Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Abort qadağası körpə ölümlərinin 13 faiz artmasına səbəb oldu

  • 2024.06.28 14:34
  • 1015 Baxış
Abort qadağası körpə ölümlərinin 13 faiz artmasına səbəb oldu
ABŞ-ın Texas ştatında abort qadağasından sonra bir yaşına çatmadan ölən körpələrin sayının təxminən 13 faiz artdığı müəyyən edilib.

Medicina.az bildirir ki, 2021-ci il sentyabrın 1-də Texasda qüvvəyə minən qanun dölün ürək döyüntüləri eşidildikdən sonra abortları qadağan edir.

Bu mərhələdə bir çox insan hamilə olduqlarını belə öyrənməmiş olur. Üstəlik qanun təcavüz və ya ensest əlaqə nəticəsində hamilə qalan qadınları da əhatə edir.

Ştatda aborta yalnız "təcili tibbi vəziyyətlər" zamanı icazə verilir, lakin həkimlər bunun da disfunksional olduğunu deyirlər. Abortu qadağan edən digər ştatlar kimi, Texas da fövqəladə hallarda prosedura icazə verir. Bununla belə, həkimlər qanunun bu variantdan istifadəni çətinləşdirdiyini və tədbir görmək əvəzinə xəstələrin müdaxilə ediləcək qədər pisləşməsini gözləməli olduqlarını deyirlər.

“JAMA Pediatrics” jurnalında bazar ertəsi dərc edilən araşdırmanı aparan qrup Texasda abort qadağasının körpə ölümlərinə təsirini müəyyən edib. Tədqiqatçılar Texasda və 28 ştatda 2018-ci ilin yanvarından 2022-ci ilin fevralına qədər ölüm şəhadətnamələrini təhlil ediblər. Statistik model 6 həftəlik abort qadağası qüvvəyə minməsə, baş verəcək ölümlərin sayını hesablayıb və bunu faktiki ölüm sayı ilə müqayisə edib.

Qeyd olunub ki, Texasda qanunun qüvvəyə minməsindən sonra ilk doğuşlarla üst-üstə düşən 2022-ci ilin mart-dekabr aylarında bir yaşa çatmadan dünyasını dəyişən körpələrin sayı 216 nəfər artıb. Bu, 12,7 faiz artım deməkdir.

Alimlərin hesablamalarına görə, bu dövrdə ştatda anadangəlmə xəstəliklərdən ölən körpələrin sayı 22,9 faiz artıb; ümumilikdə ABŞ-da isə bu artım 3,1 faiz təşkil edib.

Bu tapıntılar göstərir ki, məhdudlaşdırıcı abort siyasətləri körpə sağlamlığı və nəticədə ailələrin yaşadığı travma və tibbi xərclər baxımından əhəmiyyətli və arzuolunmaz nəticələrə səbəb olur.

Yeni tədqiqat abort qadağalarının artan uşaq ölümləri ilə əlaqəli olduğunu göstərən digər tədqiqatları dəstəkləyir.

Xatırladaq ki, 2021-ci ildə Texasda qüvvəyə minən qanundan əvvəl, döldə tibbi problem aşkar edilərsə, hamiləliyin 20-ci həftəsinə qədər abort etmək mümkün idi.

ABŞ Ali Məhkəməsi 2022-ci ilin iyun ayında verdiyi qərarla abortu ölkə daxilində konstitusiya hüququndan çıxardı və abort qadağası ilə bağlı qərarı ştatların ixtiyarına buraxdı. Bu qərardan sonra bir çox ştatlar aborta tamamilə və ya böyük ölçüdə qadağa qoydu.

2022-ci ilin iyununda abort konstitusiya hüquqlarından çıxarıldıqdan sonra ABŞ Ali Məhkəməsi qarşısında etiraz aksiyaları keçirildi. Abort qadağasının aradan qaldırılmasına qarşı mübarizə davam edir.


Aysel