Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alzheimer xəstəliyini burun spreyi ilə mülaicə etmək mümkün olacaq

  • 2024.07.29 20:00
  • 2377 Baxış
Alzheimer xəstəliyini burun spreyi ilə mülaicə etmək mümkün olacaq
Alimlər Alzheimer xəstəliyini müalicə etmək potensialına malik olan burun spreyi hazırlayıblar.

Medicina.az xəbər verir ki, beyindəki zərərli zülalları hədəf alan dərmanın koqnitiv inkişafa səbəb olduğu görülüb.

Alzheimer yaddaşdan tutmuş qərar qəbul etməyə qədər müxtəlif koqnitiv bacarıqlara təsir göstərir. Adətən qocalma ilə ortaya çıxan bu xəstəliyə beyində Tau zülalının toplanması səbəb olur. Sağlam insanların beyin hüceyrələrinin quruluşunu qorumağa kömək edən Tau zülalı neyronlar arasında qida maddələrini də daşıyır. Ancaq Alzheimer kimi neyrodegenerativ xəstəliklərdə bu zülallar bir araya toplanır və hüceyrə daxilində dolaşıqlar əmələ gətirir. Bu dolaşıqlar beyin hüceyrələrinin normal fəaliyyətini pozur, onların ölməsinə və idrak qabiliyyətinin azalmasına səbəb olur.

Alimlər illərdir yığılmış Tau zülallarını aradan qaldırmaq üsulları üzərində işləyirlər. Belə tədqiqatlardan birini aparan qrup buna nail ola biləcək burun spreyi hazırlayıb.

Tədqiqatın nəticəsi "Science Translational Medicine" jurnalında dərc edilib.

Siçanlar üzərində sınaqdan keçirilmiş üsulda ümidverici nəticələr əldə edilib. Texas Universitetinin tibb bölməsinin alimləri buna Tau zülallarını aşkarlayan və hədəf alan TTCM2 adlı antikor sayəsində nail olublar. İnsanlarda Tau zülalını ifadə etmək üçün genləri dəyişdirilmiş yaşlı siçanlara həmin antikor burun yolu ilə tətbiq olunub.
Üç saat sonra beynin müxtəlif hissələrinə və hüceyrələrə yayılan TTCM2 tau zülallarını təmizləyib.

Tədqiqatçılar qeyd ediblər ki, antikor hüceyrədə TRIM21 adlı zülalla əməkdaşlıq edir. Normalda orqanizmin viruslardan təmizlənməsində rol oynayan bu zülal TTCM2 ilə qarşılıqlı əlaqədə olub, dolaşıqların daha effektiv şəkildə aradan qaldırılmasına şərait yaradıb.

Komanda daha sonra siçanları davranış testinə məruz qoyub və TTCM2 ilə müalicə olunan heyvanların "əhəmiyyətli dərəcədə daha yaxşı" performans göstərdiyini qeyd ediblər. Tədqiqatçılar siçanların koqnitiv qabiliyyətlərində də irəliləyişlər müşahidə ediblər.

Onlar burun spreyi üsulunun tau dolaşıqları meydana gətirən Alzheimer kimi neyrodegenerativ xəstəliklərə qarşı yeni müalicə vasitələrinin inkişafına yol açacağını düşünürlər.

Komandanın insan sınaqlarına nə vaxt başlayacağı hələlik məlum deyil.


Aysel