Azərbaycanda hələ ki, “Omikron” ştammına yoluxma halı qeydə alınmayıb.
Lakin virusun dünyada yayılma sürətini nəzərə alsaq, çox tezliklə bizdə də onun qeydə alınması gözləniləndir.
Hazırda virus haqqında az şey məlumdur, yalnız ştammın daha yoluxucu olması təsdiqlənib.
“Mən güman edirəm ki, “Omikron” ya Azərbaycanda artıq var, ya da tezliklə qeydə alınacaq. Üstəlik, virus bir sıra qonşu ölkələrdə artıq mövcuddur. Və onun yayılma sürətini nəzərə alsaq, Azərbaycanda mövcud maneələrin və karantin rejiminin bunun qarşısını ala biləcəyinə ümid etmək lazım deyil”.
Medicina.az xəbər verir ki, bu sözləri Media.Az-a açıqlamasında pandemiya klinikasının infeksionisti Polina Əliyeva deyib.
Mütəxəssis yeni ştammdan əvvəl mövcud olan vaksinlərin effektivliyinə də toxunub.
“Əlimizdə tutarlı əsaslandırma olmadan mövcud peyvəndlərin təsirli olmadığını iddia etmək yanlışdır”, – deyə o söyləyib.
Müsahibimizin sözlərinə görə, “Omikron”un pandemiyaya son qoya biləcəyini söyləmək hələ tezdir, çünki bu xəstəliyin gedişatının daha asan olduğunu göstərən geniş tədqiqatların nəticələri mövcud deyil.
“Lakin bu təsdiq olunarsa, ümid etmək olar ki, xəstəliyə qarşı kollektiv immunitet yaranar və o zaman təbii ki, pandemiyanın sonu gələcək. Bu, təbii peyvəndə bərabərdir. Amma hazırda biz hələ də kütləvi araşdırmaların nəticələrini gözləyirik...”, - infeksionist vurğulayıb.
Polina Əliyeva koronavirus xəstəxanalarındakı mövcud vəziyyətə toxunaraq qeyd edib ki, bu gün ağır xəstələrin sayı yenidən artıb.
“Bu, bir neçə amillə bağlıdır. Birincisi, insanlar müalicəni evdə davam etdirirlər, başqa sözlə, özləri özlərini müalicə edirlər, saturasiya (qanda oksigenin miqdarı) 30-40 faizə çatdıqda isə çox ağır vəziyyətdə xəstəxanaya yerləşdirilirlər. Belə xəstələr vaxtında və lazımi müalicəni alsa idilər, xəstəliyi yüngül keçirə bilərdilər. Əvəzində, bu nə qədər kobud səslənsə də, onlar dərhal intensiv terapiyaya, bəzən isə reanimasiya tədbirlərinə ehtiyacı olan xəstələrin yerini tuturlar”, – infeksionist bildirib.
Ağır xəstələrin yaş həddi ilə bağlı danışan infeksionist qeyd edib ki, təəssüf ki, 70 yaşdan yuxarı xəstələr koronavirusu daha ağır keçirir. Məhz bu kateqoriyadan olan vətəndaşlar əksər hallarda peyvənd olunmur, peyvəndi qəbul etmir, ən əsası isə xroniki xəstəliklərin vaxtında müalicəsi ilə məşğul olmurlar. Beləliklə yaş və yaşla əlaqədar müşayiət olunan xəstəliklər koronavirus infeksiyası fonunda kəskinləşir və çox vaxt acınacaqlı nəticələrə gətirib çıxarır.
“Son üç ayda müşayiət etdiklərimə əsasən qeyd edə bilərəm ki, virusa yoluxan şəxslərdə xəstəliyin gedişatı çox gözlənilməzdir. Bəzən xəstə ayaq üstə, ağciyərləri zədələnmədən daxil olur və dörd gündən sonra klinik mənzərə dəyişir və ağciyərlərinin artıq 90 faizi zədələnir. Və bu proses müalicə fonunda baş verir. Lakin elə də olur ki, xəstə ağır vəziyyətdə qəbul edilir, lakin aparılan müalicə nəticə verir və bir həftədən sonra onun vəziyyəti tədricən yaxşılaşmağa başlayır. Beləliklə, hər bir xəstə virusu individual olaraq keçirir. Yalnız onu deyə bilərəm ki, virus çox məkrlidir və bu gün ən təhlükəli gedişat “Delta” ştammına aiddir”, - deyə Polina Əliyeva fikrini tamamlayıb.