Əvvəllər analar hansısa irsi, ürək və digər xəstəliklər səbəbindən vəfat edirdisə, indi qeyd olunan xəstəliklər sırasına COVID-19 virusu da əlavə olunub.
Medicina.az xəbər verir ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aparılan təhlillərə əsasən, mövcud ağciyər-ürək xəstəlikləri, irsi xəstəliklər, ağır somatik patologiyalar, COVID-19 virusuna yoluxma halları ana ölümlərinə səbəb olub.
“Ölüm hallarının qarşısını almaq üçün hamiləlik öncəsi müayinə, hamiləliyin planlı şəkildə təşkil olunması, vaxt itkisinə yol verməmək məqsədəuyğundur”.
İnstitutdan bildirilib ki, araşdırmalar zamanı ölüm hallarına səbəb planlaşdırılmamış hamiləlik, hamiləlik öncəsi qadının müayinə olunmaması kimi faktlar da daxildir.
Qeyd edək ki, 2020 -ci ildə Azərbaycanda ana ölümlərinin sayı 20 nəfər olub. 2019-cu illə müqayisədə ana ölümünün səviyyəsində 14,9-dan 15,8-ə qədər artım müşahidə olunub. Həmçinin, ötən il hər 100 min nəfər diri doğulana 15,8 nəfər ana ölümü düşür.