Bir çox körpələr onlara qoyulan səhv diaqnozun qurbanı olurlar. Yalnış gedən müalicələr uşaqlar üçün daha sonra böyük həyati təhlükə yaradır.
Medicina.az xəbər verir ki, pediatr neonatoloq Altay Abdullaoğlu ölkəmizdə körpələrə ən çox qoyulan 4 səhv diaqnoz barədə danışıb.
Bunlar aşağıdakı xəstəliklərdir:
1. Kəllədaxili təzyiq
2. Timus
3. Hipoksiya (oksigen çatışmazlığı)
4. Nevroloji uşaq
Bu xəstəliklərin ölkəmizdə uşaqlara qoyulan ən çox səhv diaqnoz olduğunu bildirən pediatr bu səbəbdən kurs müalicələr alan yetərli sayda körpə uşaqların olduğunu qeyd edib.
"Azərbaycanda olduğum müddətdə mənə bu diaqnozla müraciət edən xəstələrin 99 %-nin tamamilə sağlam olduğunu müşahidə etmişəm. Çox vaxt körpələrdə olan bəzi normal əlamətlər xəstəlik olaraq qəbul edilir və buna uyğun olaraq kurs müalicələrə başlanılır. Bu əlamətlərdən ən çox rastlaşdıqlarımız körpələrdə ağız ətrafında müşahidə olunan göyərmələr, ağlayanda çənənin əsməsi, gecələr səbəbsiz bir şəkildə ağlamaqlar, dilin bayıra çıxarılmasıdır.
Bildirmək istəyirəm ki, bu əlamətlər xəstəlik əlaməti deyildir və körpələrdə rast gəlinən normal, fizioloji haldır. Əgər körpənin müayinəsində digər əlamətlər görünməzsə, bu, müstəqil surətdə hər hansı bir xəstəliyin göstəricisi hesab olunmur və tamamilə normal bir haldır. Bu əlamətlər zamanla öz-özünə keçib gedəcəkdir. Ona görə hər kəsə tövsiyəmiz uşaqlarına qarşı daha diqqətli olmaları və yersiz yerə körpələri kurs müalicələrə məruz qoymamaqlarıdır”, - deyə Abdullaoğlu vurğulayıb.