Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Adi qrip koronavirusdan daha təhlükəlidir" - Baş infeksionist

  • 2020.03.05 11:31
  • 2797 Baxış
"Adi qrip koronavirusdan daha təhlükəlidir"  - Baş infeksionist
"Koronavirus adi bir respirator virus infeksiyasının növüdür. Bu, gələcək illərdə, çox güman ki, mövsümi bir xəstəlik kimi gözlədiyimiz xəstəliklərdən biri olacaq. İndiyə qədər 4 növlə meydana gələn koronavirus insanlar arasında xəstəliklər törədib. Mövsümi respirator virus infeksiyalarının, təxminən, 9 faizə qədəri koronavirusun 4 növünün payına düşüb. Təbii ki, bu COVİD-19 da onların sıralarına qoşulacaq"

Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

C.İsayevin sözlərinə görə, koronavirusla bağlı ölüm halları 3 faizdən yuxarı qalxmır. O, hazırda Çində koronavirusla xəstələnmə hallarının azaldığının, Çindən kənar ölkələrdə isə artdığının müşahidə olunduğunu bildirib.

Baş infeksionist vurğulayıb ki, koronavirus infeksiyası elə də təhlükəli deyil:

"Bu, hər hansı bir xroniki xəstəlik və ya immun sistemində çatışmazlıq olan insanlarda təhlükəli ola bilər. Belə olduğu halda isə təkcə koronavirus deyil, bizim bildiyimiz qrip də olsa həmin şəxsin sağlamlığında təhlükə yarada biləcək. Bir məsələni də qeyd edim ki, adi qrip koronavirusdan daha təhlükəlidir. Çünki ABŞ-da ötən il adi qripdən ölənlərin sayı 18 min olub".

C.İsayev qeyd edib ki, bundan əvvəl ölüm riski yüksək olan viruslar da olub:

"Koronavirusun bu günədək 4 növünə rast gəlinirdi, bunun da demək olar ki, ölüm faizi qeyd olunmurdu. COVİD 19 da əvvəlki növlərdən bir qədər fərqli formadadır, yəni ölüm vermə ehtimalı artıb. 2012-ci ildə isə koronavirusun yeni bir növü tapılmışdı. O da 2013-2015-ci illərdə yayılmışdı. Ümumilikdə, bu virusdan 1200-dək insan xəstələnmişdi. Buna Yaxın Şərq respirator sindromu deyirdilər. Onda ölüm faizi yüksək idi, 27-40 faiz arası dəyişirdi. Göründüyü kimi, o virus da keçib getdi. Bu gün isə çox nadir hallarda həmin virusla xəstələnmə halları müşahidə olunur. Bundan əlavə onun SARS virusu var idi ki, ona da ilk dəfə 2002-ci ildə rast gəlinmişdi. Ondan da 850-900 nəfər arası xəstələnmə halı olmuşdu və 10 faizə yaxın ölüm hadisəsi baş verdi. Bir sözlə, həmin viruslar ölüm riskinə görə COVİD 19-dan daha yüksək yerdədir".

Qeyd edək ki, bu günədək Azərbaycanda üç nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Onlardan ikisi Azərbaycan, biri isə Rusiya vətəndaşıdır. (“Report”)