Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ahıllar günündə müayinə olundular

  • 2022.10.01 14:58
  • 1537 Baxış
Ahıllar günündə müayinə olundular

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində səyyar tibbi müayinələr təşkil olunub.



"Medicina" xəbər verir ki, 1 Oktyabr – Beynəlxalq ahıllar gününə həsr edilmiş tibbi müayinələrin keçirilməsində əsas məqsəd müəssisədə məskunlaşmış ahıl sakinlərdə xəstəlikləri erkən mərhələdə aşkarlamaq və ağırlaşmaların qarşısını almaqdır. 2 gün davam edən aksiya müddətində icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan müayinələrə 75 nəfər cəlb olunub.



Ahıl şəxslərin ümumi vəziyyətlərinin dəyərləndirilməsi üçün laborator analizlər keçirilib. Belə ki, qanın ümumi və biokimyəvi göstəricilərini, qalxanabənzər vəzinin hormonlarının, D vitaminin səviyyələrini müəyyən etmək üçün qan nümunələri götürülərək laborator müayinəyə göndərilib.



Aksiya çərçivəsində ixtisaslı həkimlər - həkim kardioloq, həkim-endokrinoloq, həkim-nevroloq, həkim-cərrah, həkim-travmatoloq - tərəfindən də diaqnostik müayinələr aparılıb. 36 nəfər exokardioqrafiya (EXO), 50 nəfər isə elektrokardioqramma (EKQ) müayinələrindən keçib.



Sosial baxımdan həssas əhali qrupuna aid şəxslərin sağlamlığının qorunması istiqamətində analoji tədbirlərin Agentlik tərəfindən bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.

Aygün Musayeva