Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

– Həkim “bu sənin qismətindir” deyib pasiyenti blok etdi6000 manatlıq diş qoydurdu, 17 min ziyana düşdü

  • 2018.06.27 16:06
  • 19153 Baxış
 – Həkim “bu sənin qismətindir” deyib pasiyenti blok etdi 6000 manatlıq diş qoydurdu, 17 min ziyana düşdü
Medicina.az saytına daha bir pasiyentdən şikayət məktubu daxil olub.


Bakı şəhər sakini Günel Axundova Medholding Diş klinikasının sahibi və stomatoloq ortodontu Cavid Qurbanovu həkim səhlənkarlığı və pasiyent səhhətinə vurduğu ziyana görə məhkəməyə verməyə hazırlaşdığını bildirir. Pasiyentin şikayətini təqdim edirik:


"Mən 2015-ci ilin iyun ayında "Medholding” klinikasının  sahibi və eyni zamanda diş həkimi Cavid Qurbanova "vinir” diş qoyulması üçün müraciət etdim. 20 ədəd dişimə vinir qoyuldu. Bunun müqabilində dişin bir ədədi 300 (üç yüz) AZN olmaqla, cəmi 6000 (altı min) AZN pul ödədim. Bu dişlərə görə Cavid Qurbanov mənə şifahi olaraq 10 il zəmanət verdi. Pulun ödənişinə dair heç bir çek və sənəd vermədi.

 

Dişlər qoyulduqdan sonra çox vaxt keçmədən problemlər yarandı, yəni alt damağımda stomatit (irinli iltihablaşma) yarandı və buna görə həmin həkim 3 ədəd dişimin sinirlərini çıxartdı. Son 3 il ərzində dişlərimdə problemlər davam etdi. Gah qapaqlar qopub düşürdü və yenidən yapışdırırdı, gah da damağımda qanama olurdu. Son olaraq 2017-ci ilin dekabr ayında üst 2 ədəd dişimin qaralması ilə bağlı ona müraciət etdim. Baxıb dedi ki, üst 8 ədəd dişi yenidən dəyişək. Dəyişdik. Qış aylarına təsadüf etdiyinə görə ağzımı açıb danışa bilmirdim. Çünki soyuğu hiss edirdim. Buna səbəb kimi dişlərimdə Ca (kalsium) çatışmamazlığını göstərdi və mənə 2 qutu kalsium içməyi məsləhət bildi. İçdim, lakin problem həll olunmadı. Yenidən Cavid Qurbanova müraciət etdim. Dedi ki, gəl keyləşdirici iynə vurub, qopanları yenidən yapışdıraq. Dişim keyləşənədək soruşdum ki, niyə mən bu qədər ağrı çəkdim, niyə belə alındı, cavabı belə oldu : "Bu sənin qismətindi” . 

 

Dediyini elədi. Bundan sonra soyuğa həssaslıq 6 ədəd dişimdə həqiqətən itdi. Son 2 dişdə bu prosesi 3-4 dəfə təkrarlamasına baxmayaraq həssaslıq keçmədi. Buna görə mübahisəmiz düşdü. Mən ona dedim ki, siz ya bilə- bilə məni get gələ salırsınız, ya da artıq diş düzəltməyi bacarmırsınız. Elədirsə,  deyin gedim başqa həkimə. Dedi hara istəyirsən get! Yaxşı ki, getdim. Azı 10 nəfər "vinir”lə işləyən həkimin yanında oldum. Dişlərimi rentgen etdirdim. Rentgenə və dişlərimə baxaraq həkimlər eyni diaqnozu qoydu.

 

Diaqnoz: dişlərin boyunlarında diş daşları və ərpləri yığışdığı üçün yerli gingivit yaranmışdır. Səbəb kimi lamina vinirlərin düzgün hazırlanmamasıdır. Müalicə: diş daşları təmizlənməli, küretaj (keyitmə ilə diş ətinin dərindən təmizlənməsi) olunmalıdır. Sonrakı prosesdə vinirlər mütləq dəyişdirilməlidir!


Cavid Qurbanovun sinirini çıxartdığı 3 ədəd dişimin yanındakı dişdə kista əmələ gəldiyi rentgendə göründü. 


8 ədəd dişlərimin yenidən dəyişən zaman Cavid həkimin son texnologiya dediyi 3D rentgen aparatında da çəkdiyi zaman bu prosesi görüb-görməməyi də mənə maraqlı olduğundan ondan həmin rentgeni (səbəbini bildirmədən) aldım. Məlum oldu ki, kista həmin vaxt da var imiş  və o bunu bilirdi. Həkimlər bunun dişin yonulması zamanı alınmış travmadan əmələ gəldiyini dedilər. Həmin dişi müalicə etdim.


Zənglərimə cavab vermədiyinə Cavid Qurbanova qoyduğu dişlərə görə yaranan problemləri "Whatsapp”da yazdım. O, bunu oxuyaraq məni qara siyahıya atdı. 


Hazırda dişlərimin probleminin professional həkim tərəfindən həll olunması üçün 16 970 AZN tələb olunur. 


Cavid Qurbanov barədə aiddiyatlı orqanlara müraciətlər etmişəm. O heç kimə cavab vermir, giya vəkili bu işlə məşğuldur. Pasiyent olaraq səhhətim zərər gördüyündən başma gətirilənləri paylaşıb, digər pasiyentləri də məlumatlandırmaq istəyirəm ki, belə dırnaqarası həkimlərin üzündən maddi, mənəvi və fiziki zərərə düşməsinlər”.

 


 


Medicina.az-ın əməkdaşı Cavid Qurbanovla əlaqə saxlayıb, məsələ ilə bağlı açıqlama almağa çalışsa da o özü məlumat verməkdən yayınaraq, vəkili ilə əlaqə saxlamalı olduğumuzu bildirdi. Vəkilinin nömrəsini istədikdə "bir azdan sizə zəng edib bildirəcəyəm" desə də, sonradan ondan xəbər çıxmadı. Həkim daha sonrakı zənglərimizi də götürmədi. 


Xatirladaq ki, sosial şəbəkələrdə bir neçə pasiyent də bu həkimdən narazılığını qeyd etmişdi.

 – Həkim “bu sənin qismətindir” deyib pasiyenti blok etdi 6000 manatlıq diş qoydurdu, 17 min ziyana düşdü
 – Həkim “bu sənin qismətindir” deyib pasiyenti blok etdi 6000 manatlıq diş qoydurdu, 17 min ziyana düşdü