Bakıda 76 yaşlı qadının qida borusunda törəmə səbəbindən qidalanması pozulmuşdu.
Medicina.az xəbər verir ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən ürəyində stent olan pasiyent üzərində ümumi cərrah İlqar İsmayılov tərəfindən qida borusu törəməsi səbəbi ilə Laparoskopik Ezofagektomiya əməliyyatı icra olunub. Kardioloji xəstəliyinə və ahıl yaşda olmasına görə pasiyentə digər mərkəzlərdə əməliyyatın mümkünsüz olduğu deyilsə də, Respublika Müalicəvi Diaqnostika Mərkəzində müasir cərrahi yanaşma ilə həyata keçirilən minimal invaziv əməliyyat nəticəsində pasiyent ağır xəstəlikdən azad edilib və 7 gün sonra normal qidalanması bərpa edilərək evə yola salınıb
Qida borusu törəmələrinin müalicəsində cərrahiyyə əsas yer tutur və bu əməliyyatlar texniki çətinlik və risk baxımından ən mürəkkəb hesab edilir. Bu səbəbdən yaşlı və yanaşı xəstəliyi olan pasiyentlərdə çox riskli olduğundan, ənənəvi olaraq, cərrahi müalicə uyğunsuz qəbul edilirdi və əfsuslar olsun ki, bu qrup xəstələr sağalma şanslarını itirmiş olurdular. Lakin son illərdə dünyanın qabaqcıl mərkəzlərində tətbiq olunan Laparoskopik Ezofagektomiya əməliyyatı minimal travmatik olduğundan, əməliyyatsonrası ölüm və ağırlaşma riskini önəmli dərəcədə azaltmış olur.