Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Almaniyada uşaqlar necə müalicə edilir, insanlar 90 yaşına kimi necə yaşayır? - Azərbaycanlı jurnalist şok faktlar açıqladı

  • 2018.12.08 16:42
  • 194638 Baxış
Almaniyada uşaqlar necə müalicə edilir, insanlar 90 yaşına kimi necə yaşayır? -  Azərbaycanlı jurnalist  şok faktlar açıqladı
"Ambulans gəlmir, həkimə yalvarsan da, dərman yazmır” 


 "90 yaşında kişi ölmüşdü, ekspertlər tökülüşmüşdü ki, bu niyə öldü, nədən öldü? Qocalmaq ölmək səbəbi deyil burda. 70-80 yaşında kişilər, qadınlar parklarda qaçır, velosiped sürür, pivə içirlər”


Azərbaycanda elə sovet dövründən alman səhiyyəsi barədə əfsanələr, miflər dolaşmaqdadır: Almanlar dəqiqdir, səhiyyəsi güclüdür, insanları sağlamdır. Orada yaşasaq, gecə-gündüz həkimlər başımıza dolanacaq, dərmanları pulsuz alacağıq, xəstəlik nədir bilməyəcəyik və.s  


Medicina.az Almaniya səhiyyəsinə marağı nəzərə alıb. Artıq 3 ildir, orda yaşayan azərbaycanlı ailədən daha real, maraqlı məlumatlar əldə edib. Bu ölkədə uşaqlar xəstələnəndə necə müalicə aparılır, həkimlər əsas nəyə diqqət yetirir, hansı dərmanlardan istifadə olunur?...


Azərbaycanlı miqrant, jurnalist Nigar Şirinovanın saytımıza dediklərini təqdim edirik: 



Təcili yardım gəlməyəcək, qızdırmanı özün salmalısan


"Bir ana kimi gəldiyim ilk gündən məni övladlarımın səhhəti narahat edirdi. Almaniyaya gələndə bir oğlum var idi, ikinci burda dünyaya gəlib. İlk şoku uşağın qızdırması qalxanda yaşadım. Hərarət 39-a çatdı, tibbi yardıma zəng etdik. Soruşdular ki, neçədir qızdırma? 39-u eşidən kimi dedilər, "41 olsa, zəng edərsiz” və dəstəyi atdılar. 


Özün maşınla götürüb aparsan da, istədiyin vaxt həkim qəbuluna düşə bilməzsən. Gərək, növbəyə yazılasan. Bir əlac qalır ki, evdə müalicə edəsən. Biz əvvəl elə bildik ki, miqrantlara qarşı belə edirlər. Sonra öyrəndik ki, almanlara da belə yanaşırlar. Artıq almanlar bu qaydalara alışıb. 


Burda qızdırmanı necə salırlar: dəsmalı suda isladıb uşağın dizlərinə, topuqlarına sarıyırsan. Uşağı lüt soyundurub, sərin otaqda yatızdırırsan. Ancaq su içirirsən. Sanki qədim dövrdəki metodlarla müalicə… 


Uşaq 10 gün qızdırır, qızdırma 40-a çatır, titrədir, həkim gəlmir. Həkim baxsa da, dərman yazmır. Bakıda Nurofen, qızdırmasalıcı, ağrıkəsici almağa öyrəşmişdim. Almaniyada  Nurofen dəbdə deyil. Tutaq ki, qızdırma 41-ə çatdı. Bu zaman ambulans yox, Not Artz deyilən həkim gəlir. O müayinə edir, ciddi bir şey görməsə, çıxıb gedir, yox əgər, görsə ki, insanın vəziyyəti həqiqətən ağırdır, ambulans çağırır. Yəni ölümcül vəziyyətdə deyilsənsə, nə qədər ağrısan da, sızlasan da xeyri yoxdur. Deyir, səhər özün yazılıb xəstəxanaya gələrsən.


Burda hər kəsin tibbi sığortası var. Müayinə-müalicə xərclərini dövlət ödəyir. Həkimin qəbulu 150-200 avrodur. Bir də görürsən, həkim baxır, damcı yazır, deyir get 2 gün sonra gələrsən. Növbəti gəliş də puldur. Beləcə sığortadan pul çıxılır.  Heç kimin də vecinə deyil ki, həkim niyə xəstəni dəfələrlə müayinəyə çağırıb. 


Almaniyanın məşhur dərmanları: sistem vurulmur


Burada məşhur dərman bizdəki kimi nurofen yox, parasetamoldur. Qarnı ağrıyandan qızdırması olana – hamıya zəif dozada parasetamol yazırlar. Əgər düşməsə, yenidən gedirsən həkimə. 


Uşaq bronxit olub, öskürür, həkim burun damcısı yazır. Diaqnoz qoyur ki, burunun arxa divarından su boğaza axır, öskürək verir. Burunu yu, təmizlə, damcı tök. Həqiqətən görürsən ki, düz deyir. Uşağın bronxlarını çay, balla, mazla təmizləyirəm. Burda dərman sudur. Bakıda olanda uşağa həkimlər bəlğəmgətirən siroplar, öskürək üçün dərmanlar yazırdılar. Uşağa nə qədər dərman içirdirdim, xeyri də olmurdu. 


Bakıdan özümlə dərman gətirmişdim, hamısını tulladım. Evimizdə indi parasetamol, nurofen, burun damcısı, ağrıkəsici var, vəssalam. Burda həkimlər ağrıkəsici nadir halda yazır. Aptekdən Nurofeni, bəzi dərmanları məcbur olub özüm alıram. Almaniyada uşağın qızdırması 10 günə düşür, uşaq özü sağalır. 


Bir də sistem, iynə yoxdur. Bakıda bir balaca xəstəlik olan kimi sistemlər başlayır. Almaniyada isə infeksiya, virus varsa, heç nə etmirlər, sistem yazmır, deyir get, açıq havada gəz, su iç, sağalacaq. 


Bakıda həkimə gedəndə bir resept dərmanla çıxmağa alışmışdıq. Burda həkimdən əliboş qayıda bilərsən. Xahiş etsən də, tələb etsən də xeyri yoxdur. Deyir sən anasan uşağını düşünürsən, mən də həkiməm səndən düzünü bilirəm. Antibiotik, hardasa irin varsa, o zaman yazılır. Yoxsa qızdırma, öskürək, titrətmədə antibiotik yazmırlar.


Apteklərdən reseptsiz dərman almaq olmur. Qurd dərmanları, ağrıkəsicilər, antibiotiklər yalnız reseptlə satılır. Mən uşaqlarıma qurd dərmanı verirdim. Bilirəm ki, uşağımda qurd var. Deyir, get yoxla. Şüşə verirlər, onu uşağın arxasına plastırla yapışdırırsan. Sonra laboratoriyaya aparırsan. Qurd tapsalar, dərman yazır. 2 -3 həftə dərman verirsən. Dozanı minimumdan başlayırlar. Uşağın müalicəsinə gərək, həftələrlə vaxt sərf edəsən, nazı ilə oynayasan.


İlk əvvəl bu müalicəyə əsəbiləşirdim, gülürdüm. Sonra alışdım. 


 

 Almanlar uşaqlarını necə sağlam böyüdür?


Alman uşaqları yay qış corabsız gəzir, körpələr də ayaqyalındır. Yaşıllıq, park çoxdur. Uşaqlar yağış, qar, tufan olsun, bütün günü havadadırlar. Almanlar uşaqlara baxmır. Pinti görünürlər. Qumda, yerdə eşələnirlər, analarının heç veclərinə deyil. Mikrob dişməkdən qorxmurlar. Uşaqlar xəstələnə-xəstələnə böyüyür. Balaca uşaqlar tualetə özləri gedir. Üst-başları sidik, su, burunlarının suyu dayanmır. Bağçalarda da baxmırlar. Buna baxmayaraq, immunitetləri möhkəmlənir, getdikcə daha sağlam olurlar. 


Məktəbdə, bağçada süd, meyvə şirəsi havayıdır, o qədər çoxdur ki, uşaq istədiyi vaxt götürüb süd içir. Daha çox itburnu, fenxel çayı içilir. Evləri sərin olur. Almanlar səhər çıxır, axşam evə qayıdırlar. Bütün günü küçədədirlər. Yemək az yeyirlər. Şirniyyat az qəbul edirlər. Ərzağı gündəlik, az-az alırlar. 


Məktəbdə uşaqlara protein, vitamin, mineral kompleksi verilir ki, sümük-əzələ sistemi möhkəm inkişaf etsin. Uşaqları cılızlaşmağa qoymurlar. Hamısının boyu hündür, sümükləri iri. Biz onların yanında cırtdanlara oxşayırıq. 


Uşaq cəmiyyətdə hər kəsdən  üstün hesab olunur. Xüsusən sağlamlıq və psixologiyalarını çox qoruyurlar. Bu cür davranışda, müalicədə məqsəd almanların immunitetini möhkəmlətməkdir. İmmunitet özü mübarizə aparmalı, orqanizm özü sağalmalıdır. Qrip, qızdırma xəstəlik yox, müalicə üsulu deməkdir. 


90 yaşında qocalar velosiped sürür. Yaşlanmaq ölməyə səbəb deyil


Azərbaycanda qocalıq 65 yaşdan başlayır, 65-i keçən kimi deyirlər yaşlıdır da, öləcək.  Burda 80 yaşında insanlar cavan oğlan, qız kimi velosiped sürürlər. Ölməyə də hazırlaşmırlar. 90 yaşında kişi ölmüşdü, ekspertlər tökülüşmüşdü ki, bu niyə öldü, nədən öldü? Qocalmaq ölmək səbəbi deyil burada. 70-80 yaşında kişilər, qadınlar parklarda qaçır, velosiped sürür, pivə içirlər.


Bir dəfə məzarlıqda oduq, qəbirlərin üstünü maraq xətrinə oxuyurdum, dəhşətə gəlirdim, ən cavan ölən 79-80 yaşında idi. Əksəriyyəti 90-98 yaş. Şoka düşürdük. Tək- tük gənc adam ölür, o da qəzalarda. 


Xərçəngin müalicəsində maraqlı üsul


Xərçəng diaqnozu çox erkən qoyulur, çünki insanlar ildə 1-2 dəfə tam müayinədən keçirlər. Diaqnoz təsdiqlənəndən sonra,  xəstənin körpücük sümüyünə əməliyyatla süngər kimi bir şey yerləşdirirlər. Bu zaman kimyaterapiya olduqda damarlar, dəri yanmır, sağlam qalır. Kimyaterapiya az-az , uzun müddətə tətbiq olunur. Ondan sonra vitamin terapiya edirlər.  Xəstə elə yaxşı olur, əvvəlkindən də sağlam. Saçları daha gur çıxır. 


Qeyd edim ki, xəstəxanalar doludur, adam əlindən yer yoxdur, həkimə düşmək çətindir. Amma əgər xəstənin vəziyyəti kritikdirsə, palatadan normal xəstəni dəhlizə çıxarıb, orda yatırır, palataya ağır xəstələri yerləşdirirlər. Birinci növbədə də uşaqları nəzarətə alırlar. 


Uşağın gözünü necə xilas etdik?-  Bakıda ptoz gözü dərmanla qaldırırdılar. 


Oğlum İsmayılın gözü doğulandan ptoz idi. Bakıda aparmadığım həkim qalmadı. Uşağa nevroloji, şizofreniyaya qarşı dərman yazmışdılar. Guya, bu dərman uşağın gözünü yuxarı qaldıracaqdı. 


Almaniyaya gələn kimi uşağın gözünü yoxlatdım. Dedilər, təcili əməliyyat olmalıdır. 6 yaşa kimi olunmasa, şaxə quruyacaq, ömürlük belə qalacaq. 

Bakıda isə deyirdilər, kosmetik qüsurdu, 18 yaşına kimi əməliyyat edə bilərsiz. Yaxşı ki, 5 yaşında əməliyyat etdirdim.  Hələ də anlaya bilmirəm ki, göz qapağında əməliyyatla düzələcək qüsuru bizim həkimlər siropla, dərmanla necə qaldıra biləcəkdilər? Körpə uşağa ağır dərmanları yazmışdılar, dəhşətə gəlirəm ki, övladıma nə vermişəm. 

 



Almaniyada uşağa anesteziya iynə ilə olunmur. Ümumiyyətlə, almanlar mümkün qədər uşağı iynədən uzaq tuturlar ki, orqanizmi üçün stresdi. Narkoz əvəzi paketdə sirop verilir, suya qatıb içirirlər. 


Bir sözlə, Almaniyada müalicə üsulu belədir: su, meyvə, çay, açıq havada gəzmək. 


Etiraf edim ki, bu müalicə üsullarından sonra mənim də uşaqlarım ildə bir dəfə xəstələnir, o da özləri sağalır və heç bir ciddi ağırlaşmalar olmayıb. Uşaqlarım aktiv, enerjili, sağlam və ən əsası dərmandan uzaq böyüyür.


Aygün Musayeva

Medicina.az



 

 

Almaniyada uşaqlar necə müalicə edilir, insanlar 90 yaşına kimi necə yaşayır? -  Azərbaycanlı jurnalist  şok faktlar açıqladı
Almaniyada uşaqlar necə müalicə edilir, insanlar 90 yaşına kimi necə yaşayır? -  Azərbaycanlı jurnalist  şok faktlar açıqladı