Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsirləri – Tez-tez xəstələnmə, özünütəcrid...

  • 2018.01.09 11:38
  • 37786 Baxış
Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsirləri –  Tez-tez xəstələnmə, özünütəcrid...
Valideynlər övladlarının neqativ faktorlu hadisələrdən qorumağa çalışırlar. Onları bəzi cizgi filmlərdən, internetdən, musiqilərdən çəkindirirlər. Düşünürlər ki, bunlar uşaq psixologiyasına mənfi təsir edir. Ancaq ailədaxili münaqişələr azyaşlıların psixologiyasını pozan faktorlardan ən başlıcasıdır.


Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən psixoloq Ruhiyyə Rüstəmovanın sözlərinə görə, ailədaxili münaqişənin təsiri hər uşağın individual xarakterindən asılıdır:


"Bu, uşağın temperamenti, stressə davamlılığı, təşviş pozuntusu, özünü qiymətləndirmə, yaşına aid aktivliyi və dünyaya baxışından asılıdır. Uşaq problemləri öz üzərinə götürərək valideynləri konfliktdən uzaqlaşdırmağa çalışır. Bu baxımdan uşaq ailədaxili münasibətlərin qurbanına çevrilir. Öz üzərinə yaşından artıq yükü götürür və daha tez böyüyür. Ailəni öz sağlamlığı bahasına qorumağa çalışır. Bununla o, şüur altı olaraq valideynlərin diqqətini özünə cəlb etməyə çalışır, bununla da evdə sakitliyi qorumuş olur”. 


Psixoloq uşağın tez-tez xəstələnməyinin səbəbinin ailədə gedən problemlərlə əlaqəli olduğunu bildirib:


"Məsələn, uşağınız yuxusuzluqdan, iştahsızlıqdan, tez-tez boğaz ağrısından, gecə enurezidən (altını islatma) əziyyət çəkirsə, dəyişkən əhval ruhiyyədə olursa, daha diqqətli olmalısınız”. 


Həkim əlavə edib ki, uşaq zəif tərəf olaraq həmişə ananı gördüyündən onu müdafiə edir və bu sonda atadan imtinaya gətirib çıxarır:

 



"Nəticədə uşaq böyüdüyü zaman, qorxaqlıq və günahkarlıq hissi duyaraq, gələcəkdə özünə partnyor tapmaqda da çətinlik çəkir, get-gedə valideynləri ilə də distansiyalı davranmağa başlayır. Öz şəxsi dünyasına çəkilir və fantastik xəyallar quraraq özünə qapanır. Sonralar isə bu davranış sosial sferada özünü büruzə verməyə başlayır. Məsələn, bağçada, məktəbdə və iş həyatında da özünü təsdiq edə bilmir. Bu da uşaqda psixoloji problemlərə gətirib çıxarır. Özünə qapanma, depressiya emosional sferada donuqluqla müşahidə olunur”.


Həkim azyaşlılar üçün ideal olan ortamdan da bəhs edib:


 "Onlar ailədə özlərini müdafiə olunmuş hiss etməlidirlər. Münaqişəli ailələrin uşaqları, uşaqlıq yaşamadan böyüdükdə bir çox problemlər yaşayır. Bütün psixoloji problemlərin kökündə isə uşaqlıq travması dayanır”.


Psixoloqlar konfliktli ailələrdə böyüyən uşaqlarda yaranan xarakter formalarını açıqlayıblar:


Özünə güvənsizlik


Özünə qapalılıq


Ətrafa biganə və aqressiv davranışlar.


Ruhiyyə xanım, uşağın gözü qarşısında baş verən konfliktdən sonra valideynlərin necə davranmalı olduğundan danışıb:


"Əgər bu, uşağın gözü qarşısında baş verirsə, onunla söhbət etməli və hər iki valideyn onu çox sevdiyini söyləməlidir. Onlar bir-birini sevdiklərini və bu kimi konfliktlərin ailənin pozulmasına səbəb ola bilməyəcəyini anlatmalıdırlar. Çünki uşaqlar valideynlərin boşanmasını çox pis qarşılayırlar. Məktəbdə də bundan çox utanırlar. Artıq sual verilməsin deyə heç kimlə ünsiyyət qurmurlar. Bir valideyn özünü haqlı tərəf kimi göstərib digər tərəfi pisləməməlidir. Çalışmaq lazımdır ki, uşaq barışığa da şahid olsun. Onda situasiyanı daha tez həzm etmiş olacaq”.

 

Şəhanə Quliyeva
Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsirləri –  Tez-tez xəstələnmə, özünütəcrid...