Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Adımız taleyimizə necə təsir edir? – PSİXOLOQ YAZIR

  • 2019.03.25 17:21
  • 18056 Baxış
Adımız taleyimizə necə təsir edir? –  PSİXOLOQ YAZIR
Hər bir söz hiss və enerji daşıdığı üçün insan adlarının da şübhəsiz ki, həyatımıza təsiri var.  Necə deyirdi Dədə Qorqud?!: "Adını mən qoydum, bəxtini tanrı yazsın".


Bu, adın enerjisinin insanın enerjisi ilə oxşar olduğu zaman gerçəkləşə bilər. Bir çox xalqlarda adqoydu mərasimi var. Bəzi valideynlər əvvəlcədən uşaqları üçün ad düşünür, bəziləri isə seçim etməkdə çətinlik çəkir. Nəticədə ya nənə, baba, yaxud başqa bir qohumun, sevdiyi film, əsər qəhrəmanının adını qoyur. Rəhmətə getmiş, yaxud sağ olan yaxın qohumunun adını qoyanlar uşağı adı ilə çağırmır, ona qısaldılmış , heç bir məna kəsb etməyən ləqəblə çağırırlar. Nəticədə isə uşaq adının enerjisini hiss etmir. Ad ilə onu daşıyan insanın enerjisi arasında tənasüb pozulur. 


Maraqlı bir fakt yadımdadır. Yaxından tanıdığım bir qadın ağır avtomobil qəzasında ölmüş qardaşının adını öz böyük oğluna qoymuşdu. Bununla da hər dəfə oğlunu adı ilə çağıranda şüuraltı  qardaşını çağırırmış və faciəni içində yaşadıb ona enerji verirmiş. Oğlan dayısının həlak olduğu yaşa çatanda bütün ailə ağır qəza keçirdi. Bütün ailə üzvləri qadının iki oğlu, gəlini və nəvələri ciddi xəsarət aldı və aylarla yataqda qaldı. Həyatda təsadüflər olmadığını nəzərə alsaq, bu hadisə göstərir ki, insan ad ilə bağlı həyat və nəticəni övladına köçürə bilər. 


Təbii ki, ad insan taleyini formalaşdıran tək amil deyil, amma insanın həyatı və taleyini təhlil edəndə  nəzərə alınmalıdır. İlk baxışdan adla bəxt yazmaq olmaz. Amma əgər həyatımız bizim fikirlərimizdən yaranırsa, (bu nəzəriyyə artıq müasir Qəlb elmində tətqiqatlarla təsdiqini tapıb) o zaman gündə dəfələrlə təkrar olunan adımız şüuraltımıza təsir edir. Bütün məsələ isə bizim adımızdan, onun səslənməsindən asılıdır. Təsadüfi deyil ki, bir çox cəmiyyətlərdə adları, xüsusən uşaq adlarını qısaldaraq işlədirlər. Bu halda ad bütün məna gücünü itirir. Deformasiya olunmuş enerji isə insana deformasiya olunmuş tale formalaşdırır. 


Bölgədə yaşayan xristianlar arasında (ermənilərdə bununla rastlaşmışam) arasında müsəlman adlarına, azərbaycanlılar arasında isə xristian adlarına rast gəlmək olar. Xalq inancına görə, ailədə bir neçə uşaq kiçik yaşlarında ölərdisə, şeytanı aldatmaq üçün yeni doğulan uşağa başqa başqa dində işlədilən adlar qoyarlar. Məsələn,  Gülnar adını götürək. "Gül" və "nar" sözlərindən yaranıb. Nar çiçəyi deməkdir. Nar çiçəyini görmüsünüz. Kötüyü sərt, ləçəkləri isə çox zərif və alov dillərini xatırladır. Maraqlıdır ki, "nar" sözü ərəbcə "Atəş" və "cəhənnəm" mənasını verir. "Gülnar" adının fəlsəfi-psixoloji təhlilinə görə,  o, ilk baxışdan zərif görünsə də, alov kimi yandıra bilir. Lakin alovun iki vəzifəsi var. Ocağı yandırır və ziyan verərək, nəyisə külə döndərir. Əslində, ikincisi də ilk baxışdan zərər gətirsə də, yeni bir başlanğıc üçün zəmin yaradır. İkinci bir tərəfdən zərif ləçəklər zamanı gələndə tökülür  və sərt kötüyün içində meyvə yaranır. Narın içində gilələrinin sayını bilmək mümkün deyil. Bu, hər meyvəyə görə dəyişir. Zənginlik və bərəkət rəmzidir. 


"Ayna" adını təhlil edək.  Hər kəs aynaya baxdığı üçün o, təmiz və qüsursuz olmalıdır. Adı daşıyan adam daim qüsursuz olmağa çalışır, başqaları üçün yaşayır. Özü öz güzgüsünə baxmır, dolayısı ilə fədakardır. "Tərlan" adlı insan ucalarda olmağa, həyata yuxarıdan aşağı baxmağa, müdrikliyə meylli olacaq. Hər bir adı beləcə analiz etmək olar. Beləliklə, əgər insan adının mənasını dərk edərək yaşayırsa, həyatını uğurlu, maraqlı bir oyuna çevirə bilər. 


Psixoloq Gülnara İNANC