Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağ yaxalı işçiləri təhdid edən xəstəlik – Əlamətləri və qorunmağın yolları

  • 2024.04.01 16:25
  • 1181 Baxış
Ağ yaxalı işçiləri təhdid edən xəstəlik –  Əlamətləri və qorunmağın yolları
Rəqəmsal inqilab ən çox ağ yaxalıların həyatını ələ keçirib. Daimi kompüter qarşısında vaxt keçirmək “Kompüter görmə sindromu”na səbəb olur.

Tədqiqatçıların fikrincə, bu sindrom dünyada 60 milyon insana təsir edir.

Medicina.az xəbər verir ki, bu sindroma ekran qarşısında uzun saatlar keçirən fərdlərdə ümumi bir problem olaraq üzə çıxır.
Bu vəziyyətdən ən çox təsirlənən qrup ağ yaxalı işçilərdir.

Göz Sağlamlığı və Xəstəlikləri üzrə uzman Prof. Dr. Osman Şevki Arslan bu sindromdan qorunmağın yollarını izah edib:

“Rəqəmsal göz yorğunluğu olaraq da bilinən “kompüter görmə sindromu” kompüter, smartfon, planşet və digər elektron ekranlara sahib rəqəmsal cihazların uzunmüddətli və davamlı istifadəsi nəticəsində yaranır. Ekranlara baxmaq daimi diqqət və göz hərəkəti tələb edir, bu isə gözləri və ətrafdakı əzələləri gərginləşdirir. Bu sindrom adətən ciddi bir tibbi vəziyyət hesab edilməsə də, vaxtında müalicə edilmədikdə görmə ilə bağlı digər problemlərə səbəb ola bilər”.

Osman Şevki Arslan bildirib ki, COVID-19 epidemiyası başlamazdan əvvəl bu, yetkinlərin ən azı 50 faizinə təsir edirdi:

“Pandemiya zamanı daha çox insan işləmək və sosiallaşmaq üçün rəqəmsal cihazlara etibar edirdi. Beləliklə, məşhur sindromdan əziyyət çəkən yetkinlərin sayı artaraq 78 faizə yüksəldi. Bəzi araşdırmalara görə, pandemiya zamanı uşaqların da təxminən 50-60 faizi bu sindroma tutulub”.

Prof. Dr. Arslan bu sindromdan xilas olmağın yollarından da danışıb:

Ekranı tənzimləyin: Ekran parametrlərini dəyişdirərkən ekran parlaqlığının rahat olduğundan və gözləri yormadığından əmin olun.

Ekranı düzgün yerləşdirin: Monitoru gözlərdən qol uzunluğu məsafəsində yerləşdirin. Gözlər və ekran arasında optimal məsafə təxminən 50 santimetr olmalıdır. Göz yorğunluğunun qarşısını almaq üçün monitorunuzun yuxarı hissəsini göz səviyyəsində və ya bir qədər aşağıda yerləşdirin. Əksolunma və parıltını minimuma endirmək üçün ekranı bir az geriyə (10-20 dərəcə) əyin.

“20-20-20” qaydasını tətbiq edin: Rəqəmsal cihazda işləyərkən və ya ekrana baxarkən, hər 20 dəqiqədən bir fasilə verin. Hər fasilə zamanı ekrandan uzaqlaşın və gözlərinizi uzaqlıqdakı bir obyektə fokuslayın.

Gözlərinizi tez-tez qırpın: Göz qırpmaq gözlərinizi nəmli saxlayır və onların qurumasının qarşısını alır.

Ekran parıltısını azaldın: Təbii işığın yaratdığı parıltını minimuma endirmək üçün kompüter ekranını pəncərələrə perpendikulyar yerləşdirin. Ekran qoruyucularını aktivləşdirin.

Mavi işığa qarşı eynəklərdən istifadə edin: bu eynəklər ekranlardan yayılan zərərli mavi işığa məruz qalmağı minimuma endirmək, göz yorğunluğunu azaltmaq və daha yaxşı yuxuya kömək etmək üçün tibb mütəxəssisləri tərəfindən təyin edilir.

Sindroma tutulanlarda hansı əlamətlər üzə çıxır?

Prof. Dr. Arslan sindromun əlamətlərini belə izah edib:

Göz yorğunluğu: Gözlərdə tez-tez yanma və ya qaşınma, yorğunluq və ya ağırlıq hissi.

Gözlərdə quruluq: Gözün səthinin kifayət qədər nəm olmaması gözlərin qurumasına, qıcıqlanmasına və ya qaşınmasına səbəb ola bilər.

Bulanıq görüş: Obyektlər uzaqda olduqda və ya baxış ekrandan uzaqlaşdırıldıqda bulanıq görmək.

Baş ağrıları: daha çox gərginlik baş ağrıları müşahidə olunur.

İkiqat görmə: Gözləri düzgün şəkildə hizalamaqda çətinlik çəkmək, nəticədə ikiqat görmə.

İşığa həssaslıq: Parlaq işığa qarşı həssaslığın artması.

Gözlərin yaşarması: Həddindən artıq sulanma gözlər "Kompüter görmə sindromu"nun yaratdığı quruluğu kompensasiya etməyə çalışdıqda reaksiya olaraq meydana gəlir.

Boyun və çiyin ağrıları: Rəqəmsal cihazlardan istifadə zamanı düzgün vəziyyətdə dayanmamaq və doğru pozada əyləşməmək boyun və çiyin əzələlərini gərginləşdirərək narahatlığa səbəb olur.


Aysel