Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Anomal istilər insanların səhhətinə pis təsir edəcək - Duzlu su için!

  • 2021.06.23 15:41
  • 3372 Baxış
Anomal istilər insanların səhhətinə pis təsir edəcək -  Duzlu su için!

Sabahdan Azərbaycanda 40 dərəcəni keçən yüksək hava temperaturlu günlər gəlir.

Adətən, belə isti hava bir çox zəif və xroniki xəstəliyi olan insanların səhhətinə çox pis təsir edə bilər.

Medicina.az hansı xəstələrin isti havada nə etməli olduğunu təqdim edir.

Yaşlı, ürək-damar, ağciyər, astma, təzyiq, şəkər problemi olan və yaşı 65-dən yuxarı insanlarda nəbzin sürətlənməsi, ürəkdöyünmə, çox tərləmə, bədəndən suyun getməsi, tənəffüsdə tezləşmə, sanki hava çatışmazlığı simptomları yarana bilər.

Şəkər xəstələri, təzyiq xəstələri, tənəffüs yetməzliyi olanlar gündə 2-3 dəfə göstəriciləri ölçsün, dərmanları yanında olsun və təzyiqin, şəkərin yüklsəlməsinə imkan vermək olmaz. Çünki statistikaya görə, isti yay günlərində infarkt və insult riski yüksəlir.

İsti havada damarlar genişləndiyi üçün çox zaman təzyiq aşağı düşür. Bunu həm yüksək təzyiqi olanlar, həm də aşağı təzyiqdən əziyyət çəkənlər nəzərə alsın.

Sərinləmək üçün ayaqları və dirsəkləri sərin su vannasına qoymaq olar. Alın və başa buz qoumaq olmaz.

Bu ona görə baş verir ki, çox isti havada bədənin səthindən su tərlə buxarlanır, orqanizmin su, duz balansı pozulur.

Bu şəxslər, eləcə də körpələr və xəstə insanlar gündüz saatlarında aktiv günəş altında, açıq havada olmamalıdır.

Bədənin susuzlaşmasının qarşısını almaq üçün təmiz qazsız su içmək lazımdır. Bəzi xəstələr duz balansını tənzimləmək üçün suya azca duz qata bilər.

Eləcə də sərin qarpız, xiyar, pomidor, ayran qəbul etmək olar.

Satışda tərkibində kalium, kalziy, duz və maqniy olan mineral sular çoxdur.

Orqanizmdən duz tərlə yuyulub gedəndə ürək-damar sistemi düzgün çalışmır, insan halsızlaşır, əzələ qıcolmaları başlayır.

Ona görə mineral sularla bu defisiti bərpa etmək olar.

Küçəyə çıxdıqda, mütləq çətir və yay papağından, həsir şlyapadan istifadə edin.

Çox soyuq, buz kimi soyudulmuş otaqda oturmayın, yatmayın. Tez-tez isti havadan kondinsionerli otağa girib çıxmayın. Bu bədəni soyudur, əzələ, sinir ağrılarına səbəb olur.

Uşaqlar, gənclər, yaşlılar, dişlərində iltihabı olanlar, nevroz və sinir xəstələri kondinsioner altında yatmamalıdır. Onlarda üzün üçlü sinirinin iltihabı baş verə bilər. Bu da dəhşətli ağrı ilə özünü göstərir.

40 dərəcəni keçdikdə açıq səma altında dənizdə, hovuzda olmaq və gün altında uzanmaq olmaz.