib. Daha sonra satıcı vəzifəsinin nə olduğunu bilmədiyimiz bir orta yaşlı şəxsə yaxınlaşaraq dərman preparatı ilə maraqlanıb. O isə ən yaxşı göz damlasının məhz Vigamox adlı damla olduğunu bildirib. Həmçinin bununla bağlı dərmanların çox olduğunu, ancaq bunun ən yaxşısı olduğunu iddia edib. 12.30 azn olan göz damcısını aldıqdan sonra satıcı verməsə də əməkdaşımız qəbzi tələb edib.
Daha sonra isə dərhal içindəki məlumat kitabçası ilə maraqlandıq və həkimlə məsləhətləşdik. Məlum oldu ki, "ən yaxşı” iddia edilən bu damlanın göz yorğunluğu ilə heç bir əlaqəsi yox imiş. Göz üçün antibiotik olan dərmanın sağlam gözlərə, sadəcə qidalandırılması üçün vurulmasına icazə yox imiş.
Bəs belə hallarla qarşılaşan vətəndaşlar nə etməli?
Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən tibb üzrə ekspert Adil Qeybulla dərman bazarında, aptek şəbəkələrindəki vəziyyətin heç də ürəkaçan olmadığını bildirib:
"Aptekdə bir əczaçı oturmalıdır. Dünyanın hər yerində belədir. O, dərmanlar haqqında ətraflı məlumata sahib olmalıdır. Orta təhsilli əczaçı da olur ki, o da satışla məşğul olur.
Azərbaycanda təəssüf ki, orta məktəbi bitirən, müxtəlif ixtisas sahibləri aptekdə işləyirlər ki, bu da yol verilməzdir. Səhiyyə Nazirliyinin təlimatına əsasən aptek əczaçının adına rəsmiləşməlidir. Əczaçılıq prosesinə həkim başçılıq etməlidir.
Hazırda kim nə istəsə alır. Reseptsiz dərmanlar buraxılır. Antibiotiklər reseptsiz satılır. Bunlar tamamilə yanlış addımdır.
Satıcılar özlərinə "səlahiyyət” götürüb alıcılara səhv və ya həmin dərmanların əvəzedicisini verirlər. Bəzi həkimlər də müəyyən apteklərlə birgə işlədikləri üçün həmin dərmanları da pasiyentlərə satırlar.
Azərbaycana gətirilən dərmanların idxalından satışına qədər olan hər prosesdə qüsurlar var”.
A.Qeybulla aptekdə işləyən şəxslərin xəstələrə hansısa dərmanı tövsiyə etmək, vermək kimi səlahiyyətlərinin də olmadığını vurğulayıb.
"Sizin araşdırdığınız məsələ məsuliyyət yaradan problemlərdəndir. Belə hallarla qarşılaşan insanlar Səhiyyə Nazirliyinə və polisə şikayət edə bilər. Əslində belə işlərlə Səhiyyə Nazirliyi məşğul olmalıdır. Bunlara da son qoymaq lazımdır”, - deyə Adil Qeybulla açıqlayıb.
Odur ki, əczaçının sözünə güvənərək öz sağlamlığınızı təhlükə altına atmayın.
Şəhanə Quliyeva