Alimlər hamilə qadınların hamiləlik zamanı nə qədər əlavə kalori qəbul etməli olduqlarını ilk dəfə hesablayıblar.
Medicina.az xəbər verir ki, Avstraliyanın Monash Universitetinin tədqiqatçıları qadınların 9 aylıq hamiləlik dövründə əlavə olaraq cəmi 50 min kalori istehlak etməli olduqlarını müəyyən ediblər.
“Science” elmi jurnalında dərc edilən araşdırmada körpənin toxumalarında yığılan enerjinin hamiləlik zamanı ümumi enerji xərclərinin 4 faizini əhatə etdiyi bildirilib. Qalan 96 faiz isə qadının öz bədəninin ehtiyac duyduğu əlavə enerjidir.
Kaliforniya Riverside Universitetindən Devid Reznik vurğulayıb ki, təkamülçü bioloq Destin Marşall və komandası insanlarda hamiləlik zamanı nə qədər əlavə kalorinin lazım olduğunu hesablayan ilk şəxslərdir.
Araşdırmada həşərat, ilan və keçi də daxil olmaqla, 81 növün hamiləlik dövründə əlavə enerji ehtiyacı və istehlakı da araşdırılıb.
Tədqiqat nəticəsində məlum olub ki, heyvanın ölçüsü onun çoxalması üçün nə qədər əlavə enerjiyə ehtiyacı olduğuna böyük təsir göstərir. Məsələn, mikroskopik rotiferlər nəsil artırmaq üçün 1 kalorinin milyonda birindən az əlavə tələb edir. Müqayisə üçün, ağ quyruqlu maralların hamiləlik dövründə ən azı 112 min əlavə kaloriyə ehtiyacı var.
Araşdırma, həmçinin maddələr mübadiləsinin də mühüm rol oynadığına diqqət çəkib. Buna uyğun olaraq, isti qanlı məməlilər sürünənlərdən və eyni ölçüdə olan digər soyuqqanlı heyvanlardan üç dəfə çox enerji sərf edirlər.
Aysel