Həkim-kardioloq Ülvi Mirzoyev Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya açıq müraciət ünvanlayıb.
Medicina.az-ın məlumatına görə, həkim müraciətində bildirib ki, son zamanlar ölkəmizin səhiyyə işçiləri, əsasən də həkimlərimiz müxtəlif növ mənəvi terrora məruz qalırlar. Ü.Mirzoyev özünün də bu cür terrorun qurbanı olduğunu söyləyib:
"Həkimlik peşəsi müqəddəsdir. Bu peşə təsadüfən seçilmir. Tibb təhsilini tamamlayıb, o ağ xalatı geyinən kimi başqa bir mənəviyyata bürünürsən, bütün həyatının mənası insanlığa, insanlara, onların sağlamlığına xidmət etmək olur. O andan sonrakı həyatında hər şeydən öncə xəstələrin maraqlarını prioritet halında tutmaq həyat fəlsəfəmizə çevrilir.
Bir peşəkar həkim asan yetişmir. Həm dövlətimiz, həm də mütəxəssisin özü bu iş üçün illərini verir. Altı illik tibb təhsili, bir illik kardiologiya internaturası sonrası ölkəmin insanlarına daha yaxşı xidmət vermək üçün Ankara Universitetində 5 illik ixtisaslaşmadan sonra İstanbulda Türkiyənin ən böyük xəstəxanalarından birində uzun müddət çalışdım. Ardınca Vətənimə qayıdıb xalqımıza xidmət verməyə başladım.
2008-ci ildən bu günə qədər ölkəmizdəki kardioloji xidmətin təkmilləşməsinə, keyfiyyətinin artırılmasına, insanlarımızın sağlamlıq dərəcəsinin maksimallaşmasına, tibb elminin inkişafına hər zaman əlimdən gələn tohfəni vermişəm. ABŞ-nın Klivlend klinikasında və Almaniyanın Heidelberg Universitetində ixtisasartırma keçmişəm. Onlarca, yüzlərcə elmi konfranslarda məruzəçi kimi çıxış etmişəm. Beynəlxalq konfranslarda ölkəmi, Azərbaycanımı daim layiqincə təmsil etmişəm. Bir çox mürəkkəb prosedurların Azərbaycanda tətbiqi, təkmilləşməsi və yayılması prosesində iştrak etmişəm. Bu sahədə ekspert mütəxəssilərdən biri olduğum üçün həmkarlarım tərəfindən Azərbaycan Kardioloji Cəmiyyətinin Müdaxiləvi Kardiologiya işçi qrupunun rəhbəri olaraq seçilmişəm. Bütün həkimlər kimi, həyatımdaki əsas əqidəm daim təhsil və peşəkarlıq səviyyəmi artıraraq, xalqıma maksimal dərəcədə faydalı olmaq olub.
Həkimlik fəaliyyətimdən əlavə olaraq, ölkəmizin əhalisinin sağlamlığının artırılmasına daha çox xidmət edə bilmək üçün səhiyyənin təşkili və idarə edilməsi sahəsində də özümü təkmilləşdirmək məqsədi ilə əvvəlcə Türkiyənin Hacettepe Universitetində, daha sonra İngiltərənin ən prestijli universitetlərdən sayılan "The London School of Economics"də səhiyyə idarəedilməsi üzrə elmlər magistri təhsilini almışam. Tibb üzrə fəsləfə doktoruyam, elmlər doktoru dissertasiyasını yazıram. Hazırda İngiltərənin Oksford Universitetində yenə part-time təhsilimi davam etdirirəm. 44 yaşımda təhsilimi və daimi inkişafımı hələ də dayandırmaq niyyətində deyiləm, ömrümün sonunadək öyrənib, öyrətmək istəyirəm.
Mən ölkəmizin ən sürətlə inkişaf edən sahələrindən biri olan səhiyyə sisteminin yüz minlərcə əsgərindən biriyəm. Mən, mənim kimi minlərcə həmkarım Sizlərin başçılığı ilə Vətənəmizin insanının sağlamlığının qorunması üçün daim xidmət etməyə davam edəcəyik".
Həkim bildirib ki, heç bir ölkədə dövlət rəhbərliyinin Azərbaycanda olduğu qədər səhiyyə işçisinin qayğısına qalındığının şahidi olmayib:
"Hər zaman olduğu kimi, COVID-19 pandemiyası dövründə də Prezidentimiz və Birinci vitse-prezidentimiz tərəfindən həm əhalimizin, həm də tibb işçilərimizin həyatı və sağlamlığı üçün nə cür diqqət və qayğı göstərildiyi göz qabağındadır. Hansı başqa ölkədə bir həkimin müalicəsi bir dövlət rəhbəri tərəfindən şəxsən nəzarətə götürülür? Mən belə bir şey eşitməmişəm. Hər bir insanın, hər bir tibb işçisinin həyatına nə qədər yüksək qiymət verdiyinizi hamımız görürük və bu səbəblə Sizə dərin minnətdarlığımızı bildiririk.
Bir mövzuda da Sizdən kömək istəyirəm. Hər nə qədər xəstələrimizin həyatı və sağlamlığı üçün sonuna qədər savaşsaq da, həmişə hədəflədiyimiz nəticə alinmaya bilər. Bütün dünyada olduğu kimi, bəzən xəstələrimiz sağalmaz və yaxud da pisləşər, hətta vəfat edə bilər. Bu hayatın bir qanunudur, xəstəliklərin gedişatı, ağırlıq dərəcəsi, pasientlərin əlavə demoqrafik və kliniki xüsusiyyətlərindən asılıdır. Hər bir həkim xəstəsini itirə də bilər. Bu çox vaxt bizim nəzarətimizin xaricindədir. Burada mütləq hər zaman həkim gunahkar deyildir. Amma bəzən heç bir araşdırma aparmadan, vəziyyəti tam anlamadan, cəmiyyətimizin bəzi üzvləri həkimləri məhkəməsiz mühakimə edirlər, illərcə qazanılmış şərəf və ləyaqətinə, işguzar imicinə xələl gətirirlər. Bəzən xəstə yaxınları araşdırıb-soruşdurmadan belə edirlər, bunu yenə də anlamaq mümkündür, insanın bir itkisi olanda günahkar axtarmağa meyillidir".
Ü.Mirzoyev vurğulayıb ki, bəzən bu durumdan sensasiya axtarışında olan ikinci dərəcəli Kütləvi İnformasiya Vasitələri istifadə etməyə çalışırlar. Onun sözlərinə görə, bəzən rəsmi məlumatlara istinad etmədən, heç bir ictimai etikaya uyğun olmayan böhtan xarakterli məlumatlar da dərc olunur ki, bu da ictimai fikri yanlış istiqamətə yönəldir. Bu isə “Defensive Medicine” adlandırılan vəziyyətin yaranması ilə nəticələnə bilər:
"Belə olarsa, həkimlər ağır xəstələri qəbul etməkdən çəkinəcək, özlərini qorumaq üçün ağır əməliyyatlar və müalicələr aparmaqdan imtina edəcək. Həkim olmaq istəyən gənclərimizin sayı azalacaq. Bunu edənlər isə nisbətən yüngül, riski az olan sahələri seçməyə üstünlük verəcəklər. Xaricdə yaşayan minlərcə yüksək ixtisaslı həkim həmvətənimiz ölkəmizə qayıtmaqdan yayınacaq və bütün bunlar səhiyyəmizin və insanlarımızın sağlamlığına mənfi təsir edəcək.
Sizdən xahişim, tibb işçilərinə qarşı mənəvi şiddətin azaldılması üçün lazım olan tədbirləri şəxsi nəzarətiniz altına götürün. Milli Məclisə həkim haqlarını qoruyan əlavə qanun layihələri ilə müraciət edin, bu qədər dəyər verdiyiniz, qayğı göstərdiyiniz səhiyyəmizin və səhiyyə işçilərimizin haqlarının hansısa şuursuz insanlar tərəfindən tapdalanmasının qarşısını alın. Bizim səhiyyəmizin Sizlərin rəhbərliyi ilə görəcək hələ çox işi var. Tibbi xidmət keyfiyyətinin, xəstə təhlükəsizliyinin, xəstə mərkəzliliyinin, sübüt əsaslı effektiv tibbi yardımın təşkili, əhalinin sağlamlıq dərəcəsinin artırılması üçün hələ çox çalışıb, vuruşmalıyıq. Hər zaman qayğılarınızı əsirgəmədiyiniz və rəhbərlik etdiyiniz tibb işçilərini bu mənəvi terrordan xilas edin".
Bu terrora məruz qalmış yüzlərcə həmkarım adından Dr. Ülvi Mirzoyev, TÜFD, kardioloq
Bakı şəhəri. 10 İyul 2020 ci il”.