Dünyanın ən gözəl qadını Ancelina Colinin ərindən boşanmasından sonra ağır psixoloji dönəm keçirdiyi heç kimə sirr deyil. Aktrisa güclü görünməyə çalışsa da, uzun müddət bu haqda bir kəlmə də danışmadı. Yalnız aylar sonra son müsahibəsində boşanma stresinin ona nələr yaşatdığını etiraf etdi.
Məlum oldu ki, uşaqlardan gizlin vanna otağında saatlarca ağlayan, psixoloq və psixoterapevt seanslarında, həkim müayinələrində olan aktrisanın üz sinirləri bu gərginliyə dözməyib. Dünyanın ən cazibədar üzü dünyanın ən xoşagəlməz sindromuna tutulub: Bella iflici.
Bakutibb Bella iflicinin oxucular üçün də maraqlı ola biləcəyini nəzərə alıb, xəstəliklə bağlı kiçik araşdırma aparıb.
Mütəxəssislərin bildirdiyinə görə, üz sinirlərinin nevriti – qısa və ya uzun müddətə üz əzələlərinin iflici və əyilməsinə səbəb olur. Üz birtərəfli olaraq əyilir. Bella iflici hər 100.000 insandan 50-də rast gəlinir və kişili-qadınlı hər kəsin yoluxa biləcəyi simptomdur.
Bella sindromunun yaranma səbəbləri konkret deyil: bunlar psixoloji, nevroloji, infeksion və iltihabi səbəblər ola bilər. Qulaq dibinin kəskin ağrısı ilə başlayıb, 24-48 saat ərzində bir tərəfli, daha çox sol tərəfdə qaş, yanaq, dodaq kənarının qeyri-ixtiyari əyilməsi və hissiyatsızlığı ilə davam edir. Əgər üz sinirləri zədələnibsə, o, baş beyindən üz əzələsi, göz yaşları, ağız suyu və qulaq əzələsinə siqnalların düzgün ötürülməsinə mane olur. Nəticədə insan, əzələlərinə nəzarəti itirir. Ağız suyu qeyri-ixtiyari axır.
Diaqnostikası asandır, müalicəsi çətin. Amma heç bir müalicə etmədikdə belə, sakitliyə riayət olunarsa hər 3 xəstənin birində öz-özünə sağalma baş verir. Xəstəlik 3-4 həftədən 6-10 aya kimi davam edə bilər.
Əsasən isti fizioterapiya, sakitləşdirici, ağrıkəsici terapiya təyin olunur.
Ancelina Coli isə üzünün iflici zamanı ən qədim üsula – iynəbatırmaya müraciət edib. İynə terapiyası aktrisada tez bir zamanda müsbət nəticə verib.
Ümumiyyətlə, nevroz və psixi xəstəliklərdə iynəbatırma alternativ şərq metodikası kimi istifadə olunur.
Aygün