Son illər uşaqlarda nevroloji xəstəliklərin sayında artımla yanaşı, xəstəliklərin əlamətləri və gedişində dəyişikliklər də müşahidə olunur.
Bu, ekoloji gərginlik, stress faktorlarının artması və başqa ənənəvi səbəblərlə əlaqədardır. Eyni zamanda, təbabətin inkişafı uşaqlarda nevroloji xəstəliklərin vaxtında aşkar edilməsi və əksər hallarda səbəblərin dəqiq təyin olunmasına imkan verir.
"Medicina" xəbər verir ki, bunu professor Aytən Məmmədbəyli bildirib.
Onun sözlərinə görə, müasir müayinə üsullarından dəqiq radioloji (pozetron emission tomoqrafiya, maqnit rezonans tomoqrafiya və s.), elektroneyrofizioloji (elektroensefaloqrafiya, elektroneyromioqrafiya və s.), biokimyəvi və nəhayət, son illər ölkəmizdə tətbiq olunan genetik müayinələr vaxtında düzgün diaqnoz qoyulmasına imkan yaradır. Həmçinin hamiləliyin ilk aylarından başlayaraq mama-genekoloqun, uşaq doğulandan sonra neonatoloqun nəzarəti, uşağın gələcək inkişaf etaplarında isə sahə həkiminin məsləhəti ilə nevroloqun və lazım gəldikdə uşaq psixoloqunun cəlb olunması çox vacibdir: “Uşaqlarda nevroloji xəstəliklərin kökü hamiləlik dövrünə gedib çıxır. Müasir təbabətin tövsiyəsinə əsasən, nikahdan əvvəl gələcək ata və ana həm ailələrdə ola biləcək genetik xəstəliklər, həm də bəzən gizli keçən infeksiyalar (VİÇ infeksiya, sifilis, TORCH infeksiya və s.) üzrə yoxlanmalıdır.
Hamilə qadın mama-ginekoloqun nəzarətində olmalı və rast gəlinə bilinən somatik xəstəliklərin profilaktika və müalicəsi aparılmalıdır. Alkoqollu içkilər, nikotin, narkotiklər, ciddi ehtiyac olmadıqda dərman preparatları istifadə olunmamalıdır. Doğum mütləq tibbi müəssisədə, mümkün qədər fizioloji üsulla baş tutmalıdır. Keysəriyyə əməliyyatı və başqa yardımlar qeyri-fizioloji sayılır və uşağın gələcək inkişafında müəyyən problemlər yarada bilər. Uşağın qidalanmasında ana südü çox vacib rol oynayır. Kafedramızın əməkdaşlarının tədqiqatları göstərir ki, ana südündən məhrum olan uşaqlarda gələcəkdə nevrozun əmələ gəlmə ehtimalı yüksəlir”.
Mütəxəssis bildirib ki, uşaqlarda nevroloji xəstəliklərin əlamətləri müəyyən yaş qruplarında müxtəlif olur və çox vaxt başqa xəstəlikləri xatırladır, yaxud onların nəticəsi olur:
“Məsələn, baş ağrıları uşaqlarda əksər hallarda başqa xəstəliklərin simptomudur. Müalicə başlamazdan əvvəl xəstəliyin mümkün qədər səbəbi araşdırılıb diaqnoz dəqiqləşdirilməlidir. Müasir müalicə arsenalı zəngindir. Bura həm dərman preparatları ilə müalicə, həm fizioterapevtik üsullar, həm psixoloji yardım, həm də xalq təbabəti üsulları daxildir. Tibb elminin inkişafı həm də bəzi anadangəlmə genetik xəstəliklərə müalicə yolu açır. Ölkəmizdə müasir avadanlıqlar ilə təchiz olunmuş uşaq reabilitasiya mərkəzləri var. Orada müalicə massajı, müalicə bədən tərbiyəsi, müəyyən xüsusi aparatlar və xüsusi elektrofizioloji üsullarla müalicə aparılır. Düşünürəm ki, gələcəkdə gen mühəndisliyi yolu ilə genetik xəstəliklər həyatın ilk dövrlərində aşkarlana və tam sağalma ilə nəticələnə bilər”.