Atalarımız "Sağlam bədəndə sağlam ruh olar” deyiblər. Sağlam olmaq üçünsə, düzgün qidalanmaq lazımdır. Ancaq amerikalı ekspertlərin fikrincə, bəzən yeməkdən imtina etmək bədənə rahatlıq gətirir. Xüsusilə baş beyin üçün faydalı olur.
Medicina.az "7mednews” saytına istinadla xəbər verir ki, ABŞ-ın Milli Qocalma Problemləri İnstitutunun mütəxəssisləri bu sahədə tədqiqat aparıblar. Məlum olub ki, müəyyən məhsulları yeməkdən imtina etməklə, baş beynin fəaliyyətini xeyli yaxşılaşdırmaq olar.
Bu məqsədlə laboratoriya siçanları üzərində sınaqlar aparılıb. Gəmiricilərin bir hissəsinə müəyyən vaxtlarda bir gün yemək verilməyib, qalan hissəsi normal qidalanıb. Müəyyən edilib ki, müəyyən günlərdə ac qalan gəmiricilərin beyin hüceyrələri normal yeyən siçanlarla müqayisədə xeyli sürətlə inkişaf edir. Alimlərin fikrincə, tədqiqatın nəticələrini cəsarətlə insana da şamil etmək olar.
Onlar hesab edirlər ki, belə xüsusiyyət təkamül prosesi ilə bağlı ola bilər. İnsanın əcdadları təbiətdə bəzən aclıqla üzləşməli olublar. Odur ki, yemək tapan insanın orqanizmi beynin inkişafını tezləşdirmək üçün bəsləyici resursları dərhal mənimsəməyə çalışıb. Bu proses beynin neyrotrofik faktoru ilə bağlı ola bilər. Zülal öyrənmə və yaddasaxlama qabiliyyətinə təsir göstərir. Bu da neyron və sinapsların inkişafını stimullaşdırır. İnsan qocalanda, bu göstəricinin səviyyəsi düşür. Nəticədə koqnitiv xüsusiyyətlər pozulur. Aclıq isə zülalın konsentrasiyasını artırır.