Dekabrın 8-9-da Lənkəran Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü ilə Mərkəzi Neftçilər Xəstəxanasının 20 nəfərlik həkim briqadası Lənkəran Mərkəzi Poliklinikasının binasında xeyriyyə aksiyası keçirib.
Medicina.az-a daxil olan məlumata görə, aksiya zamanı şəhər və rayonun ayrı-ayrı yaşayış məntəqələrindən olan vətəndaşlar göz, uşaq xəstəlikləri, ümumi və uşaq cərrahiyyəsi, nevrologiya, ürək-damar xəstəlikləri, ginekologiya, travmatologiya, kardiocərrahiyyə və s. xəstəliklər üzrə pulsuz müayinədən keçməklə yanaşı, həmçinin yerindəcə müalicə ilə də təmin olunublar.
Təcrübəli həkimlər iki gün ərzində ümumilikdə 800-ə yaxın xəstəni müayinə edərək onlara lazımi məsləhətlər veriblər. Daha ağır xəstələrin müalicəsinin Bakıda davam etdirilməsi tövsiyə olunub.