Alimlər yaxın 5 il üçün pandemiya ssenarisinin mümkün gedişatını təhlil edib.
Onların proqnozlarına görə hələ koronavirus pandemiyası davam edəcək.
Bakupost.az xəbər verir ki, alimlər pandemiyanın daha 5 il davam edəcəyini proqnozlaşdırır.
Beynəlxalq elmi birliyin son məruzəsinə görə, 2027-ci ilə qədər mümkün ola biləcək 3 ssenarini müzakirə edib. Məruzənin müəllifləri dünyanın məşhur 20 ekspertidir.
1-ci ssenari optimistdir
Tam vaksin olunmuş insanların bütün dünyada sayı 80%-ə çatarsa, çoxsaylı insan həyatı xilas ediləcək, SARS virusun yeni variantları yayılmayacaq, lakin koronavirus endemik virusa çevriləcək. Nəzarətə tabe olacaq.
Dünyada mövcud effektiv vaksinlər bərabər paylanılmadığı üçün bu ssenari ümidverici görünmür. Təəssüf ki, 90% ölkə hökumətləri milli və dar çərçivəli mübarizəyə o qədər fokuslandılar ki, pandemiyanın davam etməsi üçün münbit şərait yaratdılar.
2-ci ssenari daha realistdir
Acı olsa da reallıqla barışmaq lazımdır. Dünyada qitələr üzrə ümumi vaksinasiya 60%-ə çatıb. Bu halda koronavirus endemik olacaq, mövsümi olaraq bir neçə ölkədə güclü dalğalar olacaq, yenə də xəstəxanalar dolacaq. Bu ssenari gerçəkləşərsə, məhdudiyyətlər, qadağalar, daim yenilənən dərman və vaksinlərlə illəri yola verəcəyik.
2027-ci ilə kimi ölkələrarası bərabərsizlik güclənəcək, inkişaf etmiş dövlətlərin əhalisi kəskin fazanı birtəhər keçsə də, kasıb ölkələrdə insan itkisi yüksək olacaq.
3-cü ssenari ən pessimistidir
Milli və populist yanaşma davam edərsə, vaksinasiya 50%-dən də aşağı düşəcək, koronavirus nəzarətsiz şəkildə planetdə özbaşına gəzəcək, gah bu qitədə, gah o birində yeni variantlarla qığılcımlanma yaradıb, illərlə davam edəcək. Pandemiya ilə effektiv mübarizə üçün dünya bir olmalı, ətraf mühit və iqlim dəyişikliyinə nəzarət etməli, hərə öz ölkəsinin qeydinə qalmağı buraxmalıdır.
Aygün Musayeva
BakuPost