Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Almaniya ilə Bakı arasında Teletibb açılacaq - Xəstələr oradakı həkimlərdən məsləhət ala biləcək

  • 2019.02.01 18:22
  • 21352 Baxış
Almaniya ilə Bakı arasında Teletibb açılacaq -  Xəstələr oradakı həkimlərdən məsləhət ala biləcək

Bir müddətdir üzərində işlənilən Teletibb layihəsi yekunlaşmaq üzrədir. Bu il Almaniyanın məşhur klinikaları və orda çalışan həm alman, həm azərbaycanlı uzman həkimlərin qoşulacağı Teletibb vasitəsilə Azərbaycandakı pasiyentlər müayinə və müalicə üçün müraciət edə biləcəklər.  


Bu barədə medicina.az saytına Almaniyada çalışan Frankfurt Klinkasının cərrahı Vüqar Yaqublu məlumat verib.


O bildirib ki, Almaniyada mütəxəssis kimi klinikalarda yüksək vəzifələrə yüksələn həkimlərimizə Azərbaycandan xeyli sayda pasiyent məsləhət üçün müraciət edir:


"Biz həkimlərin qeyri-rəsmi olaraq onlayn məsləhət verməyə ixtiyarımız yoxdur. Qanunda e-mail və whatsaap üzərindən xəstənin sualına cavab verib, üstəlik müalicə təyin etmək qadağandır, bir yanlışlıq olarsa, pasiyent bizi məhkəməyə verə bilər. Məsələn, mən və digər azərbaycanlı həkimlər işlədiyimiz klinikanın xəbəri olmadan burdan xəstələrə konsultasiya edə bilmərik. 


Yeni Teletibb haqqında qanun imkan verir ki, qanunla və rəsmi şəkildə burdan Azərbaycandakı xəstələrə, eləcə də digər ölkələrdə rusdilli xəstələrə tibbi konsultasiya edək. Bu qanun Almaniyada yenidir, hələ təcrübədə tam işlənməyib.


Bakıda bizimlə bu layihəyə qoşulacaq klinkadan Teletibb vasitəsilə hər hansı xəstənin diaqnozu müvafiq həkimə yönləndiriləcək, burda müayinələrə baxılacaq, diaqnoz qoyulacaq və müalicə sxemi son protokollara uyğun təyin ediləcək”. 


Vüqar Yaqublu Almaniyada bu qanunun hələ pilot layihə kimi sınandığını bildirir. Teletibbin inkişaf etdiyi ölkələr Amerika və İngiltərədir. Hətta Almaniyadan olan xəstələr də bu ölkələrin həkimləri ilə Teletibb vasitəsilə əlaqə yaradır:


"Almaniyanın özündə də bir qədər həkim çatışmazlığı var. Almanlar bir qədər  mühafizəkar olduqları üçün yeniliklərə ehtiyatla yanaşırlar. Ona görə teletibb məsələsi bu qədər yubanıb.


Teletibbə qanunda izn verilsə də, hələ onun  mexanizmləri dəqiqləşməyib.

Azərbaycandan bizə həqiqətən çox xəstələr müraciət edir. Hamısı da telefonla şəkil, müayinə kağızı göndərir. Bəzən səthi cavab vermək məcburiyyətində qalırıq. Bir xəstənin müayinə sənədlərini incələmək saatlarla vaxt aparır. Ona görə bu problemin aradan qaldırılması üçün ideal variant teletibbdir. 


Bu layihəyə tək mənim işlədiyim Frankfurt klinikası yox, digər şəhərlərin klinikaları da qoşulacaq və artıq danışıqlar gedir. Həm həkimlərin, həm klinikaların bu işdə marağı var. Bakıda da işləyəcəyimiz klinkanı təyin etdikdən sonra layihə işə düşəcək. 

Bununla da Azərbaycanlı pasiyentlərin sərbəst şəkildə Almaniyadakı mütəxəssislərimizə müraciəti asanlaşacaq. 


Bəzən insanlar xəstəliyinə görə narahat olur, Almaniyaya gəlmək üçün xeyli pul xərcləyir. Belə həmvətənlərimizi görəndə də əsəbiləşirəm ki, axı adi bir məsələdən ötrü vaxtı, pulu boşuna sərf olundu, halbuki gəlmədən də yardım etmək olardı. 


Teletibb vasitəsilə xəstələrin MRT, KT, rentgen, USM, qan analizlərini burda incələmək və rəsmi, möhürlü bir diaqnoz sənədi vermək mümkün olacaq. Xəstə də Azərbaycandan çıxmadan müalicəsini qəbul edəcək”

 

Almaniya ilə Bakı arasında Teletibb açılacaq -  Xəstələr oradakı həkimlərdən məsləhət ala biləcək