Hər il aprelin 11-də Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Parkinson Xəstəliyi ilə Mübarizə Günü qeyd edilir.
Həmin günün tarixi xəstəliyi təsvir edən ingilis alimi və tədqiqatçısı Ceyms Parkinsonun 1755-ci il aprelin 11-də doğum günü ilə əlaqədardır. XIX əsrin əvvəllərində alim onu “titrəyən iflic” adlandırıb.
Parkinson Xəstəliyi ilə Mübarizə Gününün keçirilməsi xəstəlik barədə ictimaiyyətin məlumatlılığını artırmaq, xəstələrə və onların ailələrinə dəstək olmaq, həmçinin onun nəticələrini aradan qaldırmaq məqsədi daşıyır.
Parkinson dayaq-hərəkət sistemin pozulması ilə xarakterizə olunan xəstəlikdir. Ona daha çox yaşlılar arasında rast gəlinir, lakin son illər bütün dünyada xəstəliyin əlamətləri ilə daha erkən - 40, hətta 35 yaşda da üzləşmək mümkündür.
Əllərin titrəməsi, hərəkətlərin ləngiməsi, sərbəstlikdən məhrumolma, ağrılar, hərəkət dinamikası və psixikanın pozulması xəstəliyin əsas əlamətləridir. Xəstəlik əlilliyə səbəb olur, lakin insanın şüuru pozulmur. Son illər planetdə qocaların say çoxluğu ilə əlaqədar olaraq Parkinson xəstəliyi əsl sosial problemə çevrilib. Onun öyrənilməsi sahəsində əldə edilən uğurlara baxmayaraq, təəssüf ki, tibb elmi onun müalicəsi üçün kifayət qədər səmərəli üsullara malik deyil. Əsas problem Parkinson xəstələrinin özlərinə qulluq edə bilməməsində və yaxınlarının, yaxud onlara qulluq edənlərin hazırlıqsızlığındadır. Bütün bunlar Parkinson xəstəliyini ictimai səhiyyənin vacib məsələlərindən birinə çevirir və ictimaiyyətin diqqətinin həmin xəstəliyə yönəldilməsi də elə bundan qaynaqlanır.
Xəstəliyin əsasını təşkil edən patoloji dəyişikliklər beyində inkişaf edir. Bu dəyişikliklər nəticəsində qara maddənin kompakt hissəsindəki dofaminergik neyronlar ya ölür, ya da zədələnir. Həmin hüceyrələr normada beyinə siqnalların ötürülməsini təmin edən “dofamin” adlı kimyəvi maddə hazırlayır.
Parkinson müalicə olunmayan xroniki xəstəliklərə aid edilir. Təəssüf ki, hələlik neyronların məhvinin qarşısını alan neyroprotektiv dərman vasitələri kəşf edilməyib. Lakin müasir dərmanlarla xəstəliyin simptomlarını idarə etmək mümkündür. Müasir preparatların istifadəsi sayəsində hətta Parkinson xəstəlikli pasiyentlərin ömrü ümumi populyasiyada olduğu kimidir. /aztibb.az/