Antibakterial təsirli dərmanlar orqanizmdə bakterial mənşəli infeksiyalar zamanı təyin olunur. Bu dərmanı yalnız həkim təyin etməlidir, özbaşına lazım oldu-olmadı aptekdən antibiotik alıb qəbul etmək olmaz. Çünki antibiotiklərin yan təsirləri çoxdur. İlk növbədə antibiotiklər həzm orqanları, bağırsaqlara mənfi təsir edir, qələvi-turşu mühitini orqanizmdə pozur, faydalı bakteriyaları da öldürür: ürəkbulanma, köp, diareya və s başlayır.
Antibiotiklə müalicə zamanı xəstə qidalanmasını dəyişməli, dərmanın təsirini azaldacaq ərzaqlar yeməməli, bağırsaqları qısa müddətdə bərpa edəcək menyu seçməlidir.
Medicina.az antibiotik qəbul edilən ərəfədə orqanizm üçün gücləndirici qidalanma qaydalarını təqdim edir.
Probiotik və prebiotiklər
Bunlar antibakterial terapiya zamanı çox həkimlərin təyin etdiyi vasitələrdir. Probiotik faydalı bağırsaq bakteriyalarıdır. Antibiotiklərdən sonra onları qəbul etdikdə həzm düzəlir, bağırsaq normallaşır, orqanizm tez özünə gəlir. Prebiotik isə bağırsaq mikroflorası üçün faydalı qidadır. Balansı bərpa edir. Prebiotik mənbəyi laktobakteriyalı yoqurtlar, xüsusi səhər yeməkləri, bəzi növ çörəklər, süd məhsulları ola bilir.
Düzdür, son elmi tədqiqatlar probiotiklərin faydasını şübhə altına alıb və artıq faydasız hesab edir, amma hələ ki, başqa çıxış yolu yoxdur. Yaxşı olar ki, antibiotik qəbulu bitdikdən sonra kefir, təmiz qatıq və yoqurt qəbulunu artırasız.
Fermentləşdirilmiş tərəvəzlər – şoraba
Onlar da faydalı bakteriyalar mənbəyidir. Duza qoyulmuş kələm, kvas, duzlu xiyar bu siyahıya aiddir. Eləcə də bir çox pendir növləri bu təsiri göstərir.
K vitamini ilə zəngin ərzaqlar
Qanın normal koaqulyasiyasını bərpa edir, faydalı bakteriyalar üçün vacibdir. Kələm, ispanaq, turp, cəfəri, kahı bol yeməlisiz.
Faydalı liflər
Dərman qəbulu zamanı yüksək lifli qidalar azaldılmalıdır, çünki antibiotikin mənimsənilməsini, qana sovrulmasını zəiflədir. Amma müalicə bitdikdən sonra əksinə artırmalısız. Tərəvəzlər, çərəz, qoz, paxlalılar, banan və s. yeməlisiz.
Antibiotikə zidd qidalar:
Dərmanın effektivliyini azaldır və əks təsirini artırır: portağal, sitrus meyvələri, süd, qreypfrut, alkoqol. İçki qəbulu antibiotiklə müalicə tam bitdikdən 2 gün sonra bərpa edilə bilər.
Eləcə də şirniyyat, şokolad, yağlı ət yeməkləri mikroflorası pozulmuş bağırsaqlara əlavə yük olacaq və köp, ürəkbulanma və diareyanı artıracaq. Ona görə antibiotik bitikdən 1 gün sonra əti bərpa edə bilərsiz.