“Valideynlərin doğumdan öncə maariflənmələri çox önəmlidir. Bəzən valideynlər vaxtından əvvəl doğulmuş uşaqlar barədə məlumatlı olmurlar və bu körpə ölümlərinə gətirib çıxara bilir. Buna görə də aparılan araşdırmalar göstərir ki, anaların maariflənməsi körpə ölümlərini iki dəfə azaldır”.
Medicina.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov canlı yayımda sualları cavablandırarkən deyib.
O bildirib ki, valideynlər vaxtından əvvəl doğulmuş körpələri tez-tez həkim müayinəsindən keçirməlidir:
“Vaxtından öncə doğulan körpələr küvəzə qoyulur və burada məqsəd onların bədən istiliyinin qorunmasıdır. Körpələrin istiliyi diqqətdə saxlanılmalıdır. Onların orqanizmi nisbətən zəif olduğu üçün infeksiyalara yoluxma riski yüksək olur. Buna görə də əl təmizliyinə ciddi riayət edilməlidir. Ana xəstə olsa belə körpəyə süd verə bilər”.