Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alzheimer 6 il əvvəldən siqnal verir – Yeriyərkən başınız gicəllənirsə…

  • 2024.02.21 16:00
  • 1403 Baxış
Alzheimer 6 il əvvəldən siqnal verir –  Yeriyərkən başınız gicəllənirsə…
Tədqiqatlar zehni geriləmənin ilkin mərhələsində müşahidə edilən nevroloji dəyişikliklərlə yanaşı fiziki dəyişikliklərin də vacib ola biləcəyini göstərir.

Tədqiqatçılar fiziki performans ilə Alzheimer və demensiya arasındakı mürəkkəb əlaqəni anlamağa çalışırlar. Nəticələr göstərir ki, insanın tarazlığında və ya yerişində dəyişikliklər onun koqnitiv vəziyyəti haqqında ipucu verə bilər.

Medicina.az xarici mediaya istinadən bildirir ki, yerimə qabiliyyətinin dəyişməsi Alzheimerin və ya erkən mərhələdə demensiyanın əlaməti ola bilər. Hər bir şəxsdə fərqli simptomlar üzə çıxa bilər, lakin bəzən yaddaş itkisindən əvvəl fiziki dəyişikliklər baş verir.

Aparılan araşdırmalardan biri başı hərləndiyi üçün yavaş yeriyən və ya tarazlığını saxlaya bilməyən insanların növbəti altı il ərzində Alzheimer xəstəliyinə tutulma ehtimalının daha yüksək olduğunu göstərib. Bu cür dəyişikliklər beyindəki hüceyrələrin və sinir rabitəsinin getdikcə pisləşməsinə işarə kimi qəbul edilir.

Bu pozulma sonrakı mərhələlərdə demensiyanın təsirlərinin artmasına səbəb olacaq və nəticədə xəstənin sərbəst yerimək və ya ətraf mühitlə bağlı məlumatı emal etmək qabiliyyətinə təsir edəcək. Fiziki mühit haqqında məlumatı görmək və emal etməkdə çətinlik çəkmək, çox güman ki, tarazlıq problemlərinə səbəb olur.

Beyincik bədən hərəkətlərini idarə edən və bacarıq mərkəzinə yaxın olan beyin bölgəsi kimi tanınır. Beynin bu sahəsinə təsir edən xəstəliklər, məsələn, demensiya, tarazlığa daha erkən təsir göstərir. Damar demensiyası Alzheimer xəstəliyindən fərqlidir, çünki bu xəstəlikdə beyincikə oksigeni daşıyan qan axını kəsilir.

Bəzi insanlar damar demensiyası zamanı düşüncə və yaddaş problemləri yaşamadan əvvəl başgicəllənmə hiss edə bilərlər. Bu dəyişiklik adətən ayaq üstə dayanarkən və ya yeriyərkən yıxılmamaq üçün addım atmaqdan çəkinmək kimi hallara səbəb ola bilir.

2016-cı ildə “American Geriatrics Society” jurnalında dərc edilən bir araşdırma həyatın erkən dövründə başgicəllənmə və tarazlığın itirilməsi əlamətləri yaşayan bir insanın yaşlandıqca Alzheimer xəstəliyinə tutulma ehtimalının çox ola biləcəyini irəli sürüb.

Bu, “Neurology” jurnalında dərc edilmiş əvvəlki araşdırma ilə uyğun gəlir. Belə ki, həmin araşdırma başgicəllənmə və tarazlığı itirməyə meylliliyin beyində “amyloid” və onurğa mayesində “tau” zülalının yığılmasına səbəb olduğunu göstərir. Bu zülallar beyində Alzheimer və demensiya kimi xəstəliklər zamanı toplanır, öyrənmə və yaddaş funksiyalarından məsul olan bölgələrə zərər verir. Bu zülal yığıntısı sinir hüceyrələrinin funksiyasını poza, beyin funksiyasının azalmasına və müxtəlif simptomların yaranmasına gətirib çıxara bilər.

Həmin zülalların beyində yığılmasını dayandırmaq üçün qəti bir yol olmasa da, bəzi sübutlar omeqa-3 yağlarının “amyloid” lövhələrini azalda biləcəyini göstərir.

Gecələr 6-8 saat yatmağın beyinə zərərli zülalları təmizləmək üçün kifayət qədər vaxt vermək baxımından təsirli olduğunu göstərən dəlillər də var.

Gül