Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Almaniyadakı Cərrahiyyə və Transplantologiya klinikasında işləyən yeganə azərbaycanlı - Uğur hekayəsi

  • 2019.04.18 13:32
  • 18202 Baxış
Almaniyadakı Cərrahiyyə və Transplantologiya klinikasında işləyən yeganə azərbaycanlı -  Uğur hekayəsi
 

Uğur Ağamalıyev: "İnsan məşğul olduğu hər işdə təşəbbüskarlıq göstərməli və başqalarından asılı olmaqdan yayınmalıdır” 


Pozitiv, məqsədli, tələbkar, işini sevən cərrahdır. Düşünür ki, bu dünyada birinə deyilə biləcək ən gözəl cümlə "səni sevirəm” deyil, "sizdə xərçəng xəstəliyi var, amma xoşbəxtlikdən biz onu müalicə edə bilərik”dir. Çünki bu iki cümlə xəstələrə xoşbəxtlik, həyat verir.

Müsahibimiz Almaniyanın ən böyük universitet xəstəxanalarından biri olan Münhen Universitet xəstəxanasının Cərrahiyyə və Transplantologiya klinikasında işləyə yeganə azərbaycanlı Uğur Ağamalıyevdir.


28 yaşı var. Füzuli rayonunun Aşağı Veysəlli kəndində anadan olub və Beyləqan şəhərində böyüyüb. Ali təhsilini Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsində alıb. 2014-cü ildə universiteti bitirdikdən sonra Almaniyanın Mannheim Tibb Fakültəsinin Cərrahiyyə Klinikasında doktorantura təhsilinə başlayır. Müsahibimiz orada elmi tədqiqatlarını yekunlaşdıraraq, Almaniyanın ən böyük universitet xəstəxanalarından biri olan Münhen Universitet xəstəxanasının Cərrahiyyə və Transplantologiya klinikasında assistent həkim kimi işləyir. Həmsöhbətimiz burada çalışan bir neçə xarici həkimdən biri və yeganə azərbaycanlıdır. Bu müddət ərzində onun beynəlxalq jurnallarda 4 elmi məqaləsi də çap olunub.

 


 

- Uğur bəy, həkimlik peşəsi təsadüfi seçilmir. Nə üçün həkim olmaq istədiniz?


- 5-6-cı sinifdən etibarən həkim olmaq istəyirdim. O vaxt həm də peşəkar şəkildə şahmatla məşğul olurdum. Amma sonda tibbi seçdim. Açığı, hazırlıq vaxtı həkim olmaqdan daha çox, bir məqsəd kimi ön planda 4-cü qrupa hazırlaşmaq və 600-dən çox bal toplamaq dayanırdı. Çünki həkimliyin yolu da elə buradan keçirdi. İndi də, abituriyentlərdən soruşulan ilk sual "hansı sahəyə marağın var?” deyil, "neçənci qrupa hazırlaşırsan?” olur. Məndə də elə idi. Məqsədimə çatdım. 601 bal toplayaraq ATU-ya qəbul oldum və əynimdə ağ xalat universitetin qarşısında dayandım.


- Çalışdığınız klinikada yeganə azərbaycanlısınız. Başqa bir ölkədə tək olmaq necə hissdir?


- Bizim klinikada təxminən 40-a yaxın assistent həkim işləyir. Onlar arasında Almaniyadan kənarda doğulub-böyüyən, tibb təhsilini burada almayan tək mənəm. Düşünürəm ki, kliniki təcrübəm və indiyədək nəşr edilən elmi məqalələrim onlarla mənim aramdakı böyük bir uçurumun qarşısını alır. Amma 2-3 il əvvəl istər aradakı dil baryerinə, istərsə də təhsil və səhiyyə sistemindəki fərqlərə görə müəyyən çətinliklər olurdu. Təsəvvür edin, xəstədən anamnez topladığınız zaman, xəstə dialektlə danışır və ya hansısa bir bitkiyə allergiyası olduğunu deyir. Amma siz xəstəni başa düşməkdə çətinlik çəkirsiniz. Ya da, alman həmkarlarım hansısa bir müğənnidən, 10-15 il əvvəl baş vermiş tarixi hadisədən və yaxud da uşaqlıq vaxtı izlədikləri hansısa bir cizgi filmindən danışdıqları zaman, söhbətdə aktiv iştirak etmək elə də asan olmurdu. Hazırda gün ərzində əksər hallarda 12-13 saat birlikdə işləməyimizə baxmayaraq, işdən kənar müzakirələrə elə də çox vaxt olmur.

 


 

- Alman dilini kursa getmədən öyrənmisiniz. 

 

- Bəli, alman dilini Mannheimda olarkən fərdi şəkildə, heç bir kursda iştirak etmədən öyrənmişəm. Hazırlıq kurslarının qiyməti çox baha olduğundan, elektron vəsaitlərlə, youtube-da videolar izləyərək bir il ərzində dili öyrəndim və həkim işləmək üçün tələb edilən imtahandan uğurla keçdim. Məncə, hər işdə, eləcə də dil öyrənməkdə ən əsası, müntəzəm şəkildə hazırlaşmaqdır. Gün ərzində bəzən 15 dəqiqəlik olsa belə, arada uzun fasilələr vermədən, hər gün məşğul olmaq lazımdır.

 

- Beynəlxalq elmi jurnallarda 4 elmi məqaləniz çap edilib. Bəs elmi tədqiqat apardığınız müddətdə hansısa çətinliklərlə qarşılaşmısınızmı?


- Mannheimda tədqiqat qrupunun apardığı elmi layihəyə qoşuldum. Azərbaycanda olduğum müddət ərzində elmi tədqiqatla məşğul olmadığımdan, burada hər şey mənim üçün yeni idi. Bundan əlavə, o vaxt mənə verilən elmi layihədən də, belə desək "gözüm su içmirdi”. Layihənin ortaya qoyduğu sual və tədqiqat müddətində aldığım nəticələr məni qane etmirdi deyə, elmi rəhbərimlə dəfələrlə müzakirələr edirdim. Amma, görünür təcrübəsiz olduğumdan, mənə sadəcə, tədqiqata davam etməyi məsləhət görürdülər. Təxminən 8-9 ay sonra bütün nəticələri müzakirə edəndə aydın oldu ki, doğrudan da ürəkaçan deyil. Sonda hamı tədqiqatlar üçün çəkilən xərcə görə təəssüfləndi. Halbuki, mən bəzən gecə saatlarına qədər laboratoriyada tədqiqatlar aparır, zamanımın böyük hissəsini buna xərcləyirdim. Daha sonra özüm elmi ədəbiyyatı araşdıraraq ortaya elmi bir sual qoydum və o haqda yeni bir layihəyə başladım. Və düzünü deyim ki, elmi işlərim içində ən uğurlusu da o oldu. Həmin mövzu haqda "Avropa Cərrahiyyə Tədqiqatı” jurnalında elmi məqaləm dərc olundu. O hadisədən sonra əmin oldum ki, elmi işdə insanın öz təşəbbüskarlığı böyük rol oyanır, nəinki robot kimi sənə tapşırılan tapşırıqları yerinə yetirmək. Məncə, insan məşğul olduğu hər işdə təşəbbüskarlıq göstərməli və başqalarından asılı olmaqdan yayınmalıdır.

 


 

- Bir statusunuzda araşdırmanızın nəticəsinə görə, atanıza təşəkkür etdiyinizi bildirirsiniz. Ailənizin təhsilinizdə rolu nədir?


- Təhsilimdə də, şahmat karyeramda da ailəmin rolu çox böyükdür. Mənə şahmatı atam öyrədib. Amma qısa müddət sonra atama qalib gəlməyə başladım və o da məndəki həvəsi görüb şahmat məktəbinə yazdırdı. İlk müəllimələrim iki cavan qız idi. Bir neçə həftədən sonra onlara da qalib gəldim deyə, atam məni rayonda tanınmış şahmat müəllimi Vilayət Quliyevin yanına göndərdi. Açığı, onun da həmin vaxtı tələbələri çox idi, bir neçə dəfə xahiş-minnətdən sonra məni hazırlaşdırmağa razılaşmışdı. Atam həm o vaxt, həm də şahmat turnirlərində iştirakım üçün mənə çox dəstək olub. Bəzi ailələrdə, uşaq "3-4” alanda evdə müzakirəyə səbəb olurdusa, mən bir həftə hansısa fəndən "5” almayanda sorğu-sual edirdilər ki, niyə qiymət almıram. Anam da biologiya müəlliməsi olduğu üçün mənimlə həm biologiya, həm də digər fənlərlə bağlı məşğul olurdu. Amma bu tələbkarlıq yalnız təhsil barəsində olmayıb. Lap 5-6 yaşımdan getdiyim çox toylarda mənə söz verilirdi və mən C.Novruzun "Dünya” şeirini deyirdim. Düşünürəm bu, həmin dövrdə mənim özgüvənimə müsbət təsir edib. 


- "Bu dünyada birinə deyilə biləcək ən gözəl cümlə "səni sevirəm” deyil, "sizdə xərçəng xəstəliyi var, amma xoşbəxtlikdən biz onu müalicə edə bilərik” deməkdir demisiniz. 


- Hazırda çalışdığım klinika metastazlaşmış xərçəng xəstəlikləri üzrə Avropa mərkəzidir. Ona görə də ağırlaşmış xərçəng xəstələrimiz çox olur. Onu deyim ki, bu xəstələr, xüsusən qadınlar, ünsiyyət zamanı əksər hallarda ağlayırlar. Ya da, əməliyyatdan sonra xəstə soruşur ki, "həkim, nə düşünürsünüz? Nəvələrimlə daha 5-10 il keçirə biləcəyəmmi?”. Təbii ki, "yox” demirik. Yalandan "hə, əlbəttə” demək də olmaz. Bu cavab bizim üçün gündəlik işin arasında iki kəlmədir, amma xəstələr üçün, bir həyatdır.

 


 

- Həkimlik təcrübənizdə unutmadığınız, təsirləndiyiniz hansısa nüans olubmu?


- Bizdə palatada ən az 30 xəstə olur. Əgər onların hamısından təsirlənsək, onda işləyə bilmərik. Amma maraqlı nüanslar çox olur. Bir dəfə gecə növbəsində ikən tibb bacıları çağırdılar ki, 96 yaşlı qadın xəstəmiz həkimlə danışmaq istəyir. Otağa girib, salam verəndə iki əli ilə əlimi tutub ürəyinə aparıb dedi ki, "həkim, mənə kömək edin. Görürsünüz, 96 yaşım olsa da, ağlım hələ başımdadır, xahiş edirəm mənə kömək edin, yaşamaq istəyirəm”. Amma bizdə 60 yaşlı ürəyi ağrıyan birinə "get, müayinə ol” deyirsən, deyirlər, yaşım onsuz da keçib, Allahın verdiyi ömürdür və s.


- Yəqin ki, alman xəstələri ilə azərbaycanlı xəstələri arasında fərqlər çoxdur.


- Bizim xəstələr əməliyyatdan daha çox qorxurlar. Bir dəfə burda 18 yaşlı bir gəncə qaraciyərə və qarın divarına metastaz vermiş bağırsaq xərçəngi diaqnozu qoymuşduq. Bu yaşda çox nadir rast gəlinən bir haldır. Uşaq bunu soyuqqanlılıqla qarşılayıb, bizlə müalicə yolları ilə bağlı ətraflı söhbət edirdi. Amma bizdə yaşlı adama xərçəng diaqnozu qoyulur, əməliyyat olunur, lakin yaxınları ondan xəstəliyinin xərçəng olduğunu gizlədirlər. Belə halla burda ərəb xəstələrdə də rastlaşmışam. Təbii ki, bunu nə bütün azərbaycanlılara, nə də almanlara aid etmək olmaz.

Məncə, digər fərqlərdən biri də transplantasiya, yəni orqan köçürmə ilə bağlıdır. Biz burada orqanları əsasən beyin ölümü gerçəkləşmiş insanlardan götürüb, onların heç tanımadığı insanlara köçürürük. Qohumdan qohuma orqan köçürmə bizə nisbətən çox az olur. Amma bizdə dayı gəlir ki, "buyur, bacıoğlu böyrək”, bibi qardaşı qızına "bibin qurban, götür qaraciyər”. Həyatda ikən, özü də əməliyyat riskinə girir, qaraciyərini, böyrəyini verir, amma öldükdən sonra orqanlarının bağışlanmasını qətiyyən rədd edir. Almanlarda isə bunun tərsinədir. 

 


 

- Sizcə, səbəb nədir?


- Qohumların bir-birinə orqan bağışlamamasının səbəbi, onlarda ailə bağlarının bizdəki kimi güclü olmamasıdır. Onların beyin ölümü gerçəkləşdikdən sonra orqanlarını bağışlaması isə məncə, bu barədə daha çox məlumatlı olmalarına görədir. Digər səbəb də bizdə ölünün müqəddəsliyidir. Biz ölünü narahat etməkdən daha çox qorxuruq, nəinki dirini. Yəni diri olduğumuz halda orqanımızı bölüşməkdən çəkinmirik, lakin ölü toxunulmazdır.


- Pozitiv həkimsiniz. Sizcə, yaxşı cərrah necə olmalıdır?


- Yaxşı cərrah ilk növbədə, nə vaxt əməliyyata ehtiyac olmadığını bilən cərrahdır. Eyni zamanda, yaxşı cərrah yaxşı əməliyyat edə bilən, əməliyyatdan sonra əmələ gələ biləcək komplikasiyaları düzgün idarə edə biləndir. 


- İşləriniz yolunda getməyəndə özünüzü necə motivasiya edirsiniz?


- Konkret bir formulum yoxdur. Məni motivasiya edən uğurlarımdır. Uğur olaraq ilk gördüyüm isə, qazandığım dostlarımdır. Gözəl, mərd, sədaqətli dostlarımın olması və onların da məni dost bilməsi ən böyük motivasiyadır. Onlardan böyük uğur yoxdur. Həyatda nəyi itirsəm də bilirəm ki dostlarım var.

 

- Sizcə, uğurun sirri nədir?


- Ümumiyyətlə, uğur özü nədir? Sevdiyin şəxslə evlənib, xoşbəxt ola bilmək də uğurdur, sevdiyin işlə məşğul olub müəyyən nailiyyət əldə etmək də. Qısacası, uğur qarşıya qoyulan məqsədə çatmaqdır. Altıncı sinifdə oxuyarkən, Bakıda şahmat turnirində 8-ci turda turnirin birincisi ilə oynamalı idim. İlk 7 yerin sahibi Rusiyaya, beynəlxalq olimpiadaya gedəcəkdi. Mən heç-heçə edəcəyim təqdirdə o turnirdə iştirak edə bilərdim, rəqibim isə oynadığı bütün rəqiblərinə qalib gəlmişdi və dolayısı ilə növbəti turlarda uduzsa belə, vəsiqəni təmin etmişdi. Buna görə mənim müəllimim onun müəllimindən rəqibin mənimlə heç-heçə etməyini xahiş etmişdi. Onda da məni göstərib demişdilər ki, bu balaca uşaq kimdir ki, onunla da heç-heçə edilsin. Çox pərt olmuşdum. Amma artıq qarşımda başqa bir məqsəd vardı. Oyuna bütün gücümü qoydum, rəqibim səhv etmirəmsə, 19-cu gedişdə özü mənə heç-heçə təklif etdi. Ona görə də məncə, uğur əldə etməyin əsas şərtlərindən biri prinsipiallıqdır. Təcrübəmdən deyə bilərəm ki, mənə prinsipial şəkildə qalib gəlmək istəyən, amma 15-ci gedişdə mat olanlar da az olmayıb. Ya da mənə var gücümü qoymağıma rəğmən qalib gələnlər. Ona görə də, digər əsas məsələ insanın qarşısında qoyduğu məqsədə çatmağa potensialı, qabiliyyəti olmasıdır. Ümumiyyətlə, insan özünə bu sualı verməlidir: mənim məqsədim nədir? Bu sualın cavabı sizin sonda çatacağınız nöqtəni göstərir. Misal üçün mən A nöqtəsindən B nöqtəsinə getməyi qarşıma məqsəd qoyuram. Növbəti "necə” sualıdır. Bu yolu 10 saata da, 10 günə də getmək olar. Ona görə məqsədə necə çatmalı olduğunu da bilmək mütləqdir. Və son olaraq, "niyə” sualı. Çünki, yolda çətinliklərlə qarşılaşdığınız zaman bu sualın cavabı sizin qətiyyətinizi müəyyən edəcək. 

 

(Kaspi) 
Almaniyadakı Cərrahiyyə və Transplantologiya klinikasında işləyən yeganə azərbaycanlı -  Uğur hekayəsi
Almaniyadakı Cərrahiyyə və Transplantologiya klinikasında işləyən yeganə azərbaycanlı -  Uğur hekayəsi
Almaniyadakı Cərrahiyyə və Transplantologiya klinikasında işləyən yeganə azərbaycanlı -  Uğur hekayəsi
Almaniyadakı Cərrahiyyə və Transplantologiya klinikasında işləyən yeganə azərbaycanlı -  Uğur hekayəsi