Yeni ildən sonra hamımız yeni həyata başlamaq istəyir və bunun üçün qarşımıza müəyyən məqsədlər qoyuruq. Əksəriyyətimiz nə arzu edir? Əlbəttə ki, ilk sırada sağlamlıq gəlir.
Medicina.az xəbər verir ki, rusiyalı mütəxəssislər uzunömürlü olmaq və cavan qalmaq barədə vacib məsləhətlər verib.
Harvard Tibb Məktəbində, Moskva Dövlət Universitetində Sistemli Biologiya Laboratoriyasının baş elmi işçisi, Yutub-da populyar "Real Scientists" elm kanalının müəllifi və aparıcısı Aleksandr Tışkovskinin sözlərinə görə, ünsiyyət və dostluq bir çox xəstəlik riskini azaldır:
"Bu gün ömrünüzü uzatmağın ən yaxşı yolu onu qısaltmağa son verməkdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, siqaret hər il dünyada təxminən 8 milyon insanın həyatına son qoyur. Təhlükəli vərdişdən imtina etməklə yaşa bağlı bir çox xəstəliklərin yaranma riskini azaldaraq, orta ömür müddətini təxminən 10 il artıra bilərsiniz.
Başqa bir məqam daha çox ünsiyyət qurmaq haqqındadır. Tədqiqatlar göstərir ki, yüksək səviyyəli rabitə yaşlı insanlarda Altsheymer xəstəliyi və demansın inkişaf riskini azaldır. Bundan əlavə, dostluq münasibətləri də ömrü uzadır. Odur ki, 2020-ci ildə dostlarınız və ailənizlə vaxt keçirməyi, yeni tanışlıqlara açıq olmağı unutmayın.
"Aşağı kalorili pəhriz ömrü uzatmağın ən təsirli yollarından biridir, - deyə ekspert izah edir:
"Bununla birlikdə siçanlar üzərində aparılan təcrübələr göstərir ki, eyni pəhriz bəzi orqanizmlər üçün faydalı, digərləri üçün zərərli ola bilər. Bundan əlavə, az karbohidratlı və keto kimi bəzi pəhriz növlərinin insanlarda ölüm hallarını, eləcə də xərçəng və ürək-damar xəstəlikləri riskini artırdığı aşkar edilib. Ümumiyyətlə, pəhriz orta dərəcədə yaxşıdır: vücudunuzu aclıq hissi ilə tükəndirməməli və karbohidratlardan tamamilə imtina etməməlisiniz. Yalnız normal miqdarda sağlam qidalar yeməlisiniz!"
Akademik Mixail Piradov isə bildirib ki, yaddaşı möhkəmləndirmək üçün dərman qəbulu şərt deyil:
"Yaddaşı qorumağa kömək edən bir çox üsul var. Sübut olunub ki, dil və ya şeir öyrənmək faydalıdır. Niyə? Çünki beynin daimi fəaliyyətə ehtiyacı var. Hesab olunur ki, beyində uzunömürlülüklə əlaqəli molekul var. Diqqət edin - alimlər və aktyorlar uzunömürlü olur. Çünki ikisi də qocalana qədər çox sayda məlumat oxumağa və yadda saxlamağa məcburdur.
Fiziki fəaliyyətin beynin işləməsi üçün böyük əhəmiyyətə sahib olduğu da sübut edilib. Həddən artıq ağır olmayan məşqlər qan dövranını, beynin oksigenlə doymasını yaxşılaşdırır, damar tonusunu dəyişir.
Qeyri-adi hərəkətlər etmək də faydalıdır. Məsələn, iki əlin eyni vaxtda, amma müxtəlif istiqamətlərə dairəvi hərəkətləri: bir əliniz saat əqrəbi istiqamətində, digəri əksinə. Bu da beyin üçün yaxşı gimnastika olacaq".
Kardioloq Filip Kopılov qeyd edib ki, insanların vaxtından əvvəl ölümünün iki əsas səbəbi ürək-damar xəstəliyi və insultdur:
"Bu cür dəhşətli nəticələrə səbəb olan risk faktorlarına baxsaq görərik ki, əsas səbəb qan təzyiqinin artmasıdır. Üstəlik, statistikaya görə, hipertoniya xəstələrinin yalnız yarısı bu barədə bilir. Onların da yarısı müalicə alır və təzyiqlərinin normal həddə saxlanmasına diqqət yetirir. Odur ki, ilk növbədə hipertoniyanı effektiv müalicə etmək tələb olunur. Ürək və qan damarlarının sağlamlığını qorumaq üçün istisnasız olaraq hər kəsə əsas qaydalara əməl etməyi tövsiyə edirəm: Duzu azaldın, artıq çəkidən qurtulun. Siqareti tərgidin, spirtli içki qəbul etməyin. Həftədə minimum 150 dəqiqə və ya həftədə 5 gün ən az 30 dəqiqə məşq edin. Daha yaxşı olardı ki, hər gün 40-60 dəqiqə idmanla məşğul olun və stressi azaldın".
Neyroendokrinoloq Yuri Poteşkin isə bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının tərifinə görə sağlamlıq təkcə fiziki deyil, həm də psixoloji rifahdır:
"Özünüzü olduğunuz kimi qəbul edin. Bəzi həll olunmamış sağlamlıq probleminizin olduğunu etiraf edin. Bədəninizdəki problemlərə qulaq asın. Bu, sağlamlıq durumunu anlamağa, onu qorumağa və hətta yaxşılaşdırmağa kömək edir. Yeri gəlmişkən, tibbi müayinə bu işdə kömək edə bilər.
Növbəti addım və ikinci ipucu: vəziyyəti düzəltmək, sağlamlığınızı bərpa etmək üçün həll etməli olduğunuz vəzifələri özünüz üçün dəqiqləşdirin. Üçüncüsü, onları dərhal həll etməyə başlayın. Əgər indi başlamasanız, gələcəkdə başqalarının köməyini qəbul etməli olacaqsınız.
Ənənəvi olaraq Yeni ildən dərhal sonra pəhriz saxlayırsınızsa, bədəninizə əziyyət verməməyi məsləhət görürəm. Ac qalmayın. Bir neyroendokrinoloq kimi sizi əmin edirəm ki, aclıq və ya bədənə qarşı digər stress fayda verməyəcək. Effektiv, etibarlı və qalıcı olaraq arıqlamağa kömək etməyəcək. Əslində ac qalmamaq, eyni zamanda kökəlməmək üçün həmişə uyğun menyu tərtib edə bilərsiniz. Bunu özünüz edə bilmirsinizsə, həkiminizlə məsləhətləşin".
Avropa Yuxu Tədqiqatçıları Cəmiyyətinin mütəxəssisi Aleksandr Kalinkin bildirib ki, yüksək qlisemik indeksi olan qidalar yuxusuzluq riskini artırır:
"Söhbət qanda qlükozanı sürətlə artıran qidalardan gedir. Bunlar şirniyyat və xəmir xörəklərdir. Qlükozanın artması kortizol və adrenalin hormonlarının ifrazının artmasına səbəb olur. Onlar bədəni canlandırır və yuxunun qarşısını alır.
Digər tərəfdən, qanda qlükoza səviyyəsində güclü azalma da yuxu pozğunluğuna təsir edən faktordur. Ümumiyyətlə, bədənin hər hansı bir göstəricisinin həm kəskin artımı, həm də azalması yuxu üçün zərərlidir. Odur ki, hər kəsə bir istiqamətdə sabitliyə nail olmağı arzu edirəm.
Elmi məlumatlara əsasən yatmazdan bir saat əvvəl yüngül qəlyanaltı (tərəvəz, şəkərsiz meyvə, turş süd məhsulları) qəbulu və ya təxminən 4 saat əvvəl doyumlu yemək yuxuya getməyi asanlaşdırır. Acqarına isə yuxuya getmək daha çətin olacaq, çünki bağırsaqların hərəkətliliyi artır.
Axşam işıqlandırmasına gəlincə, 2019-cu ildə Mançester Universitetinin tədqiqatçılarının apardığı elmi araşdırma göstərdi ki, smartfonlardakı gecə rejimi, ekranın mavi rəngini sarıya dəyişmək daha da əlverişsizdir. Amma belə nəticələr siçanlarda əldə edilib. İnsanlarda aparılan təcrübələrsə göstərib ki, mavi işığın spektri daha çox zərərlidir. Çünki "gecə hormonu" - melatoninin ifrazına mane olur. Odur ki, daha sürətli yuxuya getmək və yaxşı yatmaq istəyən hər kəsə yatmazdan bir neçə saat əvvəl telefonlarından müvəqqəti ayrılmağı məsləhət görürük. Qacet ekranlarının mavi parıltısından qaçın".
Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin hesab edir ki, erkən diaqnoz uğurlu müalicənin açarıdır:
"Xərçəngin erkən mərhələlərdə aşkar edilməsi müalicənin uğurlu olmasına təsir edir. Bu səbəbdən də əsas məsləhətim tibbi müayinənin vaxtında aparılmasıdır. Bədəninizə qulaq asın. Hər hansı bir xəbərdarlıq əlaməti təcili tibbi yardım üçün siqnal olmalıdır".
Aşağıdakı simptomlar varsa, təcili şəkildə həkimə müraciət edin:
Bu əlamətlərin olması hər zaman onkoloji xəstəliklərdən xəbər vermir. Amma rahat yatmaq üçün yoxlamaq lazımdır.
1. Bədənin hər hansı nahiyəsində şişkinlik, düyünlər və digər neoplazmaların olması.
2. 3 həftədən çox davam edən öskürək, səs dəyişikliyi, təngənəfəslik.
3. Bəlğəm, sidik və nəcisdən menstruasiya dövrü və ya ondan sonra qan gəlməsi.
4. 3 həftədən çox müddət ərzində selikli qişalarda və dəridə sağalmayan yaralar.
5. Yeni xal və ya köhnələrdə dəyişikliklər (qaralma, deformasiya, böyümə).
6. Bağırsaqlarda (qəbizlik, ishal) və ya öd kisəsində pozğunluq. (publika.az)