Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) aprelin 23-də iki xəstə ölüb.
Ölənlərdən biri - 1951-ci il təvəllüdlü xəstə ETACXİ-yə aprelin 11-i saat 00:15-də “İkitərəfli pnevmoniya, ürəyin işemik xəstəliyi, koronar stend, ikinci tip şəkərli diabet, insulin tələbli” diaqnozu ilə çox ağır vəziyyətdə daxil olub və I Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər tərəfindən reanimasion müalicə tədbirləri aparılıb.
Bütün səylərə baxmayaraq, ayın 23-ü saat 19:45-də “kəskin respirator distress sindrom. İkitərəfli pnevmoniya, ağır gedişli. Kəskin tənəffüs çatışmazlığı, III dərəcə. Ürəyin işemik xəstəliyi, postinfarkt kardioskleroz. Aorto-koronar şuntlama əməliyyatdan sonrakı vəziyyət. Ürək çatışmazlığı 3 f.s. Şəkərli diabet, ikinci tip, insulin tələbli. Diabetik nefropatiya” diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.
Digər şəxs isə 1970 il təvəllüdlü Gürcüstan vətəndaşı olub. Xəstə ayın 23-ü saat 11.50 radələrində ağır vəziyyətdə ETACXİ-yə daxil olub. Dərhal müvafiq şöbəyə yerləşdirilərək zəruri müalicəsinə başlanılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, həmin gün saat 23.25-də “Kəskin respirator distress sindrom. İkitərəfli pnevmoniya, ağır gedişli. Ürəyin ritm pozgunluğu: paroksizmal ventrikulyar taxikardiya. İkinci tip şəkərli diabet. Sol aşağı ətrafların qanqrenasından sonrakı vəiyyət” diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.
TƏBİB faktı Oxu.Az-a təsdiq edib. Bildirilib ki, mövcud vəziyyətlə bağlı hər iki xəstədən “COVID-19”la bağlı götürülən test nümunələrinin nəticələri mənfi çıxıb.