Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Allergiya necə yaranır, müalicəsi nədir, kimlər ehtiyatlı olmalıdır? - HƏKİMDƏN AÇIQLAMA

  • 2019.08.12 13:45
  • 15092 Baxış
Allergiya necə yaranır, müalicəsi nədir, kimlər ehtiyatlı olmalıdır?  - HƏKİMDƏN AÇIQLAMA
Allergiyası olan şəxslər nəfsinə daim nəzarət etməlidir Çiyələk və yabanı çiyələk ən allergik giləmeyvədir. Medicina.az-ın məlumatına görə, bunu rusiyalı allerqoloq-immunoloq Marina Malinovskaya deyib. Onun sözlərinə görə, çiyələyə allergiyası olan insanlarda bu giləmeyvə qaşınma, asqırma, boğaz qıcıqlanması, səpmə, bronxial astma kimi simptomlara səbəb ola bilər. Həkim körpələrə çiyələk verməməyi məsləhət görüb. Eyni zamanda, daha az allergiyaya səbəb olan giləmeyvələr moruq, qarağat, qaragilə və motmutu hesab olunur. Qeyd edək ki, son dövrlər insanlar arasında allergiya halları artıb. Hətta mübaliğəsiz demək olar ki, doğulan körpələrin böyük əksəriyyəti allergiyadan əziyyət çəkir. Bir çox hallarda allergiyanı törədən səbəblər barədə məlumatsızlıqdan bu hal daha da ağırlaşır və arzuolunmaz nəticələrə gətirib çıxarır. Maraqlıdır, allergiya nədir, necə yaranır, hansı hallarda sağlamlığımız üçün təhlükə yaradır, müalicəsi varmı? Allergiya - orqanizmin allergen adlanan, ətraf mühitdəki bəzi faktorlara (kimyəvi maddələrə, mikroblara, qida məhsullarına və s.) qarşı yüksək həssaslığıdır. Allerqoloq Nahid Məhərrəmov mövzu ilə bağlı açıqlamasında bildirib ki, allergiya - adətən immun sisteminin zəifləməsi nəticəsində yaranır: "Allergiya bəzi heyvanların tükünə, müxtəlif məhsullara, toza, dərmanlara, kimyəvi maddələrə, həşərat sancmasına və bitki tozcuğuna qarşı yarana bilər. Allergiyanı törədən maddələr allergen adlanır. Bəzi hallarda allergik reaksiyalar o qədər zəif təzahür edir ki, hətta siz özünüz də allergiya olduğunuzdan bixəbər ola bilərsiniz". Allergiyanın çox ağır fəsadlar yarada biləcəyini vurğulayan N.Məhərrəmov qeyd edib ki, bu hal insanda həyati təhlükəyə səbəb ola bilər: "Allergiyaya düçar olan insanlarda anafilaktik şok əmələ gələ bilər - bu, orqanizmin allergenə qarşı son dərəcə kəskin reaksiyası olan ağır patoloji vəziyyətdir. Anafilaktik şok müxtəlif allergenlərdən törəyə bilər: dərman preparatlarından, həşəratların sancmasından, qida məhsullarından. Anafilaktik şok, həmçinin dərinin allergenlə, məsələn, latekslə kontaktından da yaranır".   Həkim deyir ki, qida allergiyası - müəyyən məhsulların törətdiyi və müvafiq simptomlarla müşayiət edilən immun reaksiyadır: "Orqanizm hər hansı bir məhsulu təhlükə hesab edəndə, qida allergiyası yaranır. Bu halda orqanizm özünü qorumaq üçün immun sistemini anticismlər istehsal etməyə məcbur edir. Allergenin bədənə təkrar daxil olduğu halda, immun sistemi o maddəni tez tanıyır və yenidən anticismlər istehsal etməklə dərhal reaksiya verir. Məhz elə bu maddələr allergik simptomlar yaradır". Allergiya yaradan meyvələr arasında ön sırada yer alan giləmeyvə - hər birimizin çox sevdiyi çiyələkdir. Bu giləmeyvə dadı, ən əsası isə, qoxusuna görə çoxlarının ən sevimli meyvəsidir. Lakin bu giləmeyvə bir tək qoxusu və dadı ilə deyil, orqanizm üçün çox xeyirli və lazımlı vitamin və mikroelemtlərlə zəngin olduğu üçün də faydalı meyvələr sırasına daxildir. Belə ki, çiyələyin tərkibində insan orqanizmi üçün çox lazımlı antioksidantlar və bir sıra vitaminlər var. Bunlar: A, B, E, H və PP qrup vitaminləridir. Xeyirli xüsusiyyətlərinə, həmçinin onun iştah artırması və həzm sisteminə yaxşı təsiri də aid edilir. Həmçinin çiyələk arterial təzyiqi aşağı salma qabiliyyətinə malikdir və ürək-damar xəstəlikləri zamanı xeyirlidir. Bu giləmeyvə susuzluğu yatırır, eyni zamanda sidikqovucu və tərqovucu effektə malik olub, zəngin kimyəvi tərkibə malik olduğu üçün qocalma prosesini zəiflədir və əhvalı yüksəldir. Təəssüf ki, bu qədər xeyirli olan giləmeyvəyə olan allergiya çoxlarına aid edilən bir problemdir. Çiyələk, məsaməli strukturuna görə, yetişmə zamanı özündə çox miqdarda tozcuqlar yığdığı üçün kifayət qədər allergik meyvə sayılır. Bir çox insanlar isə müəyyən bitkilərin çiçəkləməsinə hiperhəssas olduğuna görə, onlarda meyvədə yığılan tozcuqlar sayəsində avtomatik olaraq allergiya yaranır. Allergiyanın əsas əlamətləri boğazda arabir sancma, ağızda qaşınma və şişmə, gözlərin yaşarmağı, asqırmaq və burun tutulması ola bilər. Həmçinin dəridə qaşınma ilə müşahidə olunana səpkilər də allergiyanın əlamətlərinə aiddir. Daha kəskin reaksiyalar qusma, qıcolma, astma tutması, yüksək hərarət və ishal ola bilər. Ən təhlükəlisi isə anafilaktik şokdur. Ümumilikdə isə, bu giləmeyvəyə olan reaksiya, təbii ki, individual olaraq hər kəs üçün fərqlidir. Amma bir məsələ də var. Tutaq ki, bir şəxsin çiyələyə və ya adı çəkilən digər giləmeyvələrə allergiyası var, amma ürəyindən onu yemək keçir. Bu halda o nə etməlidir? Milli.Az bildirir ki, Tibb üzrə ekspert, professor Adil Qeybulla "Kaspi" yə açıqlamasında ilk olaraq meyvələri mövsümündə yeməyi məsləhət gördü: "Bazarda satılan meyvələrin əksəriyyəti xaricdə müxtəlif istixanalarda yetişdirilir. Bu meyvələrin yetişdirilməsi, eləcə də uzun müddət xarab olmamağı üçün müxtəlif gübrə və dərmanlardan istifadə olunur. Təbii ki, bu da son nəticədə insanların zəhərlənməsi ilə nəticələnir. Allergiyası, həssaslığı, immuniteti zəif olan insanların, hamilə qadınların, uşaqların bu cür meyvələri qəbul etməsi məqsədəuyğun deyil. Genetik modifikasiya edilmiş, dərmanla yetişdirilmiş meyvələr bir çox halda həssas insanların bədənində səpgilərin yaranmasına, üzün şişməsinə səbəb olur. Sovet dövründə bazardakı çiyələklərin ölçüləri çox kiçik olurdu. Hazırda satışda olan çiyələklər ondan dəfələrlə böyükdür. Belə meyvələr istixana şəraitində yetişdirilir və insan orqanizmi üçün faydalı deyil. Əhaliyə yerli məhsullardan istifadə etməyi məsləhət görürəm. Yəni, ən azından yedikləri meyvənin yetişdirilmə mühitindən xəbərdar olsunlar". Ekspert deyir ki, allergiyası olan şəxslər nəfsinə nəzarət etməlidir: "Tam olaraq imtina etmək mümkün deyil. Bütün meyvələrin tərkibində insan orqanizmi üçün önəmli olan vitaminlər var. Amma istənilən halda ehtiyatlı olmaq lazımdır. Allergiyası olan şəxslər kənardan gələn meyvələri yox, sırf yerli şəraitdə becərilmiş meyvələri yeməlidirlər. Yəni, bizim iqlim şəraitimizə uyğun şəraitdə yetişmiş meyvələr yeyilsə, daha yaxşı olar. Allergiyası olan insanlar həmişə diqqətli olmalıdırlar, onlar nəinki yedikləri meyvədən, hətta adicə arı sancmasından belə allergiya ola bilərlər".
Allergiya necə yaranır, müalicəsi nədir, kimlər ehtiyatlı olmalıdır?  - HƏKİMDƏN AÇIQLAMA
Allergiya necə yaranır, müalicəsi nədir, kimlər ehtiyatlı olmalıdır?  - HƏKİMDƏN AÇIQLAMA