Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağır beyin əməliyyatı keçirən qadın ana olub

  • 2019.09.06 15:07
  • 5609 Baxış
Ağır beyin əməliyyatı keçirən qadın ana olub
 Altı il əvvəl ağır beyin əməliyyatı keçirən qadın ana olub. Hamiləliyin planlaşdırılması, uşağın sağlam inkişafı və doğuşunda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimlərinin böyük əməyi olub.

Medicina.az xəbər verir ki, klinikanın endokrinoloq-ginekoloqu Natəvan Axundovanın sözlərinə görə, 26 yaşlı qadın altı il əvvəl açıq hipertenziyalı hidrosefaliya xəstəliyini keçirib və sağ tərəfli ventrikuloperitoneal şuntlama əməliyyatı olunub. "Hidrosefaliya beyinə mayenin toplanması nəticəsində kəllədaxili təzyiqin artması və ümumi beyin əlamətləri, görmə qabiliyyətinin pozulması ilə müşahidə olunan patologiyadır. Ventrikuloperitoneal şuntlama əməliyyatı zamanı beyin mədəciklərindən şunt vasitəsilə maye qarın boşluğuna açılır və beyin artıq maye yüklənməsinə məruz qalmır. Yuxarı tənəffüs yollarının kəskin respirator virus infeksiyasından sonra xəstədə şiddətli baş ağrıları, başgicəllənmə, ürəkbulanma, qusma, ikigörmə şikayətləri, obyektiv müayinədə göz dibində başlanğıc durğunluq əlamətləri olub. Qadın ailə qurduqdan 5 ay sonra hamiləliyi planlaşdırmaq məqsədilə klinikaya müraciət edib. Xəstədə hormonal fon normallaşdıqdan sonra hamilə qala bilib. Lakin xəstənin hamiləlik dövrü də rahat keçməyib. Belə ki, erkən və gec düşük, vaxtından əvvəl doğuş təhlükələri, dölün bətndaxili inkişafının ləngiməsi və simptomsuz bakteriyauriya müşahidə edilib. Həmin patologiyalar vaxtında korreksiya edilib. Hamiləlik dönəmində baş beyinlə bağlı heç bir fəsadlaşma qeydə alınmayıb. Mütəmadi olaraq neyrocərrahla konsultasiyalar aparılıb. Nəhayət hamiləliyin 36-cı həftəsində qadın doğum şöbəsinə daxil olub və neyrocərrahın iştirakı ilə Qeysəriyyə kəsiyi əməliyyatı icra edilib. Qadın çəkisi 2 kiloqram 450 qram, boyu 50 santimetr olan sağlam körpə dünyaya gətirib. Artıq ana və yenidoğulmuş evə yazılıblar”, - deyə mütəxəssis qeyd edib.