Pulmonoloq Eldar Zeynalov Gəncə şəhərində çalışır. Dəfələrlə ağır pnevmoniya xəstələrinin uğurlu müalicəsi ilə bağlı ağciyərlərin öncədən və sonrakı nəticələrini paylaşaraq, pnevmoniyanın əslində elə də dəhşətli, qorxulu xəstəlik olmadığını və müalicəyə tabe olduğunu göstərib.
Bu yaxınlarda 70 yaşlı şəkərli diabet xəstəsində ikitərəfli, ağır virus pnevmoniyasının 12 gün ərzində uğurlu müalicəsi barədə paylaşdığı fotofakt diqqətimizi xüsusilə çəkdi. Çünki həmin fotoda son zamanlar koronavirus ağırlaşması kimi gündəmdə məşhur olan ağciyərlərdə buzlu mat şüşə effekti sindromu görünürdü. Deməli, virus pnevmoniyası üçün xarakterik olan bu sindrom da müalicə olunur. Düzdür, həmin xəstənin koronavirusa yoluxub- yoluxmaması sual altında idi. Xəstə ağır vəziyyətdə pulmonoloqa müraciət edəndə, həkim onu testə göndərsə də, cavabı gözləmədən müalicəyə başlamışdı. Eldar Zeynalov pnevmoniya zamanı itirilən hər saatın xəstənin əleyhinə işlədiyini bildirir.
BUZLU ŞÜŞƏ SİNDROMU ZAMANI AĞCİYƏRLƏRDƏ NƏ BAŞ VERİR?
Medicina.az bütün bu müalicə təcrübəsini nəzərə alaraq, Eldar Zeynalovdan pnevmoniya və məşhur buzlu şüşə sindromu barədə suallara cavablar aldı.
Pnevmoniya və onun gedişatı, müalicəsi barədə həkimin ətraflı müsahibəsini təqdim edirik:
- Həkim,son zamanlar hamının dilində əzbər olan və əcnəbi həkimlərin dəhşətlə təqdim etdiyi, koronavirusun ağırlaşması hesab olunan “ağciyərlərdə buzlu şüşə effekti” nədir, necə yaranır? Bu zaman xəstənin ağciyərlərində nə baş verir və bu həqiqətənmi qorxulu vəziyyətdir?
- Buzlu şüşə sindromu tibdə yeni bir şey deyil, radioloqlar, rentgenoloqlar, pulmonoloqlara çoxdan tanışdır. Gündəlik praktikamızda rast gəlirdik, sadəcə bu qədər qabardıb, sadə insanlara çatdırmırdılar. Buzlu şüşə və ya mat şüşə sindromu ağciyərlərin kompüter tomoqrafiyası müayinəsi zamanı bronx və damar görüntüsünün saxlanması şərtilə, ağciyərin toxuma sıxlığı ilə müşayət olunan bir görüntüdür.
Rentgendə bu görüntü buzlu, donmuş mat şüşəyə oxşadıldığı üçün belə ad qoyulub. Yəni bu söz radioloqların icadıdır. Təbii ki, ağciyərlərdə heç bir buzlaşma və şüşələşmə getmir. Buzlu şüşəni oxuculara şəkillərlə daha əyani göstərmək istərdim.
Şəkil 1 : KT müayinəsində görünən buzlu mat şüşə effekti
Buzlu şüşə görüntüsü heç də həmişə xəstəlikdən, patoloji prosesdən xəbər vermir. Bəzən yalançı buzlu şüşə də görmək mümkündür. Məsələn, arxası üstə uzanmış xəstənin KT çəkimi zamanı cazibə qüvvəsi nəticəsində qanın damarlara dolması yalançı buzlu şüşə effekti əmələ gətirir. Həmin şəxsi yenidən qarnı üstə uzadaraq təkrar KT müayinə ediləndə effekt itir və ağciyərlər normal görülür.
Şəkil 2 – Yalançı buzlu şüşə effekti
Digər misal isə sağlam insanın nəfəsalma zamanı normal görünən KT çəkimi və nəfəsvermə zamanı yalançı buzlu şüşə effekti ilə bağlıdır.
ŞƏKİL 3: KT MÜAYİNƏDƏ DAHA BİR YALANÇI BUZLU ŞÜŞƏ EFFEKTİ
Ona görə bu məsələdə çox diqqətli olmaq lazımdır.
Buzlu şüşə təkcə koronavirus xəstələrində rast gəlinmir. Bu effekt bir çox ağciyər xəstəliklərində görülür.
- O zaman buzlu şüşə hansı xəstəliklərdə, hallarda daha çox görülür?
- Bronxiollarda və alveollarda iltihabi proses zamanı. Əgər alveollar tam dolarsa, buzlu şüşə konsalidasiya ilə əvəzlənir. Bu görüntünü də aşağıdakı şəkildə görə bilərsiz.
Alveolların qismən maye ilə dolması (transudant və eksudant).
Bir də buna ağciyər toxumasının hipoventilyasiyası zamanı rast gəlirik.
ŞƏKİL 4: "Buzlu şüşə" effektinin konsalidasiya ilə əvəzlənməsi
- COVID-19 pandemiyası həm də pnevmoniyaları gündəmə gətirdi. İnsanlar daha çox bu xəstəlikdən qorxmağa başladılar. Pnevmoniyanı qatil kimi görürlər. Əslində, nəticələrinizdən də görünür ki, müalicə olunur.
- Yeni koronavirus infeksiyası barədə xəbərlər bir qədər qorxulu görünsə də, əslində hər bir xəstəliyin statistikası tibdə əsas götürülür. Koronavirusda isə 81% yoluxanlar xəstəliyi yüngül keçirir, o dərəcədə ki, heç bir simptom hiss etmir. Nadir hallarda yorğunluq və 37,1 dərəcə qızdırma olur.
14% orta ağır xəstələrdə hərarət, titrətmə, öskürək olur və bu xəstələrin 50%-də yüngül rentgnenoloji pnevmoniya əlamətləri görülür. Bu qismdə də ağciyərlərdə buzlu şüşə sindromu görülmür.
Yalnız 5% xəstələr ağır keçirir, onlar da mütləq stasionarda müalicə almalıdır və süni tənəffüs aparatına ehtiyac ola bilər. COVID 19-un qorxulu tərəfi virusun çox qısa müddətdə virus mənşəli pnevmoniyaya çevrilməsidir. Buna ildirimvari gedişat deyilir.
Pnevmoniyanın özünün də növləri var. Etiologiyasına, yaranma səbəbinə görə: bakterial, göbələk və virus mənşəli olur. Bunlardan daha təhlükəlisi virus mənşəlidir. Virus pnevmoniyaları ta qədimdən mövcuddur, həmişə həkimlərin diqqətində olub. Virus pnevmoniyası respirator viruslardan, adi qripdən yarana bilər.
Pnevmoniya heç də hamını öldürmür, burada yanaşı xəstəliklərin rolu var. Məsələn diabet, ürək damar xəstəlikləri, təzyiq xəstələri. Bu insanlarda pnevmoniyaların gedişatı kəskin olur.
Onlarla incə və ehtiyatlı davranmaq lazımdır.
Onkoloji xəstələrdə pnevmoniya nisbətən ağır ola bilər.
Xroniki ağciyər xəstəlikləri olanlar da risk qrupundadır.
- Doktor, bu yaxında yenə əcnəbi mənbələr belə bir informasiya yaydı ki, siqaret çəkənlər koronavirusa sanki yoluxmur, yoluxsa da ağciyərləri virusa tab gətirir. Sizcə, bu fakt həqiqətə uyğundurmu?
- Siqaret çəkənlərin koronavirusa yoluxmaması, yüngül keçirməsi və ağciyərlərinin virusa daha davamlı olması barədə məqalə və məlumatlar səhvdir. Ağciyərlərin bir neçə xəstəliyi var ki, sırf siqaret çəkənlərdə olur. Bu xəstələr risk qrupundadır. Siqaret çəkənlər pnevmoniyanı daha ağır keçirir, səbəbi də ağciyər elastikliyinin pozulmasıdır.
Çox insanlar deyir ki, virus pnevmoniyasından sağalandan sonra
ağciyərlərdə böyük fəsadlar, dəyişikliklər qalır.
- Son diabet xəstəsi paylaşımınızda da vurğuladınız ki, xəstənin koronavirus testinin cavabını gözləmədən pnevmoniyanı müalicəyə başlamaq lazımdır.
- İstənilən xəstəlikdə bir test və analizə görə diaqnoz qoyulmur. Laborator və rentgenoloji göstəricilər, xəstənin şikayətləri nəzərə alınır. Xəstə olub ki, virus pnevmoniyası ilə yaxınlaşır, əlamətlər eynilə koronavirusda olduğu kimidir, hətta buzlu şüşə effekti də görünə bilər. Amma test verilir, cavab neqativ çıxır, yəni koronavirus deyil. Onda həkim virus pnevmoniyasının standart müalicəsini aparır. 2-3-cü testin cavabını gözləməməlidir.
Çünki pnevmoniya varsa, dərhal nəzarətə götürülməlidir. Keçən hər saat, sutka xəstənin əleyhinə işləyir. Ona görə də istənilən pulmonoloq testin cavabı çıxana kimi müalicəsinə başlamalıdır. Bizim praktikamızda belə xəstələr olub.
- Pnevmoniyanın müalicəsi necə aparılır?
- Virus əleyhinə dərmanlar, dəstəkləyici preparatlar təyin olunur. Xəstəliyin gedişatına uyğun müalicə sxemləri seçilir. Antibakterial terapiya -antibiotiklər təyin edilir. Düzdür, antibiotiklər virusa təsir göstərmir. Yalnız virus pnevmoniyası zamanı bakteriyalar inkişaf edir və iltihabi proses yaradır. Burda təbii ki, antibiotik lazım olur. Hər bir xəstəyə fərdi yanaşılır. Bir müalicə eyni ilə bütün xəstələrə şamil edilə bilməz.
Çox insanlar deyir ki, virus pnevmoniyasından sağalandan sonra ağciyərlərdə böyük fəsadlar, dəyişikliklər qalır. İstənilən xəstəlikdə fəsad qalma ehtimalı var. Lakin əksər pnevmoniya xəstələri sağaldıqda demək olar, heç bir iz qalmır. Ağciyərlərdə struktur dəyişikliyi olmur. Alveollar mayedən, irindən boşalıb, təmizləndikdən, fəaliyyətini bərpa etdikdən sonra buzlu şuşə effekti itir və insan normal yaşamına qayıdır.
- Bəs hansı müalicəvi ərzaqlar, qidalar bu xəstələrə lazımdır? Bunların təsiri varmı?
- Ümumdünya Səhiyyə Təşkilatının göstərişlərinə görə, çox maye qəbul etməli, şəkərdən çox istifadə olunmalıdır. Təbii ki, diabet xəstələrindən başqa. Zülal, karbohidrat və şəkərli qidalar qəbul edilməlidir.
Qədimdən nənə-babalarımızın milli türkəçarələrdə tövsiyə etdiyi metodlar: isti, mürəbbəli çay, ballı su, tərlətmələr, bol maye, duru yeməklər, bulyonlar, xəmir xörəkləri, sarımsaqlı qatıq, sirkə istifadə etmək olar. Bu qidaların faydası var. Amma bunlar mütləq normal dərman müalicəsi ilə yanaşı olmalıdır. Təkcə türkaçələrlə müalicə olmur.
İsti havalar koronavirusu öldürmür,
sadəcə zəiflədir
- Bundan sonra bir həkim kimi pandemiya və koronavirusdan gözləntiləriniz nədir? Virus necə davranacaq?
- Bu xəstəliyin digər virus infeksiyaları kimi daimi immuniteti yoxdur, alimlərin sözünə görə, 3-4 aylıq müqavimət yaranır. 3-4 aydan sonra insan yenidən yoluxa bilər. Necə ki, adi qripdə də insanlar ildə 2-3, bəzən daha çox yoluxur, xəstələnir. Ona görə koronavirusdan tam sağalma deyə bir şey yoxdur. İkinci-üçüncü dalğa deyilən gözlənti var. Bundan sonra periodik olaraq müəyyən artmalar, azalmalar, yoluxma dalğaları olacaq.
İstilər düşdükdə, respirator viruslara yoluxmalar sıfıra yaxınlaşır. Bunun da bir neçə səbəbi var. Virusu isti öldürmür, sadəcə virusun geniş yayılıb, havada çox qalmasının qarşısını alır. Virus hava buxarlarında çox qalır və uzun məsafə qət edə bilir. Yəni bir xəstənin ağız suyundan havaya atılan virus 2-3 metr irəli və ya geri məsafə qət edə bilər. İsti havada virusun uzun məsafə qət etməsi mümkün olmayacaq. Gün şüaları da virusun yaşama ömrünü qısaldacaq. Bu da xəstəliyin azalmasına səbəb olacaq.
Amma virus özünü soyuq və rütubətli aylarda necə aparacaq, bunu zaman göstərəcək. İstənilən halda pandemiya bitməyənə kim karantin şərtlərinə əməl etmək və qorunmaq mütləqdir.
Aygün Musayeva
Medicina.az
- Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.