Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ana və övladının ölüm səbəbi araşdırılır - RƏSMİ

  • 2018.03.14 13:34
  • 14349 Baxış
Ana və övladının ölüm səbəbi araşdırılır -  RƏSMİ
1997-ci il təvəllüdlü Aytən Dadaşova Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılanda doğuşun ikinci mərhələsində olub. Onun bətnindəki uşaq isə ölü olub.


Medicina.az xəbər verir ki, bu barədə Publika.az-a Səhiyyə Nazirliyin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova məlumat verib.


S.Məmmədova bildirib ki, döl ölü olsa da, qadın təbii yolla onu dünyaya gətirib: "Ölü döl götürüləndən sonra qadının vəziyyəti normal olub. Doğuşdan sonrakı 1-2 saatlıq fəsadlaşma dövründə onun səhhətində hər hansı dəyişiklik olmayıb. Doğuşdan 10 saat sonra qadının vəziyyəti qəfildən pisləşib. Həkimlər bütün reanimasion tədbirləri görüb, xəstə tənəffüs aparatına qoşulub, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda qadının meyiti təşrih olunur. Onun ciyərindən, qanından nümunələr götürülüb ekspertiza aparılacaq. 7-10 gün ərzində tibbi-ekspertizanın rəyi əsasında qadının ölüm səbəbi bəlli olacaq.


Uşağın ana bətnində nə qədər müddətdir öldüyü də tibbi ekspertiza tərəfindən araşdırılacaq. Lakin döl uzun müddətdir ana bətnində ölü halda qalmış olsa belə, ana ölümünə səbəb olması bəlli deyil. Təcrübəmizdə əkiz hamiləliklərdə dölün biri ana bətnində ölsə belə onun ana bətnində saxlanılması halları da olub. Adətən, xalq arasında bu zaman ananın zəhərləndiyini desələr də, belə deyil. Sadəcə, ölü dölün ifraz etdiyi toksinlər ananın qanının parçalanmasını pozur, laxtalanmaya və ya qanaxmaya səbəb ola bilir”.


Ana ölümündə həkimlərin səhlənkarlığı məsələsinə gəldikdə, baş mama-ginekoloq bu barədə yalnız istintaq araşdırmasından sonra qərar verməyin mümkün olduğunu deyib: "Bir ay müddətində bu barədə araşdırma aparılacaq. Yalnız məhkəmə qərarından sonra ana ölümündə həkim səhlənkarlığı, tibbi müdaxilə üçün gecikmənin olub-olmaması barədə fikir söyləmək mümkündür. Bildiyiniz kimi həmin qadın Sumqayıtda yaşayıb. Artıq onun hamiləlik müddətində keçdiyi bütün müayinələrlə bağlı məlumatlar toplanır. 24 saat ərzində bu məlumatlar Doğuşayardım Komissiyasına təqdim ediləcək. Komissiyada ana ölümündə həkim səhvinin olub-olmadığını araşdıracaq”.


Qeyd edək ki, Sumqayıtda yaşayan Ağstafaya qohumları evinə qonaq gələn Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızı doğuş sancısı başladığı üçün Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada onun bətnindəki dölün ölü olduğu məlum olub. Doğuşdan bir müddət sonra isə qadının halı pisləşib və dünyasını dəyişib.