Heydər Əliyev Mərkəzində Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin II Beynəlxalq Elmi-Praktik Konqresi fəaliyyətə başlayıb.
Medicina.az xəbər verir ki, 12-14 oktyabr tarixlərində keçiriləcək Konqres Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilib.
2019-cu ildə keçirilən 1-ci Beynəlxalq Konqresdə 17 ölkədən 500-ə yaxın iştirakçı qatılmışdırsa, hazırki 2-ci Beynəxalq Konqresə Avropa ölkələri, region dövlətləri, eləcə də Amerika və Asiya ölkələrinin mütəxəssisləri də daxil olmaqla, öz bilik və təcrübələrini bölüşmək üçün 30-a yaxın ölkədən 50-dən çox dünya səviyyəsində ən nüfuzlu məruzəçinin və 1000 nəfərə qədər iştirakçı qatılacaq.
Bakı Konqres Mərkəzində keçiriləcək tədbirin 3 günlük Elmi Proqramına - plenar çıxışlar, simpoziumlar, sərbəst prezentasiyalar, poster təqdimatları, master-klaslar daxil edilib.
Konfransda məruzəçilərdən biri Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya (qulaq, burun- boğaz) Kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Rinoloqlar Cəmiyyətinin sədri Məzahir Quliyevdir. O, dünənki məruzəsində öz təcrübəsini bölüşüb, əməliyyat zamanı istifadə etdiyi üsulları videoformatda təqdim edib. M.Quliyevin məruzəsi maraqla qarşılanıb. (Həmin məruzəni bazar ertəsi ayrıca təqdim edəcəyik - red).
Qeyd edək ki, tədbirin keçirilməsində müvafiq dövlət strukturlarının razılığı və Səhiyyə Nazirliyinin, eləcə də digər aidiyyəti qurumların dəstəyi alınıb.
Proqramda qədim Bakının görkəmli yerləri ilə yanaşı Respublikanın regionlarına da (Şuşa daxil olmaqla) səfərlər nəzərdə tutulur.