Maddələr mübadiləsini sürətləndirən qəhvə pəhriz menyunlarının vazkeçilməz məhsullarındandır. Qəhvə iştahı azaldır və insanı tox saxlayır.
Araşdırmalar qəhvənin tərkibindəki kofeinin metabolik sürəti artırdığını və bədənin daha sürətli yağ yandırmasına kömək etdiyini üzə çıxarıb.
Kofein istehlakının kalori yandırmada 13%, yağ yandırmada isə ikiqat artıma səbəb olduğu bildirilir.
Bütün bu səbəblərə görə, qəhvə pəhrizləri gün keçdikcə populyarlaşır.
Medicina.az son vaxtların ən populyar kofein əsaslı 3 arıqlama üsulunu təqdim edir:
7 saniyəlik qəhvə
Bu üsul xüsusilə sosial şəbəkələrdə çox populyardır. Bu üsula əməl edənlər aclıq hiss etdikdən sonrakı yeddi saniyə ərzində xüsusi əlavələrlə şirinləşdirilmiş bir fincan qəhvə içirlər.
Metodun tərəfdarları iddia edirlər ki, bu, toxluq hissi verir və beyni aldadaraq iştahı azaldır. Beləliklə, arıqlamağa kömək edir.
Bir fincan qəhvə
Bir fincan qəhvənin belə çəki atmaq üçün təsirli olduğunu söyləyən asan bir yanaşma var.
İkinci üsul tünd qəhvə istehlakını artırmağı və kalori qəbulunu məhdudlaşdırmağı nəzərdə tutur.
Dr. Bob Arnotun "The Coffee Lover's Diet" adlı kitabında iddia edilir ki, meyvələr, tərəvəzlər, tam taxıllar və məhdud miqdarda işlənmiş qidalarla zəngin bir pəhriz ilə birlikdə gündəlik qəbul edilən bir fincan tünd qəhvə maddələr mübadiləsini sürətləndirə, aclığı cilovlaya və hər kəsə arıqlamaqda kömək edə bilər.
Üç fincan qəhvə
Həyata keçirilməsi asan olan başqa bir qəhvə ilə arıqlama metodu gündə üç fincan şəkərsiz və südsüz qəhvə içməyi tələb edir.
Bir araşdırma üç fincan qəhvənin bədən yağını təxminən 4% azalda biləcəyini müəyyən edib.
Tədqiqatlar qəhvənin bədən çəkisini, bədən yağını və BMI-ni azalda biləcəyi iddiasını dəstəkləyir.
“New York Post” yazır ki, qəhvənin tərkibində xlorogen turşusu var ki, bu da yağ yandırmasını artırır və karbohidratların udulmasını yavaşlatmağa kömək edir.
Qeyd edək ki, qəhvə istehlakı bir sıra digər sağlamlıq faydaları ilə də əlaqələndirilir.
Müntəzəm qəhvə istehlakı Parkinson, Alzheimer, 2-ci diabet və bəzi xərçəng növləri də daxil olmaqla bir sıra xəstəliklərin riskinin azalması ilə əlaqələndirilir.
Aysel