Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Antibiotiklər bir çox infeksiyaya qarşı təsirli deyil - ARAŞDIRMA

  • 2024.04.16 21:10
  • 737 Baxış
Antibiotiklər bir çox infeksiyaya qarşı təsirli deyil -  ARAŞDIRMA
ABŞ-da aparılan yeni bir araşdırmaya görə, antibiotiklər aşağı tənəffüs yollarının əksər infeksiyalarına qarşı təsirli deyil.

Medicina.az xəbər verir ki, hətta infeksiya bakteriyalar tərəfindən törədilsə belə, antibiotik öskürəyin şiddətinə və ya müddətinə təsir göstərmir.

Georgetown Universitetinin və Viskonsin Universitetinin tədqiqatçıları ABŞ-da aşağı tənəffüs yollarının infeksiyaları üçün ilkin tibbi yardım və ya təcili yardım şöbələrinə müraciət edən insanlar üzərində araşdırma aparıblar.

Tədqiqatçılar, bakterial infeksiyaların müalicəsində istifadə edilən müvafiq antibiotiklərin təyin olunduğu bu xəstələrin 29 faizində antibiotiklərin öskürəyin şiddətinə və ya müddətinə təsir etmədiyini və bu mənada onlarla antibiotik təyin edilməyən xəstələr arasında heç bir fərq olmadığını müəyyən ediblər.

Bakterial infeksiya diaqnozu qoyulan insanlarda sağalma müddəti antibiotik qəbul edənlər və qəbul etməyənlər üçün eyni olub, yəni 17 gün.

Tədqiqatçılardan Den Merinstayn yuxarı tənəffüs yollarının infeksiyalarına soyuqdəymə, faringit, sinüzit və ya qulaq infeksiyalarının daxil olduğunu və bu hallarda antibiotiklərin yazılmalı olub-olmadığını müəyyən etmək üçün müəyyən proseduraların olduğunu bildirib. Digər tərəfdən, aşağı tənəffüs yolu infeksiyalarının daha təhlükəli olduğunu və bu xəstələrin 3-5 faizində pnevmoniyanın görüldüyünü ifadə edən Merinstayn ilkin səhiyyə şöbələrində rentgenə çıxışın asan olmadığını və həkimlərin bakterial infeksiya sübutu olmadan antibiotiklər təyin edə bildiklərini qeyd edib.

O, əsas simptomları yüngülləşdirən dərmanların və vaxtın əksər insanlarda infeksiyaları aradan qaldırdığını, antibiotikə ehtiyac olmadığını vurğulayıb.

Qeyd edilir ki, antibiotiklərin həddindən artıq istifadəsi başgicəllənmə, ürəkbulanma, ishal və səpgilərə, həmçinin anafilaksiya, Stivens-Conson sindromu, dəridə nadir pozğunluqlar kimi ciddi mənfi təsirlərə səbəb olur.

Araşdırmanın nəticələri “Journal of General Internal Medicine” jurnalında dərc olunub.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının aprelin 4-də dərc etdiyi açıqlamaya görə, antibiotiklərin həddindən artıq istifadəsi nəticəsində yaranan nəzarətsiz antimikrob müqavimətinin gözlənilən ömür müddətini qısaltması və görünməmiş səhiyyə xərclərinə, eləcə də iqtisadi itkilərə səbəb olacağı gözlənilir.


Aysel