Malyariya üçün istifadə edilən qədim Çin təbabətinə aid bir dərmanın ümumi hormonal pozğunluq olan polikistik yumurtalıq sindromunun (PCOS) müalicəsində ümidverici nəticələr göstərdiyi açıqlanıb.
Medicina.az xəbər verir ki, mütəxəssislər bu metodun "böyük potensiala" malik olduğunu deyirlər.
Dəqiq səbəbi bilinməyən PCOS yumurtalıqların həddindən artıq testosteron istehsal etməsi ilə müəyyən edilir. Menstruasiya tsiklinin pozulması və sonsuzluq kimi problemlərə səbəb olan bu xəstəlik qadınların üzlərində tüklərin çıxması kimi əlamətlərlə özünü göstərir.
Bundan əlavə, PCOS-dan əziyyət çəkən bir çox insanda insulin müqaviməti var ki, bu da piylənmə, diabet və ürək xəstəlikləri riskini artırır.
Hazırda istifadə edilən müalicə üsullarından biri olan doğuşa nəzarət həbləri, testosteron səviyyəsini tənzimləyərək nizamsız menstruasiya və həddindən artıq tüklənmə kimi problemləri həll edir. Sonsuzluğa qarşı dərmanlar və ya əməliyyatlar da bu problemi aradan qaldıra bilər.
Digər tərəfdən, bu üsulların kifayət qədər effekt vermədiyi və hər kəsə tətbiq edilə bilməyəcəyi bildirilir.
“Science” jurnalında dərc edilən araşdırmada malyariya üçün istifadə edilən artemisinin dərmanının PCOS müalicəsində 63 faiz müvəffəqiyyət nisbəti göstərdiyi qeyd edilib.
Dərmanı ilk dəfə siçanlar və siçovullar üzərində sınaqdan keçirən elm adamları artemisinin həm testosteron səviyyəsini aşağı saldığını, həm də sonsuzluğu aradan qaldırdığını müşahidə ediblər.
PCOS-dan əziyyət çəkən 19 qadın bu dərmanı 12 həftə ərzində, gündə üç dəfə istifadə edib. İştirakçılardan 12-nin menstrual dövrü nizamlanıb, üstəlik bu təsir dərmandan istifadəni dayandırdıqdan sonrakı 12 həftəlik təqib müddətində də davam edib.
Heç bir mənfi təsir müşahidə etməyən bu insanların yumurtalıqlarında yetişməmiş follikulların səviyyəsi də azalıb. Ovulyasiya dövründə bir follikul tam yetkinləşib yumurta əmələ gətirərkən, PCOS-da bir çox kiçik follikul eyni anda yetişməyə çalışır. Bu səbəblə follikulların yumurta buraxmaması kist əmələ gəlməsinə səbəb ola bilər.
Çinin Fudan Universitetindən prof. Qi-qun Tanq apardığı araşdırma haqqında bunları deyib:
“Əldə etdiyimiz tapıntılara əsasən deyə bilərik ki, artemisininlər PCOS-un müalicəsi üçün perspektivli namizədlərdir, çünki onlar yumurtalıqda androgen sintezinə güclü şəkildə maneə törədir, yetişməmiş follikulları azaldır və menstrual dövrü yaxşılaşdırır”.
Qeyd edək ki, artemisinin dərman qrupunun malyariya müalicəsi üçün təsirli bir üsul olduğunun kəşfinə verdiyi töhfələrə görə çinli alim Tu Yuyuya 2015-ci ildə Tibb üzrə Nobel Mükafatı verilmişdi.
Bu maddə eramızın 400-cü illərində Çində malyariya xəstəliyini müalicə etmək üçün istifadə edilən bir bitkidən əldə edilirdi.
Aysel