ABŞ-ın Konnektikut ştatında həddi-buluğa çatmamış 3 nəfər iltihabi sindrom əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
“Report” xəbər verir ki, bu barədə ştatın qubernatoru Ned Lamont mətbuat konfransında bildirib.
O, qeyd edib ki, bunun koronavirusla bağlı olduğu ehtimal edilir.
"Üç belə hadisə Nyu-Heyven xəstəxanasında qeydə alınıb. Biz onların səhhətini diqqətlə izləyirik. Pasiyentlər 3 aylıqdan 14 yaşa qədərdir, onlarda badamcıq vəzlərinin kəskin iltihabı və başqa simptomlar müşahidə olunur. Və bu bizi çox narahat edir", - qubernator deyib.
Ötən şənbə günü qonşu Nyu-York ştatının qubernatoru da bildirib ki, ağır vəziyyətdə olan üç uşaq koronavirusdan ölüb.
ABŞ-da yerli və federal orqanların məlumatları əsasında statistika aparan Cons Hopkins Universitetinin məlumatına görə, hansı ki, Birləşmiş Ştatlarda virusa 1,34 milyondan çox yoluxma qeydə alınıb, 80 239 insan ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.