İran məhkəməsi ölümcül Epidermolizis Bulloza (EB) xəstələrinin qaldırdıqları iddialarla bağlı yekun qərarını açıqlayıb.
Medicina.az xəbər verir ki, məhkəmənin qərarına görə, ABŞ rəhbərliyi xalq arasında “kəpənək xəstəliyi” kimi tanınan EB-dən əziyyət çəkənlərə və onların ailələrinə 6 milyard 785 milyon dollar təzminat ödəməlidir.
Tehran Beynəlxalq Hüquq Məhkəməsinin verdiyi qərarda qeyd olunub ki, ABŞ-ın tətbiq etdiyi birtərəfli sanksiyalar səbəbiylə bu xəstələr müalicə imkanlarını itiriblər:
“ABŞ hökumətinin birtərəfli sanksiyaları səbəbindən ABŞ və Avropa şirkətləri xəstəliyin müalicəsi üçün lazım olan tibbi məhsulların İrana satışını dayandırıb”.
Xatırladılıb ki, dünyada kəpənək xəstələrinin yaralarını sağaldan yeganə müalicəvi sarğı istehsalçısı - İsveçin “Mölnlycke” şirkətidir. ABŞ-ın keçmiş prezidenti Donald Trampın İranı nüvə sazişindən çıxarması və yeni sanksiyalar tətbiq etməsindən sonra şirkət İranla bütün əməliyyatları dayandırıb. Bu qərardan 8 ay sonra İranda EB xəstələrinin 20 faizi dünyasını dəyişib.
Sağ qalanların ehtiyac duyduqları materialları əldə edə bilmədikləri üçün çox əziyyət çəkdikləri qeyd olunub.
Həmçinin diqqətə çatdırılıb ki, İranın bu xəstələri avadanlıq və dərmanla təmin etmək cəhdləri ABŞ tərəfindən əngəllənib.
Xatırladaq ki, 2022-ci ildə kəpənək xəstəliyindən əziyyət çəkənlər və onların ailələri ABŞ səlahiyyətlilərinə qarşı iddia qaldırmışdı.
Aysel