Adətən klassik allergiya mövsümü yaz və yay aylarında havanın xoşagəlməz simptomlara səbəb olan tozcuqlarla dolu olması ilə əlaqələndirilir. Lakin payız allergiya xəstələri üçün də az təhlükəli deyil. Payız aylarında allergiyaya meyilli insanlar tozdan başqa, bitki tozcuqları və kifdən də narahat ola bilərlər. Kif göbələkləri hər yerdə və ilin istənilən vaxtında ortaya çıxa bilər, lakin payızda yayılmasının əsas səbəbi rütubətli havadır.
Kif göbələkləri mikroskopik hissəciklərlə təmsil olunur ki, bu da allergiyanın klassik simptomlarına səbəb olur. Belə ki, kif göbələkləri rütubətli hava şəraitində, xüsusilə anbarlarda və ya zirzəmilərdə sürətlə çoxalır. Burada işıq çatışmazlığı kiflənməyə optimal şərait yaradır. İnsan öz evində də kif göbələkləri ilə təmasdan sığortalanmayıb. Şüşələnmiş lojalar, hamam və zəif havalandırılan otaqlar – bütün bunlar təhlükəli kif göbələklərinin riskini xeyli artırır.
"Medicina" xəbər verir ki,bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Tahirə Pənahova deyib.
"Allergiyanı tamamilə müalicə etmək demək olar ki, mümkün deyil. Lakin səbəbini bildikdə xəstəliyi müalicə etmək daha asandır. Allergiyanın qarşısını almaq üçün allergenin daxil olmasının qarşısını almaq vacibdir. Məsələn, qida allergiyasıdırsa, buna səbəb olan qida rasiondan çıxarıldıqdan sonra şikayətlər də tam aradan qalxır. Dərman allergiyası ciddi xəstəliklər qrupuna aiddir. Əgər dərman allergiyasının səbəbi müəyyən edilməzsə, bu zaman xəstə tərəfindən dərmanın təkrar qəbulu zamanı daha ciddi allergik reaksiya və ya təhlükə anafilaktik şoka səbəb ola bilər.
Vaxtında həkim-allerqoloqa müraciət etməklə, xəstəliyin ağır formalarının inkişafının qarşısını almaq mümkündür.
Xəstələrin vaxtında allerqoloqa müraciət etməsi, mütəxəssis tərəfindən dəqiq və ətraflı müayinəsi və müalicə bu xəstələrin uzun müddət sağlam həyat sürməsinə kömək edir".
Aygün Musayeva