Artıq tamamilə koronavirus xəstələri üçün ayrılmış Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda son 3 gündə növbəti rekord sayda tibbi heyətdə yoluxma baş verib.
10 gün öncə də institutda 7-ə yaxın əməkdaşın yoluxması barədə məlumat vermişdik.
Medicina.az əldə etdiyi məlumata görə, son 3 gündə İnstitutun aşağıdakı əməkdaşları koronavirusa yoluxub və onlar elə həmin institutda müalicəyə alınıblar. Bir çoxları hətta xəstə ola-ola işinə davam edib.
Siyahıda Məmmədova Bikəxanım, Əliyeva Yeganə, Hüseynova Süsən, Nailə Ağayeva. Kərimova Jalə, Fazilə, Səba, Aygün, Pərvanə, Şəlalə adlı tibb bacısı və müxtəlif qrupdan texniki işçilərin adları var.
Şəlalə adlı tibb işçisinin qardaşı koronavirusdan ölüb. Onun anasının da vəziyyəti ağırdır. Onlara virusun məhz Şəlalə xanımdan keçdiyi güman edilir.
Ağciyər Xəstəlikləri İnstitutunda baş verənləri araşdıran ictimai vəkil Samir Zeynalov məsələ ilə bağlı saytımıza bildirdi ki, bu institutun maddi-texniki bazası, heyətinin təhlükəsizliyi və institutun rəhbərliyi koronavirusla mübarizə strategiyasına qətiyyən uyğun deyil.
“İnstitutda virusla mübarizə üçün tibb işçilərinin zəruri tibbi ləvazimatlarla təmin olunmasında ciddi çatışmazlıqlar və laqeyidlik mövcuddur. Əldə edilən mötəbər məlumata görə, xəstəxanada tibb işçiləri maska, biomühafizəedici geyim, spirt, əlcək və digər tibbi ləvazimatların qıtlığından əziyyət çəkirlər. Bu isə onların və virusun yoluxma riskinin artması baxımından bir çox insanların həyatının təhlükə qarşısında qalması deməkdir. Təsadüfi deyil ki, institutda tibb işçiləri arasında yoluxma halları ciddi şəkildə artıb və yoluxan şəxslərdən biri hamilədir.
Qeyd edilən neqativ və dözülməz hallar isə institut rəhbərliyini, şəxsən direktor Həqiqət Qədirovanı narahat etmir. Müşahidələr onu göstərir ki, adı çəkilən şəxs öz işini institutun fəaliyyətinin təkminləşdirilməsi və virusla mübarizədə uğurlu nəticənin əldə edilməsi istiqamətində deyil, işçiləri incitmək, onlara hədə-qorxu gəlmək və təqib etmək üzərində qurub.
Maraqlı məqam isə ondan ibarətdir ki, TƏBİB- qeyd edilən halları heç bir zəruri araşdırma aparmadan həvəslə təkzib edir, bu barədə müvafiq monitorinqlərin aparılmasında adı çəkilən qurumun rəhbərliyi maraqlı görünmür.
Mən ictimai vəkil olaraq aylardır ki, mövcud bəla ilə mübarizədə dövlətimizin yanında olaraq könüllü şəkildə ictimai nəzarəti həyata keçirdirəm.
Dövlətin və cəmiyyətin mənafeyinə uyğun olmayan halları ictimailəşdirir, bu barədə aidiyyatı qurumlara məlumat verirəm. Amma nəticə etibarı ilə müşahidə edilən tədbirsizlik onu deməyə əsas verir ki, bir çox imtiyaz sahibləri, səlahiyyətli qurumlar virusun yayılmasında və bundan daha çox insanın təsirlənməsində maraqlı görünürlər”.
Koronavirus xəstəxanasında işçilərin xüsusi geyimi belədir: