Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Adınız siyahıda yoxdursa...” – Dövlət qurumundan həkimlərə müraciət

  • 2020.04.29 14:14
  • 5521 Baxış
 “Adınız siyahıda yoxdursa...”   – Dövlət qurumundan həkimlərə müraciət


Xəbər verdiyimiz kimi, koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etmiş tibb işçilərinə əlavə ödənişlər həmin tibb işçilərinin tam siyahısı hazırlanandan sonra veriləcək. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Medicina.az -a açıqlamasında məlumat vermişdi.

Lakin bəzi tibb işçiləri iddia edirlər ki, koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etmələrinə baxmayaraq, rəhbərlik tərəfindən onlara, heç bir əlavə ödənişin edilməyəcəyi bildirilib. Belə şikayətlərdən birini jurnalist Aygün Muradxanlı öz “Facebook” səhifəsində paylaşıb.

A.Muradxanlı yazır: “Sinif yoldaşım 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində tibb bacısı işləyir. 1 ay Atletlər Kəndində karantin rejimində işləməyə göndərilib. Bütün tibb heyəti 24 saatlıq rejimdə çalışıb. Əmək haqqının 3 misli məsələsini dəqiqləşdirəndə baş həkim deyib, nə 3 misl, siz könüllü idiniz”.

Jurnalistin qaldırdığı şikayət bir sıra suallar doğurur. Bu məsələdə könüllülük varmı, varsa, necə tənzimlənir, niyə əvvəlcədən xəbərdarlıq edilməyib? Sözügedən siyahılar hazırlanarkən tibb müəssisələri rəhbərlərinin neqativ hallara yol verməməsi üçün hansısa tədbirlər görülürmü?

Bütün bu suallara aydınlıq gətirmək məqsədilə yenidən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovaya müraciət etdik. Agentliyin sözçüsü əvvəlcə şikayəti dərhal araşdırdı və belə cavab verdi:

“Əliyeva Təranə Məmmədağa qızı növbəli iş prinsipi ilə mart ayının 22-dən sanitar olaraq işə cəlb edilib. Mart ayı ərzində 3 gün çalışıb. Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarına əsasən, əməkhaqqının 3 misli qədərində mart ayında müddətli əlavə alacaq.
Aprel ayı üzrə isə tibb işçilərinin siyahıları mart ayı tam ödənildikdən sonra Agentliyə göndəriləcək”.

A.Əhmədova könüllülük məsələsinə də aydınlıq gətirdi. Bildirdi ki, bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart tarixli qərarı var:
“Baş nazir Əli Əsədov tərəfindən imzalanmış həmin qərarda deyilir ki, Səhiyyə Nazirliyinə və İcbariTibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, yeni növkoronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlbedilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyininödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirənişçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini 5 (beş)gün müddətində hazırlayıb Azərbaycan Respublikasının NazirlərKabinetinə təqdim etsin”.

Agentlik rəsmisi siyahıların hazırlanma prosesinə nəzarətlə bağlı sualmıza da cavablandırdı:
“Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli sərəncamı, Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” 25 mart 2020-ci il tarixli qərarları müvafiq tibb müəssisələrinə göndərilib. Bu qərarlar əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əmrləri hazırlanıb və tibb müəssisələrinə bu barədə məlumat verilib. Tibb müəssisələrinin rəhbərləri koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin siyahılarını bu sənədlərin çərçivəsində hazırlayırlar.Zərurət olan halda Agentlik tərəfindən siyahılara ştat cədvəli, xəstəlik tarixçələri üzrə nəzarət edilir”.

A.Əhmədova sonda onu da vurğuladı ki, koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən, hər hansı səbəbdən adı siyahıya düşməyən tibb işçisi İcbariTibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edə bilər.

Medicina.az