Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ac qalmağın fəsadları- Beyinə mənfi təsir edir

  • 2023.02.22 13:53
  • 1679 Baxış
Ac qalmağın fəsadları - Beyinə mənfi təsir edir


Qeyri-düzgün qidalanma insanın iş qabiliyyətini və orqanizminin müdafiə gücünü azaldır. Həmçinin orqanizmdə maddələr mübadiləsini pozur, insanın vaxtından əvvəl qocalmasına və onda bir çox, o cümlədən infeksion xəstəliklərin yaranmasına səbəb olur.


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, həddindən artıq qidalanma insanda ateroskleroz, piylənmə, podaqra, şəkərli diabet, poliosteoartoz, ürək və qan-damar sistemi xəstəliklərinin əmələ gəlməsinə təkan verir. Az qidalanma və aclıq qida çatışmazlığından qaynaqlanan xəstəliklərin yaranmasına səbəb olur. Davamlı şəkildə qidalanmamaq isə uşaqlarda zülal çatışmazlığına gətirib çıxarır. Nəticədə azyaşlılarda fiziki və zehni inkişafda ləngimə, sümüklərin formalaşmasının pozulması halları, eləcə də mədəaltı vəz və qaraciyərdə dəyişikliklər müşahidə edilir.


"Medicina" xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Aynur Həsənova düzgün qidalanmanın qaydalarını açıqlayıb.


Qeyd olunan hallar nəzərə alınaraq, rasional qidalanma (latınca “rationalis”-ağlabatan, məntiqli deməkdir) qaydalarına əməl edilməsi vacib sayılır. Rasional qidalanma dedikdə, insanın normal həyat fəaliyyətini, yüksək iş qabiliyyətini, ətraf mühitin mənfi amillərinə qarşı müqavimətini tənzimləyən qidalanma nəzərdə tutulur. Rasional qidalanma təkcə metabolik deyil, bir çox digər xəstəliklərin qarşısının alınması üçün də ən vacib şərtdir. Bu qidalanma fizioloji ehtiyaclarla əlaqədar olaraq, orqanizmi zəruri qida maddələri və enerji ilə təmin edir. Normal böyümə və inkişaf üçün orqanizmin ehtiyac duyduğu zülal, yağ, karbohidrat, vitamin və minerallara olan ehtiyacını ödəyir.

Rasional qidalanmanı təmin etmək üçün istehlak olunan məhsullara da diqqət yetirmək vacib amillərdəndir. Maddələr mübadiləsində müsbət rol oynayan və prosesi sürətləndirən qida məhsullarına zülallarla zəngin olan ət, balıq, yumurta, paxlalılar, çərəzlər və süd məhsulları aiddir. Çünki bu cür qida məhsullarının həzmi üçün çox enerji tələb olunur ki, buna da qidanın termiki effektivliyi (QTE) deyilir. QTE istehlak edilən qida məhsullarının tərkibindəki maddələrin mənimsənilməsi və emalı üçün tələb olunan kalori miqdarını əhatə edir.

Araşdırmalar göstərir ki, zülallarla zəngin qida məhsulları QTE-ni karbohidrat və yağ ehtiva edən qida məhsulları ilə müqayisədə daha çox, təxminən 15-30% artırır. Dəmir və selen kimi minerallarla zəngin qida məhsulları qalxanabənzər vəzinin funksiyasına müsbət təsir göstərir. Selen maddələr mübadiləsinin tənzimlənməsində əsas rol oynayır. Araşdırmalar nəticəsində müəyyən edilib ki, orqanizmdə selen və dəmir çatışmazlığı qalxanabənzər vəzi hormonunun ifrazının azalmasına səbəb olur. Ona görə də, gündəlik qida rasionunda bu minerallarla zəngin olan ətə, paxlalı bitkilərə, çərəzlərə və dəniz məhsullarına yer verilməlidir. Kapsaisin adlanan kimyəvi maddə ehtiva edən çili bibərinin, kofein tərkibli qəhvənin, katexinlərlə zəngin çayın da maddələr mübadiləsinə müsbət təsir göstərdiyi müəyyən olunub. Bundan əlavə, kofein orqanizmdə yağları parçalayaraq enerjinin əmələ gəlməsinə şərait yaradır. Digər bitki mənşəli qida məhsulları ilə müqayisədə zülallarla daha zəngin olan mərci, noxud, lobya kimi paxlalıların maddələr mübadiləsinə sürətləndirici təsir göstərdiyi aşkar edilib. Bunun qidanın termiki effektivliyi ilə əlaqədar olması güman edilir. Paxlalı bitkilər həmçinin lif və nişasta ilə zəngindir ki, bunlardan orqanizm yoğun bağırsaqda yaşayan faydalı bakteriyaları qidalandırmaq üçün prebiotik kimi istifadə edə bilər. F

aydalı bakteriyalar isə öz növbəsində qısa zəncirli yağ turşuları istehsal edir. Bu yağ turşuları orqanizmdə enerji kimi yığılmış yağdan daha səmərəli istifadə etməyə və qan şəkərinin normal səviyyəsini saxlamağa kömək edə bilər.

Orqanizm üçün lazım olan qida məhsullarının qəbulu ilə yanaşı, gün ərzində kifayət qədər su içmək də sağlamlıq üçün olduqca faydalıdır. Araşdırmalar nəticəsində müəyyənlədirilmişdir ki, içməli su maddələr mübadiləsi 24-30%-ə qədər sürətləndirir. Tədqiqatçılar qeyd edirlər ki, bu artımın təqribən 40%-i suyun bədən istiliyinə qədər qızdırılması üçün lazım olan əlavə kalorilərlə bağlıdır. Bununla belə, təsirlər su içdikdən sonra yalnız 40-90 dəqiqə davam edir. Təsirin gücü isə individual xarakter daşıdığı üçün insandan insana dəyişə bilər.

Nəzərə almaq lazımdır ki, hər bir insanın orqanizmində həyatı boyu fasiləsiz maddələr və enerji mübadiləsi gedir. Funksiyaların yerinə yetirilməsi və enerjinin əldə edilməsi üçün lazım olan qidalı maddələr isə orqanizmə qida məhsulları vasitəsilə daxil olur. Qida orqanizmə daxil olmadıqda, insanda aclıq hissi yaranır. Lakin aclıq hissinin yaranması orqanizmə hansı və nə qədər qidalı maddələrin lazım olduğunu müəyyən edə bilməz.

Təsadüfi deyil ki, insan ac olanda, adətən dadlı və tez hazırlanan yeməklərə üstünlük verir. Nəticədə isə orqanizm ona lazım olan qədər qidalı maddələr qəbul edə bilmir. ÜST-nin məlumatlarında acqalma müəyyən qidalı maddələrin çatışmazlığı və qeyri-bərabər paylanması kimi qiymətləndirilir. Acqalma dedikdə, çox az miqdarda qida istehlakı nəzərdə tutulur. Bu, orqanizm üçün vacib olan qidalı maddələrin rasiondan kənarlaşdırılması deməkdir. Acqalma qidalanma balansını pozur ki, bu, çəkinin normadan çox və ya əksinə, az olması ilə nəticələnə bilir. ÜST göstəricilərinə əsasən, dünya əhalisinin 1.9 milyardı (yetkin insanlar) artıq çəkidən, 462 milyonu isə çəki azlığından əziyyət çəkir. Uzunmüddətli acqalmalar orqanizmin dehidratasiyasına da səbəb olur.


Bədənin susuzlaşması dərinin qurumasına, sidik ifrazında problemlərə, arterial qan təzyiqinin pozulmasına və qəbizliyə şərait yaradır. Ona görə də, hətta pəhrizlərin saxlanması zamanı belə, bol su qəbul etmək tövsiyə edilir. Acqalma və susuzlaşma qlikogen səviyyəsinin tükənməsi və nəticədə elektrolit balansının pozulmasına da gətirib çıxara bilər. Siçanlar üzərində aparılan tədqiqat zamanı aşkar olunub ki, acqalma natrium, kalium, fosfor və kalsiumun səviyyəsini aşağı salır, qidalanmadan sonra isə yenidən artır. Acqalmanın səbəb olduğu problemlərdən biri də qəbizlik və qadınlarda hormonal balansın pozulmasıdır. Belə ki, piy toxuması qadın cinsi hormonlarının ifrazında rol oynayan reseptorların funksiyasını tənzimləyir.

Uzunmüddətli acqalma və ya yağın rasiondan çıxarılması nəticəsində piy toxumalarının miqdarı azalır ki, bu da estrogen hormonun çatışmazlığına səbəb olur. Uzunmüddətli acqalma osteoklastların aktivliyinə mənfi təsir göstərir ki, bu da sümük kütləsinin azalmasına gətirib çıxarır. Bu, həmçinin sümüyün mineral kütləsinin itkisinə də səbəb olur. Acqalmanın ən geniş yayılmış yan təsiri isə yorğunluq hissidir. Belə ki, acqalma vitamin balansını və orqanizmdə fizioloji prosesləri pozur. Nəticədə yorğunluq hissi yaranır. Həmçinin acqalma qlükoza ehtiyatının tükənməsinə səbəb olur və bununla beyində biokimyəvi reaksiyalar pozulur. Bu da beynin işinə mənfi təsir göstərir. Acqalma maddələr mübadiləsinin sürətini də azaldır və orqanizmin enerji ehtiyatını tükəndirir.