Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ailəlikcə koronavirusa yoluxan Fidan Hüseynova: - "Ramazan bayramında ailə içi qonaqlıqda yoluxduq"

  • 2020.06.16 21:32
  • 3025 Baxış
Ailəlikcə koronavirusa yoluxan Fidan Hüseynova:   - "Ramazan bayramında ailə içi qonaqlıqda yoluxduq"


Azərbaycanda təsdiqlənmiş COVİD-19 yoluxma hallarının artması ilə yanaşı təəssüf ki koronavirusa inanmayanların sayı da artır.



Medicina.az media.az-a istinadən koronavirus keçirən və artıq sağalmış 39 yaşlı Fidan Hüseynovanın müsahibəsini təqdim edir.


- Koronavirusa yoluxmağınızla bağlı ehtimallarınız varmı?

- Güman ki, valideynlərimi ziyarət edərkən onlarda yoluxmuşam. Mayın 24-də Ramazan Bayramını qeyd etmək üçün qohumlarla birlikdə onlara toplandıq. Həyat yoldaşı təcili yardım briqadasında işləyən xalam və ailəsi də oraya gəldilər. O, özünü yaxşı hiss edirdi, heç bir xəstəlik əlamətləri yox idi. Yalnız baş ağrısından şikayət edirdi, amma heç kim buna əhəmiyyət vermədi, çünki belə şikayətlər ona xas idi.

- Xəstəlik necə başladı?

- Mayın 27-də temperaturum 38 dərəcəyə qədər qalxdı. Beş gün evdə yatdım. Temperaturum 37 ilə 38 dərəcə arasında dəyişdi. Özümü pis hiss edirdim: iştahım yox idi, taqətsiz idim, bütün bədənim, sümüklərim ağrıyırdı. Sonda iyunun 1-də təcili yardım çağırdım. Uşaqlar və məndən analiz üçün burundan yaxma götürdülər.

Qeyd edim ki, səhhətim pisləşdikdən sonra insanları təhlükəyə atmamaq üçün evdən çıxmadım. Sadəcə böyük oğlum bu günlər ərzində bir dəfə çörək almağa çıxdı. Bundan əlavə uşaqları küçəyə buraxmadım, çünki xəstələndiyimdən şübhələnirdim, onlar isə daşıyıcı ola bilərdilər.

Ayın 3-də səhər mənə zəng vurdular və dedilər ki, koronavirus testimin cavabı müsbət çıxıb. Əşyalarımı yığmağımı istədilər. Uşaqlar da həmçinin koronavirus daşıyıcısı idi, baxmayaraq ki, onlarda heç bir xəstəlik əlaməti, hətta temperaturun yüksəlməsi belə müşahidə olunmurdu.

Tezliklə arxamızca təcili yardım maşını gəldi və bizi Atletlər kəndində karantinə apardılar. Təxminən belə olacağını bilirdik, çünki bundan əvvəl xalamı, ərini və qızlarını da ora aparmışdılar.


Atamda testlər mənfi çıxsa da, sonradan koronavirus aşkar edilən anamı da gətirdilər. Qardaşımın həyat yoldaşı ilə oğlu da bura gətirildi. Uşağın testləri müsbət, anasınında isə mənfi nəticə göstərdi. Uşaqlar valideynləri olmadan təcrid edilə bilmədiyi üçün anası da onun yanında olmalı idi.

Xüsusilə anamdan narahat idim, çünki yaşı 60-dan yuxarıdır. Bundan əlavə, anamda güclü öskürək var idi və temperaturu 37.2 - 37.5 dərəcə arasında dəyişirdi.



- Xəstəlik necə inkişaf etdi?

- Üçüncü gün temperaturum 40 dərəcəyə qədər qalxdı. Yanımda evdən götürdüyüm “Parasetamol” var idi. Mənə bir az kömək etdi. Həkim “Arbidol” və “Levomaks” almağımı söylədi. Bu iki dərmanı da qəbul etdim. Gündə üç dəfə temperaturumuzu ölçürdülər.

Xəstəliyi çox ağır keçirdiyimi deyə bilmərəm – boğulma yox idi və təkbaşına hərəkət edə bilirdim. Əgər Atletlər kəndində olan insanlarda bu cür simptomlar müşahidə olunurdusa, onları müalicə üçün xəstəxanaya aparırdılar.

- Ailə arasında qeyd olunan bayram zamanı hamını yoluxdurduğu ehtimal olunan, təcili tibbi yardımda işləyən qohumunuz özünü necə hiss edir?

- Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alır. Vəziyyəti kritikdir, ağciyərlərin süni ventilyasiyası aparatına qoşulub. Hamımız onun üçün çox narahatıq. Yaşı 50-dən bir az çoxdur.

- Qalma, qidalanma və personalın iş şəraitini necə qiymətləndirirsiniz?

- Otaqlar təmirli və təmizdir, hər cür şərait var. Bizi təmiz yataq dəsti, dəsmal, sabun, diş fırçaları və şampunla təmin etdilər.

Gündə üç dəfə bizi qidalandırırdılar - hər şey dadlı idi, hətta meyvə də verirdilər.

Personaldan çox razıyıq, yeganə çətinlik əməkdaşların çatışmaması idi, onlar çatdırmırdılar.

- Karantin günlərini necə keçirirdiniz?

- Əsasən, karantində olan digərləri ilə söhbət edirdik. Bizim mərtəbədə iki ailə vardı. Kişini səhhəti kəskin pisləşdiyi üçün xəstəxanaya yerləşdirdilər. Yalnız ana və uşaqları qaldı.

Hətta qardaşım oğlunun doğum gününü də bütün uşaqları öz mərtəbəmizə toplayaraq qeyd edə bildik. Qardaşım tort və hədiyyə də gətirdi, buna görə də əsl şənlik oldu. Saat 14:00-dan 15:00-a qədər olan müddətdə doğmalarımız və yaxınlar bizə nələrsə ötürə bilirdilər.

- Artıq evdəsiniz Əvvəlki həyatınıza qayıtdığınızı söyləmək olar?

- Nə danışırsınız?! Təəssüf ki, bu, tezliklə baş verməyəcək. Mən hələ də, məsələn, dadı hiss etmirəm.