Ana südü, xüsusilə ağız südü əvəzsiz bir nemətdir, lakin təəssüf ki, bəzən analar, xüsusilə ilk övladını dünyaya gətirən gənc analar onun əhəmiyyətindən xəbərsiz olurlar.
Medicina.az xəbər verir ki, paytaxtdakı A.Qarayev adına 2 nömrəli uşaq klinik xəstəxanasının həkim-pediatrı Şəhla Quliyeva körpənin həyatında çox böyük əhəmiyyətə malik ağız südü barədə azərtac-a deyib: ”Ağız südü yüksək kalorili, anticisimlərlə zəngin, özlü, yapışqanlı, sarı rəngli mayedir. Onu qızdıranda asanlıqla parçalanması tərkibində zülalın çox, suyun az olması ilə əlaqədardır. Yetkin südlə müqayisədə onun zülalı 2-3 dəfə çoxdur. Albumin-qlobulin ilk gündən, kazein isə dördüncü gündən əmələ gəlir. Yetkin südlə müqayisədə ağız südündə yağlar və laktozanın miqdarı 1,2-1,5 dəfə az, duzlar isə 1,5 dəfə çox olur. Ağız südü enteral qidalanmaya keçid dövründə uşaq orqanizminə yüksək kalorili və bioloji cəhətdən qiymətli maddələrin daxil olmasını təmin edir. Müqayisə üçün deyək ki, tərkibindəki zülalların miqdarı keçid südündə 1,9-3,2, daimi süddə 0,9-1,8 faizdirsə, ağız südündə 4,2-16 faiz, yağın miqdarı keçid südündə 2,9-4,4, daimi süddə 2,7-4,5 faizdirsə, ağız südündə 2,8-4,1 faiz təşkil edir. Bununla yanaşı 100 ml üçün kkal-yə görə enerji dəyərinə görə də ağız südü daimi süddən üstün göstəriciyə malikdir. Daimi südün enerji dəyəri 57,1-77,7 kkal-dirsə, keçid südündə 4,0-7,6, daimi süddə 7,3-7,5 faiz təşkil edirsə, ağız südündə 83,6-106,8 kkal-dir.
Südün əmələ gəlməsi hamiləlik və doğuşdan sonrakı dövrdə baş verir. Həmin proses hipofizin prolaktin hormonunun təsiri ilə təmin olunur. Doğuşdan sonrakı 24-48 saat ərzində prolaktinin konsentrasiyası yüksək səviyyəyə qalxır, 48 saatdan sonra azalmağa başlayır. Bundan sonra prolaktinin səviyyəsinin yüksək qalması körpəyə südün verilmə tezliyindən asılıdır”.
Pediatrın söylədiyinə görə, südlə qidalanma körpə doğulandan sonra yarım saat ərzində təmas proseduru ilə eyni vaxtda həyata keçirilməlidir. Təmas proseduru körpənin ananın sinəsi üstünə qoyulmasıdır. Bundan sonra körpə reflektor olaraq qidalanmaq istəyir. İlkin ifraz olunan süd molozivo və ya ağız südü adlanır. Həmin süd vasitəsilə uşaq spesifik və qeyri-spesifik müdafiə amilləri alır. Yeni doğulan körpədə ilk saatlarda immun sistemi yetkin olmadığı üçün qanda kifayət qədər anticisimlər olmur. Körpə onu mikroblardan qoruyacaq anticisimləri ilkin ana südü olan ağız südü vasitəsilə əldə edir. Körpənin ilkin qidası anticisimlərlə zəngindir, infeksiya və allergiyadan qoruyur, sancıların əmələ gəlməsinin qarşısını alır, infeksiya ağrılarını azaldır. A vitamini ilə zəngin süd körpənin böyüməsinə də çox müsbət təsir edir. Ağız südünün tərkibində bütün siniflərdən olan immunoqlobulinlər var. Körpə orqanizminin həmin immunoqlobulinləri sintez etməsi onun 1,5-2 aylığında tam formalaşır. Həmin immunoqlobulinlər müdafiə funksiyası yerinə yetirərək patogen mikroorqanizmlərin körpə orqanizminə daxil olmasının qarşısını alır. Ən müasir texnologiya ilə hazırlanan süni qarışıqların heç biri həmin tərkibdə və keyfiyyətdə deyildir.
Mövzunun davamı olaraq həkim-pediatr daha sonra deyib: "Ağız südündə immunoqlobulindən başqa laktoferin də yüksək səviyyədə olur və birləşərək bakterial floranın artıb çoxalmasına mane olur. Süni qidadan fərqli olaraq ağız südünün tərkibində hipofizin, qalxanabənzər vəzin və digər vəzilərin hormonları yüksək konsentrasiyada olur və uşağın ilkin dövrdəki hormonal inkişafını stimulə edir. Ağız südünün tərkibi qida elementləri ilə, xüsusilə zülallarla çox zəngindir, əsasən də albumin, qlobulin fraksiyası çox olur. Həmin zülallar mədə-bağırsaq traktından dəyişilməmiş şəkildə sorulur, çünki albumin süd zərdabına dəyişilməmiş halda qandan daxil olur”.